Xəbərlər
AMEA-da alman və fransız dillərindən doktorluq imtahanı keçirilir
İyn 16, 2016 | 11:42 / Mühüm hadisələr
Oxunub 2038 dəfə

İyunun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında doktorant və dissertantlar üçün alman və fransız dillərindən doktorluq imtahanı keçirilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın elm və təhsil idarəsinin rəisi, professor Əminağa Sadıqov iki gün davam edəcək imtahanın tam obyektiv keçiriləcəyini söyləyib. Qeyd edilib ki, imtahan komissiyası peşəkar, təcrübəli və obyektiv pedaqoqlardan ibarətdir. Komissiya tam müstəqildir və onun işinə heç kimin müdaxiləsinə yol verilməyəcək. İmtahan xarici dildən doktorluq minimumu imtahanlarına qoyulmuş tələblərə ciddi riayət etməklə keçiriləcək. Nəticələr isə hər bir iştirakçının elektron ünvanına göndəriləcək.

İngilis dilindən və ixtisas fənlərindən imtahanların artıq başa çatdığını deyən Ə.Sadıqov iyunun 20-də və 22-də ümumi fəlsəfə fənnindən imtahanların keçiriləcəyini bildirib.

İdarə rəisi ingilis dili imtahanının akademik IELTS proqramı üzrə keçirildiyini və uğurlu nəticələrin əldə edildiyini söyləyib. Vurğulanıb ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə imtahan sessiyasının gedişinə nəzarət edir və imtahanların yüksək səviyyədə keçirilməsi üçün AMEA-nın müvafiq strukturlarına xüsusi tapşırıqlar verib.

Sonra komissiyanın üzvləri iştirakçıları imtahanın tələbləri ilə tanış edib və lazımi tövsiyələrini veriblər. Nəzərə çatdırılıb ki, ixtisasa aid mətnlərin tərcüməsinə və şifahi nitqin yoxlanılmasına xüsusi diqqət yetiriləcək.

AZƏRTAC

JURNALLAR
Faydalı linklər