Xəbərlər
FotoVideo
Akademik Akif Əlizadə AMEA-nın gənc alimləri ilə görüşüb
Fev 05, 2019 | 11:30 / Görüşlər
Oxunub 6580 dəfə

Fevralın 4-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alimləri, doktorant və magistrantları ilə görüşüb.

Mərkəzi Elmi Kitabxanada baş tutan görüşdə, həmçinin Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa SadıqovBeynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov iştirak ediblər.

Tədbirdə akademik Akif Əlizadə AMEA-da gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, magistrantların və doktorantların elmi fəaliyyətlərinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu istiqamətdə Rəyasət Heyəti tərəfindən bir sıra qərarlar qəbul olunub, sərəncamlar imzalanıb, onların həvəsləndirilməsi üçün müsabiqələr keçirilib. Akademik islahatların öz bəhrəsini verdiyini, artıq gənc alimlərin AMEA-nın elmi-ictimai fəaliyyətində aktiv iştirak etdiyini və mühüm elmi nəticələr göstərdiklərini söyləyib.

Akademiyada elm və təhsilin inteqrasiyası istiqamətində də mühüm islahatların həyata keçirildiyini deyən A.Əlizadə bildirib ki, bununla əlaqədar olaraq AMEA-da magistratura təhsili yaradılıb, "SABAH" qruplarının tələbələri AMEA-nın elmi müəssisələrində təcrübə işlərinə cəlb olunublar. AMEA prezidenti elmlə təhsilin inteqrasiyası çərçivəsində GAMŞ-la respublikanın ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasının və elmi yeniliklərə dair fikir mübadiləsinin aparılmasının önəminə də toxunub.

Bu gün dünyada elmin sürətlə inkişaf etdiyini deyən akademik AMEA-da növbəti illərdə müasir dövrün tələblərinə cavab verən "Proqram mühəndisliyi", "İnformasiya təhlükəsizliyi", "Kvant texnologiyası", "Rəqəmsal iqtisadiyyat", "Geo-informatika", "Riazi-kimya", "Etno-botanika" və digər ixtisasların tədris olunacağını söyləyib.

O, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması işlərinin bundan sonra da davam etdiriləcəyini deyib, gənclərin yeni texnologiyalardan istifadə etməsinin və xarici dilləri öyrənməsinin zəruriliyini vurğulayıb.

AMEA prezidenti daha sonra gənclərin suallarını cavablandırıb.

Görüşdə, həmçinin Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva, 2019-cu il elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülən Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gəncləri Günü münasibətilə təltif olunan İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elmi işçisi Günay İsgəndərli və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) elmi işçisi Səmra Mirzəyeva çıxış edərək AMEA-da gənc alimlərin elmi-ictimai fəaliyyət göstərmələri üçün yüksək şəraitin yaradıldığını bildirib, tədqiqatlarını bundan sonra da davam etdirəcəklərini söyləyiblər.

Sonra elmi fəaliyyətdə fərqləndiklərinə görə, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov, İTİ-nin elmi işçisi Günay İsgəndərli, Radiasiya Problemləri İnstitutunun doktorantı Hacı Vahid Axundzadə, Neft-Kimya Problemləri İnstitutunun böyük elmi işçisi Səbinə Heydərova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük laborantı, kimya üzrə fəlsəfə doktoru Sara Cəbiyeva, Coğrafiya İnstitutunun kiçik elmi işçisi Turanə Hüseynova, Respublika Seysmoloji Xidmət Mərkəzinin kiçik elmi işçisi Nərminə İsmayılova, MBBİ-nin kiçik elmi işçiləri - Elnarə Sadıqova, Səidə Zülfüqarova və Zoologiya İnstitutunun kiçik elmi işçisi Nərmin Beydizadə AMEA-nın Fəxri fərmanı ilə təltif olunublar.

science.gov.az

JURNALLAR
Faydalı linklər