Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda, görkəmli kimyaçı, Azərbaycan SSR EA-nın müxbir üzvü, əməkdar elm xadimi Zülfüqar Zülfüqarovun 110 illik yubileyi qeyd olunub
Dek 01, 2023 | 15:08 / Konfranslar, iclaslar
Oxunub 2547 dəfə

AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tanınmış kimyaçı alim, Azərbaycan SSR EA-nın müxbir üzvü, əməkdar elm xadimi Zülfüqar Zülfüqarovun anadan olmasının 110 illiyinə həsr olunmuş Elmi Şuranın genişləndirilmiş iclası keçirilmişdir.Tədbirdə elmi şuranın üzvləri, mərhum alimin yaxınları və yetişdirdiyi tələbələr iştirak edirdi.Öncə mərhum alimin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, professor Zülfüqar Zülfüqarov  təbii və sintetik sili­katların sintez əsaslarını işlənib hazırlanması, fiziki kimyəvi, adsorbsiya və katalitik xassələrinin, eləcədə Azərbaycanın yerli bentonit gillərinin, seolitlərin xassələrinin öyrənilməsi, onların karbohidrogenlərin müxtəlif kimyəvi çevrilmə reaksiyalarında tətbiqi sahəsində tədqiqat işləri aparmışdır. Əldə edilmiş elmi nailiyyətləri və onların praktik əhəmiyyətini elmi cəhətdən əsaslan­dırmış, onları qiymətli və perspektiv katalizatorlar və adsorbentlər kimi tanıtmış, elmi və praktiki tövsiyələr vermişdir. Z.H.Zülfüqarovun katalizatorların fiziki-kimyəvi xassələrinin onların alınma üsulundan asılılığı və qanunauyğunluqların axtarışı sahəsində əldə etmiş olduğu nəzəri və eksperimental materiallar, bir çox məqalələrdə, “Sintez şəraitinin krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə təsiri” adlı sanballı monoqrafiyada ümumiləşdirilmişdir. Professor Azərbaycan SSR EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna rəhbərlik etdiyi dövrdə (1971-1983-cü illərdə) həm kadr hazırlığına, həm də yeni elmi istiqamətlərin  müəyyən edilərək tədqiqatçılara verilməsinə böyük önəm vermişdir. O, həmçinin elmi tədqiqat işlərinin müasir, yüksək səviyyədə aparılması üçün laboratoriyanın texniki təchizatına, müasir qurğular və avadanlıqla təmin edilməsinə, qurğuları idarə edən kadrların texniki və elmi səviyyəsinin yüksək olmasına böyük əhəmiyyət verirdi.

Onun rəhbərliyi dövründə onlarla gənc keçmiş SSRİ-nin müxtəlif tədqiqat mərkəzlərinə göndərilmiş, həmin dövrdə bir çox yeni elmi mövzular təklif etmiş, 65-dən artıq müəlliflik şəhadətnaməsinin müəllifi olmuş, 50-ə yaxın kimya elmləri namizədi və doktoru yetişdirmiş,  əməkdaşlara elmi məsləhətlərlə kömək etmişdir.

Sonra İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı professor Zülfüqar Zülfüqarovun həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış etdi. Bildirdi ki, Zülfüqar Hüseyn-qulu oğlu Zülfüqarov 3 dekabr 1913-cü ildə Şəki şəhərində doğulmuşdur.

Şəki təcrübə nümunə məktəbini bitirdikdən sonra 1931-36-cı illərdə  professor Z.H.Zülfüqarov Azərbaycan Sənaye İnstitutunda təhsil almışdır. 1939-cu ildə istehsalatdan ayrılmamaqla SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində fiziki-kimya  ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.

Vətən müharibəsinin başlanması ilə Z.H.Zülfüqarov Sovet Ordusu sıralarına leytenant rütbəsində səfərbər olunur və orduda 1943-cü ildən batalyon kimyəvi qulluq rəisi vəzifəsində işləyir, ştab nəzdində partiya təşkilatının katibi seçilir.

Z.H.Zülfüqarov 1941-ci ilidə namizədlik, 1957-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1950-ci ilin mayında Azərbaycan EA-nın Kimya İnstitutunun fiziki-kimya laboratoriyasının elmi rəhbəri seçilmişdir. 1959-cu ildə ona professor elmi adı verilmişdir. 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

Z.H.Zülfüqarov özünü həssas və işdə yorulmaz eksperimentator, mürəkkəb oksid katalizatorların səthində gedən kimyəvi hadisələri öyrənən istedadlı, işgüzar və zəhmətsevər alim olduğunu təsdiq etmiş, əldə etdiyi nəzəri və təcrübi nəticələrini ümumiləşdirərək, onları sanballı monoqrafiya və məqalələrində çap etmişdir. Alimin əsərləri ölkəmizdə və onun xaricində görkəmli kimyaçı alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Məşhur kimyaçı alim Azərbaycan EA-nın prezidenti akademik Y.H.Məmmədəliyev Z.H.Zülfüqarovun elmi nailiyyətlərini şəxsən yüksək qiymətləndirərək, Azərbaycan EA-nın nəşriyyatında çapdan çıxmış monoqrafiyanın Amerika Birləşmiş Ştatlarının elmi kitabxanalarına göndərilməsi haqqında göstəriş vermişdir. Bununla o, Azərbaycan kimya elminin müasir dünya elminin yüksək inkişafı səviyyəsində ləyaqətlə əks etdirən azərbaycanlı alimin elmi nailiyyətlərini geniş tanıtmağı və ona şöhrət qazandırmağı layiq görmüşdür.

Z.H.Zülfüqarov 1971-1983-cü illərdə Azərbaycan SSR EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna rəhbərlik etdiyi dövrdə tədqiqatların elmi istiqamətini müəyyənləşdirmiş və bir çox yeni elmi mövzular təklif etmişdir.

Alimin Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru vəzifəsində işlədiyi müddətdə iki dəfə, 1978 və 1980-ci illərdə, burada aparılmış tədqiqatlar Dövlət mükafatına layiq görülmüş, İnstitutun alimləri medal və laureat diplomlarını qazanmışlar. Bu işlərdən “Kombinə edilmiş mikroelementləşdirilmiş bor superfosfatın sənaye istehsalı texnologiyasının işlənib hazırlanması və onun respublikanın kənd təsərrüfatında tətbiq edilməsi” işinin müəlliflərindən biri olan Z.H.Zülfüqarov Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 1978-ci ildə isə Ümumittifaq Xalq Təssərüfatı Sərgisinin Baş Komitəsi tərəfindən Z.H.Zülfüqarov əldə etdiyi nailiyyətlərə görə gümüş medal ilə təltif edilmişdir.

Z.H.Zülfüqarov uzun müddət İnstitutun Elmi Şurasının və Problem Elmi Şurasının sədri, Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda Dissertasiya Şurasının üzvü, Azərbaycan EA-nın Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının kimya bölməsinin üzvü və sədri olmuşdur. 1980-ci ildə SSRİ Elmlər Akademiyasının Qeyri-üzvi Kimya üzrə Elmi Şurasının fiziki-kimya bölməsinin üzvü seçilmişdir.

Alimin əmək fəaliyyəti Dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, hərbi nailiyyətlərinə görə ikinci dərəcəli Vətən müharibəsi Ordeni və 16 medalla – bunlardan 9-u yubiley medalıdır – təltif edilmişdir. O, əmək, partiya və Böyük Vətən müharibəsi veteranıdır. Onun adı həyatı boyu sevdiyi vətəni – Şəki şəhərində yeni salınmış küçəyə verilmiş, əbədiləşdirilmişdir. Z.H.Zülfüqarov həyatının son günlərinə qədər fədakarlıqla işləyərək yeni məqsədyönlü aktual elmi ideyalar ətrafında fikirlərini söyləyirdi. Z.H.Zülfüqarov 31 iyul 1992-ci ildə vəfat etmiş, Bakı şəhərində dəfn edilmişdir. Onun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Tədbirdə çıxış edən institut əməkdaşları və alimin tələbələri professorlar Cəbrayıl Mirzai, Etibar İsmayilov, Elza Salahova, k.e.d. Mina Munşiyeva, dosentlər Səadət Bənənyarlı, Aydın Paşacanov və Narqələm Həsənquliyeva onun  haqqında ürək sözlərini və xatirələrini iclas iştirakçıları ilə bölüşüblər.

Sonda alimin oğlu Qüdrət Zülfüqarov xoş sözlərə görə institutun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

 

JURNALLAR
Faydalı linklər