Xəbərlər
Foto
Akademik Dilqəm Tağıyev: İnstitut üçün 2018-ci il uğurlu illərdən biri olub
Dek 13, 2018 | 16:52 / Konfranslar, iclaslar
Oxunub 549 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2018-ci ilin yekünlarına dair Elmi Şuranın  iclası keçirilmişdir. İclası  institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, 2018-ci il institutun həyatında uğurlu illərdən biri kimi qalacaq. Belə ki, cari ildə keçən illə müqayisədə institutun həyatında bütün sahələrdə nəzərəçarpacaq dərəcədə irəliləyiş olmuşdur. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq  9 mühüm elmi nəticə  AMEA Kimya Elmləri Bölməsinə təqdim olunmuşdur. Eləcə də , institut tərəfindən 4 iş tətbiqə tövsiyyə olunmuşdur.

İl ərzində institut əməkdaşlarının  196 elmi məqaləsi və 4 kitabı nəşr olunmuşdur. Məqalələrdən 121- i xaricdə, onlardanda 80- i  web of science və scopus beynəlxalq bazalarda indeksləşən Applied Catalysis A, Journal of Alloys and Compounds, Physica status solidi, (RRL) - Rapid Research Letters, Nanotechnology, Journal of Solid State Electrochemistry, Inorganica Chimica Acta, Journal of Thermal Analysis and Calorimetry, Polyhedron, Journal of Molecular Structure, Journal of biochemistry and molecular toxicology, Acta Chimica Slovenica, Materials Research-Ibero-american Journal of Materials, Chemie Ingenieur Technik, Physics of the Solid State, Crystallography Reports, Semiconductors, Russian Journal of Inorganic Chemistry və s. jurnallarda çap edilmişdir.  Cari ildə institut əməkdaşları 15 ixtiraya dair iddia ərizəsi ilə Əqli Mülkiyyət Agentliyinə müraciət etmiş və 5  Azərbaycan Respublika­sının patentini  almışlar.

Akademik öz çıxışında “Web of Science®” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycanın son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşdığını və 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnalın “Web of Science®” bazasında indeksləşdirildiyi halda, 2017-ci ildə bu göstəricinın 7-yə çatdığını və bunların sırasına “Kimya Problemləri” jurnalının da daxil edildiyini bildirdi. Sonra, akademik Azərbaycanda çıxan 4 elmi jurnala, o cümlədən “Kimya Problemləri” jurnalına “Clarivate Analytics” tərəfindən sertifikatlar təqdim olunduğunu dinləyicilərin nəzərinə çatdırdı.

Akademik qeyd etdi ki, bu il qrant layihələrində iştirak istiqamətində də uğurlu olmuşdur. Belə ki, cari ildə ümumilikdə institut əməkdaşları müxtəlif kateqoriyalar üzrə qrant müsabiqələrində iştirak etmiş və 19 layihə üzrə qalib olmuş, 2 layihə isə müsabiqədə iştirak üçün təqdim olunmuşdur. Qalib layihələrdən dördü - bunlardan 3-ü Elmin İnkişafı Fondunun (1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi, 2-ci Azərbaycan-Belarus birgə qrant müsabiqəsi) digəri isə, Azərbaycan Milli Elmlər Akademiyasının “Beynəlxalq Elmi Əməkdaşlıq” Müştərək Elmi Tədqiqat müsabiqəsinin qalibi olmaqla beynəlxalq qrant layihələrinə aiddir.

Akademik qeyd etdi ki, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində cari ildə xeyli işlər görülmüş, bir sıra görüşlər keçirilmiş, birgə seminarlar təşkil olunmuş, institut əməkdaşları beynəlxalq konfranslarda iştirak etmiş və xarici elmi mərkəzlərdə təcrübə keçmişlər.Cari ildə  Monqolustan Elmlər Akademiyasının prezidenti akademik Duger Reqdel, Macarıstan Milli Saglamlıq İnstitutunun bölmə rəhbəri, professor Geza Safrani, İngiltərə Haddersfild Universitetinin professoru Bladimir Mixayloviç Viş­nyakov və Türkiyənin “Vestel” Müdafiə Sənayesi şirkətində araşdırmaçı professor Sadiq Quliyev instituta dəvət olunmuş, onların iştirakı ilə seminarlar təşkil olunmuş və qarşılıqlı elmi əlaqalərin inkişaf etdirilməsi istiqamətində razılıq əldə olunmuşdur.

Cari ildə  AMEA və İtaliyanın müvafiq elmi müəssisələri arasında kimya sahə­sində əlaqələrin gücləndirilməsi baxımından önəmli olan “Kimyanın davamlı inkişafda rolu” mövzusunda Azərbaycan İtaliya Beynəlxalq elmi seminarı  keçirilmişdir. Tədbir AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsiM.Nağıyev adına Ka­ta­liz və Qeyri-üzvi Kimya İnstitutu (KQKİ) və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilat­çılığı ilə baş tutmuşdur. 

İnstitut 2018-ci il ərzində Almaniya, Fransa, İs­paniya, İtaliya, İsveç, Hollandiya, Macarıstan, İsveçrə, Türkiyə, Rusiya və s. ölkə­lərin bir sıra elmi-tədqiqat müəssisələri və universitetləri ilə  elmi əməkdaşlığı davam etdirmişdir.

Yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində də, institutda mühüm işlər görülmüşdür.Hazırda institutda 17 nəfər doktoranturada, 13 nəfər isə magistraturada təhsil alır. İnstitutun  bir gənc tədqiqatçısı  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında “2018-2020-ci illər üzrə İş Proqramı”na əsaslanan “Stipendium  Hungaricum” təqaüd proqramının müsabiqəsində  iştirak etmiş  və  müsa­bi­qə­nin  qaliblərindən biri olaraq  4 il  müddətinə  Maca­rıstanın  Budapeşt  Texnologiya və  Ekonomika  Universitetinə  ezam  edilmişdir.

Akademik qeyd etdi ki, İnstitut əməkdaşları cari ildə bir sıra mükafat və diplomlar almışlar. Belə ki, Akademik Ə.Məcidov, AMEA-nın  müxbir üzvləri – E.Zeynalov və Ə.Nuriyev AMEA-nın  Kimya Elimləri Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişlər. Elmi işçi İlahı Mehdiyeva 2018-ci ildə elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomuna, 4 gənc isə (S.Səfə­rəliyeva, N.Abdurəhmanova,  E.Bəhrəmov, V.Kərimli) həvəslən­dirici müka­fa­­ta layiq görülmüşdür. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan ixtiraçılıq sahəsində nailiyyətlərə görə “İlin Patenti” nominasiyası üzrə V Respublika müsabiqəsində institutun təqdim etdiyi 1 patent 2-ci yerə, 1 patent isə həvəsləndirici müka­fa­ta layiq görülmüşdür.

Sonda Akademik  Dilqəm Tağıyev yekun olaraq bildirdi ki, ümumilikdə cari il ərzində institutda görülən elmi-tədqiqat işlərini qənaətbəxş hesab etmək olar. Akademik qeyd etdi ki,növbəti illərdə fundamental tədqiqatlarla yanaşı əsas güc innovativ xarakterli elmi-tədqiqat işlərinin aparılmasına yönəldilməlidir.  

JURNALLAR
Faydalı linklər