Direktor

 

 

    

   Akademik Dilqəm  Bəbir oğlu Tağıyev, 

   akademik M.Nağiyev adına

   Kataliz və Qeyri-üzvi Kimya

   İnstitutunun direktoru,

   AMEA-nın vitse-prezidenti

 

Dilqəm Bəbir oğlu Tağıyev 1950-ci il 6 yanvarda həkim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakultəsinin əyani şöbəsinə qəbul olunmuşdur. Hələ tələbəlik illərindən elmi tədqiqatlara böyük maraq göstərmiş və 1969-cu ildə ilk elmi işini çap etdirmişdir. Tartu, Minsk, Tbilisi və Novosibirsk şəhərlərində keçirilən tələbə və aspirantların konfranslarında elmi məruzələrlə çıxış etmiş, birinci və üçüncü dərəcəli diplomlara, fəxri fərmanlara layiq ğörülmüşdür. Dərs əlaçısı olmaqla bərabər eyni zamanda ictimai işlərdə də fəal iştirak etmiş, 1968–1970-ci illərdə Universitet Tələbə Elmi Cəmiyyətinin sədri, Universitet komsomol komitəsinin büro üzvü və Bakı şəhəri komsomol komitəsinin üzvü seçilmiş, Azərbaycan komsomolunun XXVII qurultayının nümayəndəsi olmuşdur. 

Dilqəm Tağıyev 1971-ci ildə Moskvada SSRİ EA Üzvi Kimya İnstitutunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü görkəmli kimyaçı akademik H.M.Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmış və 7 yanvar 1975-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun seolit katalizi sahəsində apardığı prioritet xarakterli tədqiqatlar nüfuzlu alimlər tərəfindən yüksək qiymətləndirilmişdir.  

1974–1984-cü illərdə  Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda  (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu)  mühəndis, kiçik və böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. Seolit  və silikat katalizatorları üzərində müxtəlif sinif karbohidrogenlərin katalitik pirolizi, oksidləşməsi, oksidləşdirici dehidrogenləşdirilməsi və hidrogenləşməsi sahəsində tədqiqatlar aparmışdır. Bu tədqiqatların nəticələrinə görə 1983-cü ildə kimya və kimya texnologiyası sahəsində SSRİ-nin nüfuzlu mükafatlarından olan Ümumittifaq  Lenin Komsomolu  Mükafatına  layiq dörülmüşdür.

Dilqəm Tağıyev 1984-cü ildə Moskvada, SSRİ EA Üzvi Kimya İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyasını müdafiə etmişdir. Sonra Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda 1985-ci ildə “Kompleks birləşmələr” qrupunun rəhbəri, laboratoriya müdiri,  1986–1991-ci illərdə elmi işlər üzrə direktor müavini işləmişdir, 1989–1991-ci illərdə “Seolit” Sahələrarası Elmi Texniki Kompleksin baş direktoru  təyin edilmişdir. 1990-cı ildə professor elmi adını almışdır.

Dilqəm Tağıyev 1991-ci ildə Azərbaycan Tibb Universitetinin Ümumi kimya kafedrasının professoru seçilmiş, 1993–1995-ci illərdə əczaçılıq fakültəsinin dekanı olmuş, 1995-ci ildə isə Biofiziki və bioüzvi kimya kafedrasının müdiri seçilmişdir. Pedaqoji fəaliyyəti elmi axtarışlarla daim əlaqələndirən Dilqəm Tağıyev 1999-cu ildən  Azərbaycan MEA Neft Kimya Prosesləri İnstitutunun rəhbərliyinin dəvəti ilə “Heterogen kataliz”  laboratoriyasına  rəhbərlik  etmişdir.

Dilqəm Tağıyevin elmi fəaliyyəti əsasən müxtəlif sinif karbohidrogenlərin və onların törəmələrinin hidrogenləşmə, oksidləşmə, izomerləşmə, alkilləşmə, oksidehidrogenləşmə, oliqomerləşmə və digər reaksiyaları üçün heterogen və homogen katalizatorların işlənib hazırlanmasına və təsir mexanizminin öyrənilməsinə,  bioloji fəal metal-komplekslərin sintezinə və tədqiqinə, bəzi fiziki-kimyəvi proseslərin öyrənilməsinə və modelləşdirilməsinə həsr olunmuşdur.

İlk dəfə olaraq tərkibində keçid elementləri olmayan seolitlərin – oksidləşmə-reduksiya tipli reaksiyalar üçün qeyri-ənənəvi olan katalizatorların,  olefinlərin hidrogenləşmə, hidroizomerləşmə və müxtəlif karbohidrogenlərin oksidehidrogenləşmə reaksiyalarında yüksək aktivliyini müəyyən etmiş; alkil naften karbohidrogenlərinin əvvəllər məlum olmayan çevrilmələrının seolit katalizatorları üzərində mümkünlüyünü aşkara çıxararaq onlara oksidehidrodisproporsionallaşma və oksidehidroizomerləşmə  reaksiyaları adı vermişdir. Müxtəlif reaksiyaların mikroməsaməli katalizatorlarda kinetikasının öyrənilmə prosesində mühüm amil olan diffuziya əmsalının termodesorbsiya ölcmələri əsasında hesablanması  üçün yeni ekspres-metod təklif etmişdir.

Seolitə bənzər kristallik quruluşa malik olan dəmir, qallium və zink fosfatların hidrotermal sintezini həyata keçirmiş, onların quruluş xüsusiyyətlərini və metanolun konversiyasında yüksək katalitik aktivliyini müəyyən etmişdir. İlk dəfə olaraq suyun fotoeletrokimyəvi parçalanmasında seolitlərdən elektrod materialının effektliliyini kəskin yüksəldən əlavə kimi istifadənin mümkünlüyünü göstərmişdir. Yüksək oktan ədəli benzin komponentləri almaq üçün birbaşa qovulmuş  benzinlərin aşağı temperaturlu izomerləşmə-disproporsionallaşma reaksiyaları və normal parafinlərin metanol ilə birgə konversiyası üçün tərkibində qiymətli metallar saxlamayan  sirkonium-seolit tipli yeni katalitik sistemlər yaratmış və onların təsir mexanizmini  öyrənmişdir. Metanın benzola oksidləşdirici dehidrotsikləşməsi və aşağı molekullu digər parafinlərdən  aromatik karbohidrogenləri almaq üçün yeni katalizatorlar işləyib hazırlamış və aktiv mərkəzlərin təbiətitini müxtəlif üsullarla tədqiq etmişdir.

C2–C8 olefinlərin yumşaq şəraitdə dimerləşmə və oliqomerləşmə reaksiyaları üçün yeni metal kompleks və heteropoliturşu katalizatorları sintez etmiş, nikel komplekslərinin bərk daşıyıcı üzərində immobilizasiyası üçün yeni üsul işləyib hazırlamışdır. Nikel tiopirazolaldiminat komplekslərinin katalitik aktivliyi ilə stereokimyəvi sərtliyi arasında əlaqənin mövcudluğunu ilk dəfə aşkar etmişdir. Müxtəlif dərman maddələrinin (doksorubisin, tripsin, doksisklin, tiroksin və s.) təsir müddətini artırmaq və toksiki təsirini azaltmaq məqsədilə onların immobilizasiyası üçün tərkibinə nanoölçülü gümüş hissəcikləri daxil edilən  müxtəlif  nanogellər sintez etmiş və onların əsasında dərman maddələrinin ünvana çatdırılması və nəzarətli ayrılması üçün polimer daşıyıcılar işləyib hasırlamışdır.

Bir çox xarici dillərdə çap olunan və əsasən əcnəbi oxucular üçün nəzərdə tutulan  ”Наука в СССР” jurnalında (1985, №5) Dilqəm Tağıyevin elmi axtarışlarına ayrıca məqalə həsr olunmuşdur. SSRİ EA Rəyasət Heyətinin Yubiley iclasında (oktyabr, 1987) kataliz sahəsində mühüm nailiyyətlərdən biri kimi seolitlər üzərində oksidehidrogenləşmə reaksiyalarının tədqiqi sahəsində alınan nəticələr də qeyd olunmuşdur (Вестник АН СССР, 1987, №12). Bolqarıstanda keçirilən gənc ixtiraçıların dünya sərgisində D.Tağıyevin  təqdim etdiyi katalizator diplomla təltif edilmişdir (1985).     

Dilqəm Tağıyev 2007-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2010-cu ildə  Respublika Elmi Tədqiqatlarının Təşkili və Əlaqələndirmə Şurasının “Kataliz“ elmi istiqaməti üzrə Problem Şurasının sədri, 2013-cü ilin aprel ayında Azərbaycan MEA-nin Ümumi yıgıncagının qərarına əsasən Kimya Elmləri Bölməsinin akademik-katıbı və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 2014-cü ildə Kimya Elmləri Bölməsinin ümumi iclasında AMEA-nın həqiqi üzvü və Kataliz və Qeyri-üzvi Kimya İnstitunun direktoru, Respublika Elmi Tədqiqatlarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. 2017-ci ilin may ayında isə AMEA-nın ümumi yığıncağında AMEA-nın vitse-prezident seçilmişdir.

Dilqəm Tağıyev 750-dən çox elmi əsərin (onlardan 470-i xarici ölkələrdə – ABŞ, Kanada, Meksika, İspaniya, Fransa, Belçika, Hollandiya, İngiltərə, Şotlandiya, İsveç, Finlyandiya, Almaniya, Avstriya, İtaliya, Çin, Çexiya, Macarıstan, Polşa, Boiqarıstan, Yaponiya, Cənubi Koreya, və s. çap edilmişdir),  o cümlədən, 60 ixtiranın  (patent və müəlliflik şəhadətnaməsinin), 21 monoqrafiya, kitab və dərsliyin, 16 tədris-metodik vəsaitin müəllifi, 2 kitabın baş elmi redaktoru, 6 kitab və toplunun redaktorudur. Onun 230-dan çox elmi məqaləsi impakt faktorlu elmi jurnallarda və toplularda çap olunmuşdur (o cümlədən, 125-i Veb of Science bazasına daxil olan).

Dilqəm Tağiyev bir çox xarici ölkələrdə keçirilən nüfuzlu elmi yığıncaqlarda Azərbaycan elminin təmsilçisi olmuşdur. Rusiyada (1974–2016), Bolqarıstanda (1979, 1983, 1991), Çexiyada (1982, 2005), Almaniyada (1980, 1990, 2018), Fransada (2001, 2004, 2017), İsveçdə (2002), Şotlandiyada (2003), Avstriyada (2003), İsveçrədə (2004),  İspaniyada (2002, 2006,  2015, 2016), İtaliyada (2016, 2017, 2018), Sloveniyada (2019) və Türkiyədə (2019) keçirilən  Beynəlxalq konqres, simpozium və konfranslarda məruzə etmişdir.  2017-ci ildə UNESCO-nun Parisdə keçirilən 39-cu Baş Konfransında Azərbaycanın dəqiq, ictimai və humanitar elmlər üzrə komissiyasının nümayəndəsi kimi Azərbaycan ərazisində geoparkların təşkili məsələlərinin müzakirəsində  iştirak etmişdir.

Fransanın Lion  Kataliz və Ekoloji Tədqiqatlar İnstitutunun və Norveçin SİNTEF Fondunun təklifi və dəvəti ilə Dilqəm Tağıyev Beynəlxalq qrupun tərkibində 2019–2022-ci illər üçün Avropa Birliyinin Horizon 2020 Beynəlxalq Qrant müsabiqəsinin qalibi olmüşdur.

Dilqəm Tağıyev  SSRİ EA Kataliz üzrə Şurasının üzvü (1989), Nyu-York Elmlər Akademiyasının (1994), Beynəlxalq Seolit Assosiasiyasının (2001), Amerika Kimya Cəmiyyətinin (2003), Rusiya Təbiətşunaslıq Akademiyasının (2013) və Beynəlxalq Perspektiv Materiallar Assosiasiyasının üzvü (2018)  seçilmişdir.

Hal-hazırda Dilqəm Tağıyev Azərbaycan MEA-nın vitse-prezidenti, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvu Kimya İnstitutunun direktoru, Azərbaycan Kimya jurnalının baş redaktoru, “Azərbaycan MEA-nın Məruzələri”, ”Azərbaycan MEA-nın Xəbərləri” jurnallarının, “ELM” qazetinin redaksiya şurasının, Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının, Azərbaycan Respublikası Narkomanlıga və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının, AMEA Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının üzvü, AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış "Yalançı elmə qarşı mübarizə Komissiyası"nın sədridir.

 

JURNALLAR
Faydalı linklər