Xəbərlər
Foto
ETN Akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi
Apr 18, 2024 | 10:13 / Konfranslar, iclaslar
Oxunub 1909 dəfə

17.04.2024-cü ildə akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. Gündəlikdə olan məsələlər aşağıdakılardır:

İnstitutda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant  və dissertantlar barəsində məlumat; 2024-cü il oktyabr ayında keçirələcək “Enerjınin toplanması və çevrılməsi üçün materiallar” mövzusunda VIII Beynəlxalq Simpoziuma hazırlıq; “Ekolojı kataliz” laboratoriyasının böyük elmi işçisi k.ü.f.d. Bilqeyis İsmayılovanın “Heterogen katalizatorların iştirakında efirləşmə reaksiyaları” adlı kitabın müzakirəsi; Yay sesiyası üzrə doktorluq minimum imtahanları üçün təqdim olunmuş əlavə proqramların təsdiqi; Müxtəlif məsələlər. 

İclası institutun baş direktoru akademik Dilqəm Tağıyev açaraq institutda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə təhsil alan doktorant və dissertantlar barəsində geniş məlumat verdi.  Akademik öz çıxışında qeyd etdi ki, 2012-2023-cü illər ərzində fəlsəfə doktoru hazırlığı üzrə institutun doktarant və dissertanturasına 102 nəfər qəbul olunmuşdur. Təhsil müddəti sona çatanlardan 38-i dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişlər. Elmlər doktoru hazırlığı üzrə həmin illərdə 42 nəfər qəbul olunmuş onlardan 8- i müdafiə etmişdir. Akademik doktorant və dissertantlar haqqında öz fikirlərini və arzularını iclas iştirakçılarının nəzərinə çatdırdı. Sonra növbəti məsələ üzrə çıxış etmək üçün sözü professor Akif Əliyevə verdi.

Konfransın təşkilat komitəsinin sədr müavini, laboratoriya müdiri professor Akif Əliyev 2024-cü il oktyabr ayında keçirələcək “Enerjınin toplanması və çevrılməsi üçün materiallar” mövzusunda VIII Beynəlxalq simpozium haqqında çıxış edərək bildirdi ki, 2000-ci illərdən bəri bir sıra ölkələr enerji tələbatını ödəmək üçün aydın şəkildə müəyyən edilmiş məqsədləri olan yol xəritələri hazırlamağa başladılar. Hazırlanmış yol xəritələrinə uyğun olaraq, bərpa olunan enerji mənbələrinə keçmək istəyi təkcə ekoloji cəhətdən deyil, həm də enerjinin maya dəyərini azaltmaqdan irəli gəlir. Bu proqramın bir hissəsi olaraq 2015-ci ildə Enerjinin Saxlaması və Çevrilməsi üçün Materiallar üzrə Beynəlxalq Simpozium (mESC-IS) keçirilməyə başlanmışdır. Simpozium Ankarada Orta Doğu Texnik Universitetində hidrogen və yanacaq elementi sahələrindən, həmçinin akkumulyator və superkondensatorların tədqiqi ilə məşğul olan mütəxəssisləri bir araya gətirdi. Nəticə etibarı ilə, bu simpoziumda plenar iclaslardan geniş istifadə olunmuş və bu ənənə bundan sonrakı illərdə də davam etdirilmişdir. Simpoziumun ilkin olaraq iki ildən bir keçirilməsi planlaşdırılırmışdır, lakin Kapadokyadakı toplantıda bu ənənə dəyişdirilmişdir. Simpozium indi hər il - tək illərdə Türkiyədə, cüt illərdə isə iştirakçı ölkələrdən birində keçirilir.

Enerjinin Saxlaması və Çevrilməsi üçün Materiallar üzrə Beynəlxalq Simpozium Seriyası (həmçinin Yay Məktəbləri) Beynəlxalq Təşkilat Komitəsinin ümumi rəhbərliyi altında təşkil olunur.

Professor Akif Əliyev qeyd etdi ki, 2015-ci ildən sonra 2-ci Beynəlxalq Simpoziumun toplantısı 26-28 sentyabr 2017-ci il tarixlərində Türkiyənin Kapadokya bölgəsində keçirilmişdir. Simpozium 23 plenar sessiya və paralel olaraq 79 şifahi təqdimatdan ibarət olmuşdur. Simpoziumun 3-cü Beynəlxalq toplantısı 10-12 sentyabr 2018-ci ildə Serbiyanın Belqrad şəhərində, 4-cü Beynəlxalq toplantısı 11-13 sentyabr 2019-cu ildə Türkiyənin Akyaka-Muğla bölgəsində keçirilmişdir. Simpozium 25 plenar iclas və 105 şifahi təqdimatdan ibarət olmuşdur.

2020-ci ildə dünyada baş verən məlum pandemiya səbəbindən simpoziumun keçirilməsi baş tutmamışdır.

Enerji Saxlama və Çevrilməsi Materialları üzrə 5-ci Beynəlxalq Simpozium 11-14 sentyabr 2021-ci ildə virtual (yəni onlayn) rejimdə keçirilmişdir. Beynəlxalq Simpoziumun 6-cı toplantısı 5-8 iyul 2022-ci il tarixlərində Xorvatiyada, 7-ci toplantısı isə 17-21 iyul 2023-cü il tarixlərində yenidən Türkiyənin Akyaka-Muğla bölgəsində baş tutmuşdur. Məhz, keçən il Muğlada keçirilən toplantıda simpoziumun 8-ci toplantısının Bakı şəhərində keçirilməsi təklif olunmuş və Beynəlxalq Təşkilat Komitəsi tərəfindən bu təklif qəbul edilmişdir. Ona görə də Bakıda keçiriləcək Enerjinin Saxlaması və Çevrilməsi üçün Materiallar üzrə Beynəlxalq Simpoziumun 8-ci toplantısı 7-10 oktyabr 2024 il tarixinə planlaşdırılmışdır. Əvvəlki illərdə olduğu kimi, bu il də, Simpoziumun diqqət mərkəzində üç əsas sahədə - batareyalar və superkapasitorlar; yanacaq/elektrolitik elementlər; enerjinin saxlanması və nəqli üçün hidrogen əldə edilmiş son nailiyyətlərin müzakirəsi nəzərdə tutulur. 

Sonra “Ekolojı kataliz” laboratoriyasının böyük elmi işçisi k.ü.f.d. Bilqeyis İsmayılovanın təqdim etdiyi “Heterogen katalizatorların iştirakında efirləşmə reaksiyaları” adlı kitabı müzakirə edildi və nəşr edilməsi haqqında qərar qəbul olundu. 

İclasda, həmçinin yay sesiyası üzrə doktorluq minimum imtahanları üçün doktorant və dissertantların rəhbərləri tərəfindən tərtib olunmuş əlavə proqramlar təstiq olundu. 

Sonda Şura üzvləri müsabiqədə iştirak edən əməkdaşların çıxışlarını dinləyib, onların iddia etdikləri vəzifələrə təsdiq olunmaları haqqında qərar qəbul etdilər.

JURNALLAR
Faydalı linklər