Xəbərlər
Foto
AMEA-nın Kimya Elmləri Bölməsi 2023-cü il üzrə fəaliyyətinə dair hesabat verib.
Yan 18, 2024 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 1988 dəfə

AMEA Rəyasət Heyətinin Kimya Elmləri Bölməsinin (KEB) 2023-cü il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin Ümumi yığıncağının üzvləri, bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, elmi şöbə və laboratoriyaların rəhbərləri, ictimaiyyətlə əlaqələr, təhsil, beynəlxalq əlaqələr və digər şöbələrin müdirləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə bölmənin əhatə etdiyi elmi müəssisələrdə 2023-cü il üzrə əldə olunan nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından sonra Azərbaycan elminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli bu gün AMEA-da dövlət başçısının çağırışlarına və müasir dünya elminin prioritet istiqamətlərinə uyğun tədqiqatların aparıldığını bildirib.

Bu il bölmələrin hesabatlarının fərqli formatda və daha böyük auditoriyada geniş ictimaiyyətə təqdim olunduğunu vurğulayan akademik İsa Həbibbəyli müzakirələr zamanı səsləndirilən təkliflərin elmimizin inkişafına öz töhfəsini verdiyini və onun populyarlaşdırılmasında bir növ maarifləndirmə funksiyası daşıdığını söyləyib.

Sonra AMEA-nın vitse-prezidenti, AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri akademik Dilqəm Tağıyev KEB-in 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib.

Məruzəçi qeyd edib ki, institutlar hesabat ilində öz fəaliyyətlərində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər”ini, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nı və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə başçısının Sərəncamını rəhbər tutub və elmi tədqiqat işləri AMEA tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında 2021-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri”nə uyğun aparılıb.

Akademik Dilqəm Tağıyev diqqətə çatdırıb ki, 2023-cü ildə Kimya Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrdə 12 problemə aid 41 mövzuya dair 124 tədqiqat işi, 162 mərhələ aparılıb, 2 mövzu, 64 iş, 59 mərhələ tamamlanıb və bu tədqiqatlardan 10-u tətbiq olunub.

Bölmənin əhatə etdiyi elmi müəssisələrin nəşr fəaliyyəti barədə məlumat verən akademik Dilqəm Tağıyev bildirib ki, 2023-cü ildə bölmə əməkdaşlarının 6 kitabı (1-i xaricdə), 11 monoqrafiyası (3-ü xaricdə), 407 məqaləsi (224-ü xaricdə), 821 tezisi (264-ü xaricdə), 5 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, bu məqalələrdən 236-sı “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 4900 istinad qeydə alınıb. Həmçinin bölmə üzrə elmi müəssisələrin patent almaq üçün 48 iddia sənədi verdiyini, 61 patentin ekspertizada olduğunu, respublikada 40 patentin alındığını diqqətə çatdırıb.

Bundan əlavə, bölmə əməkdaşları tərəfindən Azərbaycanın yeni yataq və yeni quyu neftlərinin komponent tərkibi və xassələrinin təyini, emal texnologiyaları üçün tövsiyələrin verilməsi, “Yaşıl oksidləşdiricilər” vasitəsilə oksidləşmə reaksiyalarının effektivliyini yüksəltmək üçün biomimetik və nanokarbon katalizatorlarının yaradılması və innovativ texnologiyaların işlənilməsi, Xüsusi təyinatlı itiyerişli yerüstü texnikanın turboüfürmə ilə yüksək gücləndirilmiş dizel mühərriklərinin bütün mövsümlərdə istismarını təmin edən yeni motor yağının yaradılması, Yüksək istismar, deformasiya, möhkəmlik, termiki və bakterisid xassələrə malik sinktərkibli nanokompozitlərin alınması kimi və s. mühüm nəticələrin əldə edildiyini bildirib, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan tədqiqat işləri barədə məlumat verib.

“Heydər Əliyev İli” çərçivəsində bölmənin müəssisələrində keçirilən tədbirləri diqqətə çatdıran akademik Dilqəm Tağıyev 35 yaşa qədər fəlsəfə doktorluğu hazırılığı üzrə doktorant və dissertantlar arasında “Heydər Əliyev təqaüdü”nün təsis olunduğunu, “Ən yaxşı elmi məruzə” müsabiqəsi və bir sıra konfransların keçirildiyini, “Ulu Öndər Heydər Əliyevin neft və neft emalı strategiyası” və digər nəşrlərin çap edildiyini bildirib.

Eyni zamanda məruzəçi beynəlxalq SCİMAGO tədqiqat mərkəzi tərəfindən dünyanın 233 ölkəsinin bütövlükdə və ayrı-ayrı elm sahələri üzrə 2022-ci ilin bibliometrik nəticələrinə görə reytinq cədvəlini tərtib etdiyini, ictimai elmlər, kimya, riyaziyyat, Yer elmləri və kompüter elmləri sahəsində Azərbaycanın Cənubi Qafqazda 1-ci yerdə qərarlaşdığını vurğulayıb.

O, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər barədə məlumatları diqqətə çatdırıb.

Sonra Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov, Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, ETN Yüksək Texnologiyalar Parkının baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək təmsil etdikləri qurumlarda əldə olunan mühüm nəticələri diqqətə çatdırıb, bölmənin 2023-cü ildəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli Kimya Elmləri Bölməsinin 2023-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, göstəricilərin ötən illə müqayisədə yüksək olduğunu, bölmənin əhatə etdiyi müəssisələrdə Azərbaycanın müdafiə qüdrətinin artırılmasına və dövlətimizin inkişafına cavab verən önəmli tədqiqatların aparıldığını bildirib, bu istiqamətdə əməli fəaliyyətin bundan sonra da davam etdirilməsi barədə müvafiq tövsiyələrini verib.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Kimya Elmləri Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.

www.science.gov.az

JURNALLAR
Faydalı linklər