Xəbərlər
Foto
KİMYA ELMLƏRİ ÜZRƏ PROBLEM ŞURASININ növbəti iclası keçirilmişdir.
Dek 05, 2023 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 1753 dəfə

04 dekabr 2023-cü ildə Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda növbəti iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların aktual problemlərin həllinə həsr olunmasının, dissertasiya mövzularının adlarının onların məzmununu tam əks etdirməsi məsələlərinın vacibliyi haqqında məlumatlar verdi. Bu, doktorant və dissertantların gələcəkdə müdafiə mərhələlərində problemlərlə qarşılaşmaması üçün mütləqdir. O cümlədən, təklif etdi ki, dissertantura və ya doktoranturaya yeni qəbul olunmuş doktorantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların addlarını yazarkən azərbaycan dilinin qrammatikasına da riayət etməyi məsləhət gördü. Sonra şura üzvləri də çıxış edərək, bu məsələyə öz müsbət münasibətlərini bildirdilər.

İclasda 2314.01- Neft kimyası, 2305.01 – Nüvə kimyası, 2306.01 – Üzvi kimya, 2301.01 – Analitik kimya, 2303.01 – Qeyri-üzvi kimya və 2304.01 – Makromolekullar kimyası ixtisasları üzrə 5 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda təqdim edilən dissertasiya mövzularından 2-si olduğu kimi, 3-ün isə adı redaktə olunaraq, Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi.

JURNALLAR
Faydalı linklər