Xəbərlər
FotoVideo
AMEA-da “Thomson Reuters” agentliyi tərəfindən maarifləndirici seminar keçirilib
Apr 27, 2017 | 12:58 / Konfranslar, iclaslar
Oxunub 2616 dəfə

Aprelin 27-də AMEA Rəyasət Heyəti Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Thomson Reuters” agentliyi tərəfindən ““Web of Science” məlumat platforması elmmetrik məlumat mənbəyi kimi” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarın keçirilməsində məqsəd AMEA-nın elmi müəssisələrinin alim və mütəxəssisləri üçün beynəlxalq “Web of Science” məlumat platformasının imkanları və əsas elementləri, onunla əlaqəli informasiya resursları, həmçinin müasir beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması qaydaları ilə tanışlıq idi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək Akademiya ilə “Thomson Reuters” təşkilatı arasında 2016-cı ilin oktyabrında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Akademik müqavilə çərçivəsində AMEA-nın elmi müəssisələri üçün “Web of Science” məlumat platformasından istifadə imkanının yaradıldığını bildirib. Bu günə qədər 14 seminarın keçirildiyini deyən İ.Quliyev təşkilatla əməkdaşlığın alim və mütəxəssislərin qlobal elmi bazaya çıxış təcrübəsi qazanmaq baxımından faydalı olduğunu vurğulayıb.

Sonra “Thomson Reuters”  agentliyinin MDB ölkələri üzrə nümayəndəsi Valentin Boqorov ““Web of Science” məlumat platforması elmmetrik məlumat mənbəyi kimi” mövzusunda təqdimatla çıxış edib. V.Boqorov platformada 18 min elmi jurnalın yer aldığını və onlardan 13 mininin impakt faktorlu olduğunu söyləyib.

Seminarda “Web of Science” saytında axtarış vasitələrindən səmərəli istifadə yolları əyani nümayiş etdirilib.

JURNALLAR
Faydalı linklər