Xəbərlər
İnanırıq ki, qarşıdakı illər ərzində elm və təhsil sahəsində yeni nailiyyətlər əldə ediləcək.
Fev 13, 2024 | 10:38 /
Oxunub 1104 dəfə

Fevralın 7-də baş tutan növbədənkənar prezident seçkiləri ölkənin bütün ərazisində keçirilən ilk seçki kimi Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Sözün əsl mənasında, builki seçkilər Azərbaycanın Zəfər seçkiləri idi. İlk dəfə olaraq prezident seçkiləri Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova söyləyib. O bildirib ki, ötən 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpa olunması ilə nəticələnən Vətən müharibəsi zamanı qazandığımız tarixi şanlı Qələbəmiz dayanır. Azərbaycanın tarixinə Zəfər salnaməsi kimi yazılan 44 günlük müharibə xalqımızın 30 illik həsrətini sona çatdırdı, qəhrəmanlıq tarixinə çevrildi. Həmçinin 2023-cü il sentyabrın 19-da dövlətimizin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Bu, eyni zamanda, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, müdrik qərarlarının məntiqi nəticəsi olmaqla yanaşı, öz lideri ətrafında dəmir yumruq kimi birləşmiş xalqımızın gücünün və qələbə əzminin nümayişi idi.

Elm Fondunun icraçı direktoru deyib: “Bu tarixi gündə həm də Ulu Öndərimiz Heydər Əliyevi xatırlayıram. Ulu Öndərin uzaqgörənliklə söylədiyi fikirlər bu gün artıq reallığa çevrilib: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır”. Bu gün əlbəttə Ulu Öndərin də ruhu şaddır”.

Mehriban İmanova bildirib ki, Prezident İlham Əliyevin “Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir” fikri ölkəmizdə elmin inkişafına göstərdiyi diqqət və qayğını bir daha sübut edir. Hər kəsə məlumdur ki, son zamanlar Azərbaycan alimlərinin beynəlxalq aləmə inteqrasiyası istiqamətində mühüm nailiyyətlər əldə olunub, gənclərin elmə diqqəti artıb, elm ölkəmizdə yüksək səviyyədə inkişaf və populyarlıq qazanıb. Dövlətimizin başçısının Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də ölkəmiz üçün çox əlamətdar hadisədir. Eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi dövlətimizin məqsədyönlü siyasətinə olan inamdan irəli gəlir, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini bir daha sübut edir.

“İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dövlət quruculuğu təşəbbüslərində, o cümlədən elm və təhsil sahəsində yeni nailiyyətlər əldə edəcək. Qarşıdakı illər ərzində ölkəmiz daha sürətlə inkişaf edəcək və çiçəklənəcək”,- deyə Mehriban İmanova əminliyini bildirib.

JURNALLAR
Faydalı linklər