Mart 01, 2019 | 14:33 / Konfranslar, iclaslar
Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitütinin müəllim, magistr və tələbələri, eləcə də Z.Əliyeva adına Lisey, BDU-nun nəzdindəki Gənc İstedadlar Liseyi, Avropa Liseyi, 160 saylı Klassik Gimnaziya və Bakı şəhəri 192 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Konfransı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2019-cu il kimyəvi elementlərin Dövri cədvəli Beynəlxalq ili elan edilmişdir. Bu hadisə, rus alimi D.İ. Mendeleyev tərəfindən kimyəvi elementlərin Dövri qanununun kəşf olunmasının 150 illiyinə həsr edilib və dünyanın bir sıra ölkələrinin universitet və elmi mərkəzlərində bununla bağlı tədbirlər keçirilir. Sonra, akademik “Kimyəvi elementlərin Dövri sistemi təbiətin fundamental qanunu kimi” adlı məruzə ilə çıxış edib.
Akademik qeyd edib ki, Mendeleyevin Dövri qanununun kəşfi nəinki həmin dövrdə məlum olan elementlərin xüsusiyyətlərini sistemləşdirməyə, həm də hələ məlum olmayan elementlərin varlığını proqnozlaşdırmağa və xassələrini təsvir etməyə imkan verdi. Dövri qanunla müəyyən edilmiş konsepsiyaların nəzəri əsaslarının inkişafı və praktik tətbiqi bu gün də aktualdır. Qanun kimya proseslərini anlamaq və müasir kimyəvi texnologiyaların yaradılması üçün əsas verir. Kimyəvi elementlərin dövri sistemini nəzərə alaraq davamlı ərintilər və müəyyən xüsusiyyətləri olan maddələrin alınması, nüvə enerjisindən istifadə və s. məqsədi ilə işlər aparılır. Dövri qanun 20-ci əsrdə kimya və fizika sahəsində olunan bir sıra kəşflərin əsasında durur.
Daha sonra Bakı Dövlət Universitetinin Kimya Fakültəsinin dekanı professor Abdülsəid Əzizov “Dövri sistem kimyanın tədrisində” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının professoru Minirə Ağahüseynova “Dövri sistemin yeni elementlərin kəşfində əhəmiyyəti” məruzələri ilə çıxış ediblər.
Sonra AMEA-nın Kimya Elmləri Bölməsinin akademik katibi, akademik Vaqif Fərzəliyev, Baki Dövlət Universitetinin prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, 160 saylı klassik Gimnaziyanın kimya müəllimi Dilşad Kərimova, 192 saylı məktəbin kimya müəllimi Afət Neymətova məruzələr ətrafında çıxış etdilər.
Sonda tədbirdə iştirak edən şagirdlərin "Fiziki-kimyəvi analiz", “Molekulyar maqnetiklər və keçiricilər”, “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” və s. laboratoriyalara ekskursiyalar təşkil olundu və onlar üçün “Analitik kimya” laboratoriyasında bir sıra maraqlı təcrübələr əyani olaraq göstərildi.