Xəbərlər
Foto
Gənc Alim və Mütəxəssislər Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
İyn 20, 2016 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 3324 dəfə

Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti ümumi iclası keçirilib.

Tədbirdə şuranın sədri, dosent Famin Salmanov bildirib ki, Prezident İlham Əliyev “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının Azərbaycanda çoxəsrlik tarixə malik multikultural dəyərlərin qorunmasını və inkişafını daim diqqət mərkəzində saxladığını söyləyən F.Salmanov gənclərə multikulturalizm, plüralizm, tolerantlığın mahiyyəti, Azərbaycanın bu sahədə əldə etdiyi uğurlarla bağlı ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda baş verən bütün elmi-ictimai, siyası və sosial proseslərə qoşulan gənc alimlər ölkəmiz üçün mühüm tarixi-siyası strateji əhəmiyyət daşıyan bu məsələyə də həssas yanaşaraq elmi cəhətdən multikulturalizm ənənələrimizi araşdırırlar. Şura sədri yaxın günlərdə bu istiqamətdə Fəlsəfə İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm” kitabının dünyanın nüfuzlu “Springer” beynəlxalq elmi nəşriyyatı tərəfindən çap olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

Sonra R.Rzayeva müəllifi olduğu kitab barədə məlumat verərək bildirib ki, ingilis dilində çapdan çıxan nəşr postmodernizm və onun sosial əlamətlərinin, şüurun transformasiyasının və inkişafının göstəricisi kimi postmodern vəziyyətin xülasəsindən ibarətdir. Monoqrafiya multikulturalizm, dialoqun mədəniyyəti və fəlsəfəsi, tolerantlıq, gender və cəmiyyətin bu kimi müasir problemlərinə fəlsəfi, sosioloji və mədəni yanaşmaları ehtiva edir. Nəşrdə multikulturalizmin formaları, o cümlədən plüral modernlər kimi multikulturalizm və qeyri-Qərb müasirliyi müzakirə olunur. 

Daha sonra R.Rzayeva tədbir iştirakçılarının suallarını cavablandırıb.

İclasda müzakirə olunan növbəti məsələ 2016-cı ilin noyabr ayında Gəncə şəhərində Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək “XXI əsrdə dünya elminin inteqrasiya proses­ləri” mövzusunda Beynəlxalq Fo­ruma hazırlıq olub. Tədbirin Elmi Təşkilat Komitəsinin elmi katibi, gənc müxtəxəssis Aysel Cəbrayılova Foruma müraciət edənlərin arasında AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin institutlarının gənclərinin çoxluq təşkil etdiyini bildirib. Qeyd edib ki, beynəlxalq tədbirdə Böyük Britaniya, İsveç, Latviya, Türkiyə, Belarus, Rusiya, Gürcüstan, Misir, İndoneziya və digər ölkələrin gənc alimləri də iştirak edəcəklər.

İclasda 21-22 noyabr 2016 -ci il tarixlərində Şərqşünaslıq İnstitutu və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda tədbirə hazırlıq məsələsi də müzakirə olunub. Bildirilib ki, tədbir I Türkoloji Qurultayının 90 illiyinə həsr olunacaq.

İclasda bir sıra cari məsələlərə də baxılıb.

www.science.gov.az

 

JURNALLAR
Faydalı linklər