Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası” nın üzvləri “Quba Memorial Kompleksi”ni ziyarət etmişlər
Apr 01, 2024 | 14:23 / Konfranslar, iclaslar
Oxunub 1142 dəfə

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib. Həmçinin ermənilərin törətdiyi soyqırım təkcə 31 mart 1918-ci ildə baş verməyib. Bu xalqın düşmənləri 1905-1906 və ondan öncəki illərdə də dəfələrlə azərbaycanlılara qarşı belə soyqırımlar törədiblər.

Uzun illər Sovet dövləti “xalqlar dostluğu” ideologiyasını təbliğ etdiyi üçün bu hadisəni ört-basdır etməyə çalışıb və yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq 1918-ci ilin qırğınlarına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Lakin heç nə cavabsız qalmır. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın 30 il davam edən işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə inşa edilmiş Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 1918-ci il azərbaycanlıların soyqırımı tarixinə həsr edilmiş və erməni vandalizmi özündə əks etdirən yeganə ideoloji mərkəz olaraq, hər il 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş respublika səviyyəli tədbir təşkil etmişdir. Soyqırımı hadisələrinin 106-cı ildönümü ilə əlaqədar İnstitutumuzun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri “Quba Memorial Kompleks”ini ziyarət etmişlər. Ziyarət zamanı öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra abidə üzərinə gül dəstələri qoyulmuşdur. Daha sonra gənclərimiz “Quba Memorial Kompleks” muzeyində sərgilənən tarixi faktları əks etdirən sübutlar, dəlilər, fotoşəkillər, eksponantlarla tanış olmuş, muzeyin əməkdaşları ilə öz təəssüratlarını bölüşmüşlər.

Ziyarətin sonunda AMEA-nın və İnstitutumuzun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev muzeyin guşəsində olan xatirə dəftərində öz təəssüratlarını bölüşmüş, xalqımızın başına gələn bu dəhşətli faciənin qurbanlarını unutmamağı, onların xatirəsinin daim əziz tutulacağını qeyd etmişdir.

 

JURNALLAR
Faydalı linklər