Xəbərlər
“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət 43-ə yüksəlib.
Yan 25, 2024 | 11:23 / Maraqlı məlumatlar
Oxunub 1735 dəfə

“Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 42-dən 43-ə yüksəlib.

 AMEA-nın Rəyasət Heyəti Aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.

“Səkkiz ildən çoxdur ölkəmizdə “Vikipediya”nın inkişafı istiqamətində çalışan bir şəxs kimi deyə bilərəm ki, uğurlu göstərici məni çox sevindirir. Bir zamanlar göstərici çox aşağı idi. Şübhəsiz ki, bu uğurlu göstəricinin arxasında Azərbaycan “Vikipediya” icmasının birgə zəhməti və fədakarlığı dayanır. Hər bir könüllü, idarəçi zəngin platformada öz töhfəsini verməyə çalışır. Bu gün “Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyətli, məzmunlu, istinadlarla zəngin məqalələr yaradılır və zənginləşdirilir. Düzdür, mən də “Vikipediya”da məqalələrin silinməsinin tərəfdarı deyiləm və daha çox mübahisə yaradan məqalələrin etibarlı istinadlarla zənginləşdirilməsini dəstəkləyirəm. Ancaq buna baxmayaraq, ortada real nəticə var. Hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində inkişafı müşahidə edirik. Bu inkişaf isə doğma dilimizdə məlumat bazasının zənginləşməsinə xidmət edir. “Vikipediya” ciddi platformadır. Orada fəal olmağımız milli maraqlar nöqteyi-nəzərindən də vacibdir”, - deyə Elnur Eltürk qeyd edib.

O, ötən ilin dekabr ayı ərzində “Vikipediya”nın Azərbaycan dilində olan səhifələrinə 37 milyon dəfə baxış olduğunu bildirib: “Son bir il ərzində isə bu rəqəm 358 milyondur. Bu statistika bizi daha yaxşı çalışmağa, uğurlu nəticələr əldə etməyə sövq edir”.

Qeyd edək ki, bir neçə ildir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Son bir ildə isə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri təşkil edilir. Könüllü qruplar “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin yaradılmasına və zənginləşdirilməsinə öz töhfələrini verirlər.

JURNALLAR
Faydalı linklər