Xəbərlər
Foto
(NACE ) mükafatı laureatı - azərbaycanlı alim.
Dek 27, 2023 | 12:00 / Mühüm hadisələr
Oxunub 5372 dəfə

2016-cı ildə ABŞ-da mütəxəssislər arasında geniş tanınan Materiallar Texnologiyaları İnstitutu (MIT,ABŞ) “Müxtəlif kimya sənayesi mühitində korrozion çatlama (crackinq)”  kitabını nəşr etdi. Bu kitabda ayrıca paraqraf həmyerlimiz Avtandil Xəlil oğlu Bayramovun  təklif etdiyi dəyişikliyə həsr olunub. Bayramov, karbonlu poladın kaustik sodada (qələvi) korroziyaya davamlılığına dair mövcud xüsusi xidmət kartında (qrafik) dəyişikliklər etməyi təklif etmişdir. Bu xidmət kartı sənayedə 60 ilə yaxındır ki, istifadə olunur. Bununla belə, karbonlu poladlar üçün mövcud cədvəldə bəzi qeyri-dəqiqliklər və çatışmazlıqlar olmuşdur. Bu səbəbdən A.Bayramov kaustik soda mühitində istismar edilən poladın korroziya davamlılığı üçün tərtib olunmuş xidməti kartın modifikasiyasını təklif edib. Mövcud xidməti qrafikdə qələvinin qatılığı 5%-dən aşağı olduqda, qeyd olunan qüsurları  aşkar edib və kaustikin tərkibi 50 mq/l-dən çox olduqda tamamilə mümkün diffusion mexanizmin olduğu sözü gedən qrafikdə nəzərə alınmayıb. Qələvinin qatılığı bu miqdarı keçmirsə, karbonlu polad 4250 C-yə qədər işləyə bilər. Bu iş onun tərəfindən 2011-ci ildə Avstraliya və Amerikada məqalə kimi nəşr edilmişdir. Qeyd edək ki, toxunulan mövzu metalların korroziyası və mühafizəsi kimi çox mühüm elm və texnologiya sahəsinə aiddir. Azərbaycanda bu mühüm problemə, xüsusilə Xəzər dənizinin dibindən neft və qaz hasilatına başlandıqdan və daha sonra böyük miqdarda metal avadanlıq və konstruksiyalar tələb edən neft-qaz emalı və kimya sənayesinin sürətli inkişafından sonra çox diqqət yetirilmişdir. Dünya üzrə metalın korroziyadan bərpa olunmayan itkisi çox böyükdür. (təxminən 13 milyon ton/il,yaxud ümumdaxili məhsulun 4% təşkil edir). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda (hazırki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutut) demək olar ki, yarandığı gündən bu günə qədər korroziya və mühafizə problemləri ilə məşğul olan laboratoriya fəaliyyət göstərir. Onun təsısçisi  Azərb.EA- nın müxbir üzvü, SSRİ  Lenin nükafatı laureatı, 1959-1967-ci illərdə bu laboratoriyaya rəhbərlik etmiş V.F. Neqreyev olmuşdur. Alimin vəfatından sonrakı illərdə müxtəlif adlar altında laboratoriyaya prof. İ.A.Məmmədov, t.ü.f.d., A.M.Kazımov, k.ü.f.d. A.X.Bayramov və 1995-ci ildən isə bu sətirlərin müəllifi rəhbərlik etmişdir. Yetmişinci illərdə bu problemlə bağlı  institutda paralel olaraq  başqa laboratoriyalar da fəaliyyət göstərirdi: onlara prof. A. Xanlarova, prof. A. A. Fərhadov,  t.e.d. H.A.Allahverdiyev rəhbərlik etmişlər. Təəssüf ki, hazırda yalnız A.X.Bayramov sağdır. Düşünürük ki, oxucuya həmyerlimiz haqqında daha məlumatlı olmaq maraqlı olacaq. Bayramov Avtandil Xəlil oğlu Gürcüstan Respublikasının Marneuli şəhərində müəllim ailəsində anadan olub. 1959-cu ildə rus orta məktəbini, 1965-ci ildə isə İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna (hazırki Kataliz və Qeyri-üzvi Kimya İnstitututu) mühəndis vəzifəsinə qəbul edilmiş, qısa müddətdən sonra baş mühəndis vəzifəsinə təyin olunmuş və V.F.Neqreyvin rəhbərliyi altında müxtəlif elektrolitlərdə alüminium ərintilərinin korroziyasını tədqiq etmişdir. 1975-ci ildə məşhur alim İosif Lvoviç Rosenfeldin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1976-1979-cu illərdə kiçik elmi işçi, 1980-1985-ci illərdə isə böyük elmi işçi vəzifəsində işləyib. 1985-1995-ci illərdə həmin institutda korroziya və metalların mühafizəsi laboratoriyasına rəhbərlik etmişdir. Bu dövrdə laboratoriyada polad və alüminium ərintilərində korroziya proseslərinin qarşısının alınması, neft-qaz və kimya sənayesində, dəniz nəqliyyatında, mülki aviasiyada, zavod avadanlıqlarının katod mühafizə sistemlərində, sellüloz-kağız sənayesində metalların səthinin korroziyaya qarşı qoruyucu örtüklər vasitərilə mühafizəsi və s. sahələrdə elmi-tədqiqat işləri aparılmışdır.

1980-1989-cu illərdə A.X.Bayramov eyni zamanda Azərbaycan Respublikası Elmlər Akademiyası Rəyasət Heyəti yanında Kimya şöbəsinin nəzdində Elektrokimya və Korroziyadan Mühafizə Şurasının elmi katibi olmuşdur.

O, 1977-1978 illərdə 10 ay müddətində Mançester Universitetinin Korroziya və Metalların Mühafizəsi mərkəzində elmi təcrübə keçmiş və müxtəlif konstruksiyalarda istifadə olunan alüminium ərintilərinin pitting korroziyasına ion implantasiyasının təsirini öyrənmişdir. A.Bayramov İngiltərədən qayıtdıqdan sonra metalların korroziyası və elektrokimyası sahəsində dünya şöhrətli alim, akademik Yakov Mixayloviç Kolotırkin onu rəhbərlik etdiyi Fizika-Kimya İnstitutuna dəvət edərək qeyd olunanlarla bağlı elmi seminarda məruzə ilə çıxış etməyə təklif etmişdir.O, həmin təklifi qəbul etmişdir. Məruzədən sonra Yakov Mixayloviç onu SSRİ-də korroziya problemləri ilə bağlı ion implantasiyası sahəsində “pioner” adlandırmış və ona icmal xarakterli məqalə yazmağı tövsiyə  etmişdir. Ya.M.Kolotırkinin redaktorluğu ilə genişləndirilmiş hesabat 1982-ci ildə “SSRİ-də elm və texnikanın nəticələri” toplusunda, korroziya və metalların mühafizəsi seriyasında qeyd olunan icmal dərc edilmişdir. VINITI, Moskva səh. 139-172.

1983-cü ildə A.K.Bayramov Stokholmda İsveç Korroziya İnstitutunda işləmiş, neytral mühitlərdə alüminium ərintilərinin korroziya sürətinə katod polyarlaşmasının təsirini tədqiq etmişdir. Tədqiqatın nəticələri ayrıca kitabça şəklində prof. E. Mattsonun redaktorluğu altında 1985-ci ildə İsveçdə nəşr edilmişdir.  Bu işə 1994-cü ildə ABŞ-da nəşr olunmuş məşhur ASM-in “Alüminium və alüminium ərintiləri” adlı sorğu kitabında istinad edilmişdir.

1988-ci ildə o Brüssel Liberti (Azadlıq) Universitetində (Belçika) elektrokimyəvi üsulla sink əsasında qoruyucu örtüklərin alınması istiqamətində  tədqiqat işləri aparmış, korroziya elminin “memarı” sayılan dünya şöhrətli alim Marsel Purbenin ilə alüminium üçün “Purbe diaqramı”nın praktiki tətbiqinin çətinliklərini geniş müzakirə etmişdir.

A.Bayramov     Azərbaycan müstəqillik əldə etdikdən sonra Madras (Hindistan), Ankara (Türkiyə), Kanberra (Avstraliya), Ferrara (İtaliya) və s. kimi məşhur elm və texnologiya mərkəzlərində keçirilən bir çox beynəlxalq konfrans və simpoziumlarda fəal iştirak etmişdir. Türkiyədə (ODTÜ, 1993) konfransda olarkən o, SABIC Corporation “Saudi Arabia Major Industries Corporation” (Səudiyyə Ərəbistanı) mütəxəssislərindən orada işləmək  təklifini almış və 1995-ci ilin noyabrından 2020-ci ilə qədər qeyd olunan korporasiyada korroziya və metalların mühafizəsi üzrə məsləhətçi kimi çalışmışdır. A.K.Bayramov orada işlədiyi müddətdə bir çox mötəbər beynəlxalq konfranslarda, simpoziumlarda, seminarlarda iştirak etmiş, tutduğu vəzifə ilə əlaqədar olaraq, xüsusilə Amerikada və bir çox Avropa ölkələrində- Hollandiya, Almaniya, İngiltərə, İspaniya, Macarıstan və s. ezamiyyətlərdə olmuşdur. Dəfələrlə NACE-nin (Milli Korroziya Mühəndisliyi Assosiasiyası) konfrans və sərgilərində fəal iştirak etmiş və orada elmi məruzələrlə çıxış etmişdir. O, Səudiyyə  Ərəbistanında işləyərkən həm əsas texnoloji avadanlıqların, həm də köməkçi sistemlərin  metal avadanlıqlarının korroziyası və mühafizəsi ilə bağlı bir çox elmi-texniki problemləri uğurla həll etmiş və nəticədə korporasiya milyardlarla gəlir əldə etmişdir. Onun rəhbərliyi altında bir çox təkliflər və işləmələr hazırda yalnız Səudiyyə Ərəbistanında deyil, digər ölkələrin də kimya sənayesi sahələrində uğurla istifadə olunmaqdadır.

Onun sənaye miqyasında həyata keçirilən çoxsaylı, uğurla başa çatdırılmış iri layihələri arasında aşağıdakıları qeyd etmək olar: 1. Yanacaq əlavələrinin istehsalı zamanı regenerasiya kalonunda  xroniki korroziya dağılmalarının növlərinin müəyyən edilməsi və səbəblərinin öyrənilməsi. Bu, layihənin həyata keçirilməsi istehsalın tam dayandırılmasının qarşısını almağa imkan vermiş, zavodun digər məhsulların istehsalına keçidi dayandırılmış və  bütün tövsiyələr yerinə yetirildikdən sonra zavod fəaliyyətini davam etdirmişdir. 2. Yeni zavodlar üçün korroziyaya davamlı materialların seçilməsi və seçilməsinin qiymətləndirilməsi. 3.Titan kondensatorlarinin yerli korroziyasının diffuzion mexanizminin müəyyən edilməsi. Yüksək legirlənmiş piroliz borularının korroziya nəticəsində deşilərək dağılmasının səbəbinin müəyyən edilməsi . 4. Titandan hazırlanmış  istilik dəyişdiricisində dəniz suyunun temperaturunun ölçülməsi sistemi elementinin “azmış” cərəyan vasitəsilə korroziyasının müəyyən edilməsi . Bu layihə üzrə verilmiş tövsiyələr tez yerinə yetirilmiş, bütün zavodun məhsul buraxılışının dayandırılmasının qarşısı alınmış və nəticədə 20  ildən artıqdır ki, zavod fəaliyyətini uğurla davam etdirir). 5. Aparıcı ekspert kimi A.X.Bayramov Səudiyyə Ərəbistanında SABIC müəssisələri üçün Korroziya Zəncirlərinin (Corrosion Loop) müəyyən edilməsi üzrə çox mühüm və geniş layihəyəyə rəhbərlik etmiş və korroziyadan dağılmanın potensial, çox ehtimal olunan növlərini müəyyən edərək  texnoloji  istismar parametrlərinin təhlükəsiz hədlərini  göstərmişdir. Bu layihədən sonra korporasiyanın bütün zavodlarında demək olar ki, oxşar işlər aparılmış, nəticədə xarici mütəxəssislərin xidmətlərindən imtina edilmiş və böyük gəlir əldə edilmişdir.6.Bu layihədə məqsəd, soyutma sistemlərində su borularının daxilində çöküntünün çəki sıxlığının hesablanmış qiyməti əsasında təcili və ya müəyyən müddətdən sonra kimyəvi təmizləmə ehtiyacını müəyyən etmək üçün xüsusi sxem-təlimatının işlənib  hazırlanması idi. Mütəxəssislərin fikrincə, təlimat aşağı, orta və yüksək təzyiqli buxar qazanlarının istismar müddətini artırmağa yönəlmiş unikal praktiki sənəddir və bu konsernin müəssisələri tərəfindən istifadə olunur.  7. İşlənmiş isti qazlardan istifadə etməklə su borularının və müxtəlif  buxar generatorlarının digər hissələrinin növünün və xarab olma səbəblərinin  müəyyən edilməsi layihəsində də o müvəffəqiyyətlə çalışmış və müsbət nəticələr əldə etmişdir.

ABŞ-da keçirilən konfransda A.X.Bayramov tərəfindən edilən elmi məruzənin surəti Amerika Korroziya İnstitutu tərəfindən müxtəlif ölkələrə beynəlxalq layihəyə qoşulmaq üçün göndərilmişdir.

Bu siyahıda göstərilənlər A.X.Bayramovun adı çəkilən korporasiyada göstərdiyi fəaliyyətin heç də hamısı deyil. O, Səudiyyə Ərəbistanında Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzində rəyçi olmuş  və ölkə universitetlərində yeni tədqiqat işlərinin qəbulunun məqsədəuyğunluğunu, habelə onların keyfiyyətini və icra dərəcəsini qiymətləndirmişdir.

O, metalların korroziya və mühafizəsi elmi üzrə magistr və fəlsəfə doktoru səviyyəsində elmi tədqiqat işlərinin aparılması üçün mərkəzlərin və mövzuların seçilməsində gənc mühəndislərə fəal kömək etmişdir. 2006-cı ildə A.X. Bayramov Korroziya İnstitutunun (Böyük Britaniya) Peşəkar Üzvü seçilmişdir. O, Linkdln elektron sistemi vasitəsilə müxtəlif ölkələrin korroziya mütəxəssislərindən 14 mindən çox müsbət rəy almışdır. A.Bayramova hətta onunla işləmək  təklifi  də edilmişdir.

O, dünyanın müxtəlif  ölkələrində çap olunmuş 130-dan çox elmi məqalənin, 15 milli patentin,həmçinin  kitabda ayrıca fəsil, 4 broşür və 5 praktiki təlimatın müəllifidir.

 A.X. Bayramovun tədqiqatları sənaye şəraitində metalların korroziyası və mühafizəsi elmi sahəsində çalışan  mütəxəssislərin diqqətini cəlb etmiş  və o, 2010-cu ildə elmi- tədqiqat və korroziya mühəndisliyi sahəsində mühüm töhfələrinə görə NACE-nin “Techical Achievement Award" mükafatına layiq görülmüşdür.

Dünya şöhrətli alim, professor D.Makdonald (əvvəllər kimya üzrə Nobel mükafatına namizəd idi) onu belə təsvir etmişdir: Avtandil Bayramov “alim” kimi düşündüyünə və “mühəndis” kimi fəaliyyət göstərdiyinə, elmi bilik və təcrübəsini praktikada uğurla tətbiq etdiyinə görə “korroziya cəmiyyətində qeyri-adi alimdir”.

Qeyd edək ki, A.X.Bayramov hazırda korroziya və metalların mühafizəsi sahəsində beynəlxalq mükafatın yeganə azərbaycanlı laureatıdır.

O, Azərbaycan Elmlər Akademiyasında peşəkar elmi rəhbərlər, yüksək ixtisaslı əməkdaşlar arasında bu səviyyəyə yüksəldiyini hər zaman vurğulayır.

 Hazırda A.Bayramov Azərbaycanda yaşayır, təqaüdçüdür.

 

 Kataliz və Qeyri üzvi Kimya  İnstitutunun

 Laboratoriya müdiri, dos.                                                                                 Tahirli H. M.  

 

JURNALLAR
Faydalı linklər