Xəbərlər
AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub
Mart 28, 2024 | 10:17 / Konfranslar, iclaslar
Oxunub 1045 dəfə

Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda təntənəli tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Xalq rəssamı akademik Ömər Eldarov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev, millət vəkilləri Fazil Mustafa, Ülviyyə Həmzəyeva, AR Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, AMEA Rəyasət Heyətinin üzvləri, həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları və respublika elmi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə ilk dəfə təşkil olunmuş Xalq rəssamı akademik Ömər Eldarovun fərdi heykəltəraşlıq sərgisinə, elmi ictimaiyyətə ilk dəfə təqdim olunan AMEA loqosunun eskizləri sərgisinə, eləcə də AMEA Arxeologiya və Antropologiya İnstitutunun sərgisinə baxış olub.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Elm Günü və Günün elmi: Humanitar tədqiqatlar və süni intellekt” mövzusunda giriş nitqi dinlənilib. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bu əlamətdar günün ölkəmizdə geniş qeyd olunduğunu söyləyib. 

Sonra ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatlar təqdim olunub.

Təltif olunanların arasında institutumuzun akademikləri Dilqəm Tağıyev, Əjdər Məcidov və Ağadadaş Əliyevdə vardır. Bütün institutun kollektivi adından akademiklərimizi səmimi qəlbdən təbrik edirik.

Daha sonra Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Döş nişanı və Fəxri fərmanları şuranın sədri Eldar Quliyev tərəfindən elm xadimlərinə təqdim edilib.

Təltiflərdən sonra millət vəkili Eldar Quliyev elmi ictimaiyyəti təbrik edib, alimlərə yeni-yeni nailiyyətlər arzulayıb. 

Daha sonra elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın Fəxri fərmanları təqdim olunub.

Sonda Azərbaycan Milli Elmlər Akademiyasının Marşı səsləndirilərək tədbirə yekun vurulub.

JURNALLAR
Faydalı linklər