Xəbərlər
ÖMRÜNÜ ELMƏ HƏSR ETMİŞ ALİM
Noy 28, 2023 | 15:46 / Konfranslar, iclaslar
Oxunub 2481 dəfə

2023-cü il dekabr ayının 3-də tanınmış kimyaçı alim, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Zülfüqar Hüseyn-qulu oğlu Zülfüqarovun anadan olmasının 110 ili tamam olur.

Zülfüqar Hüseyn-qulu oğlu Zülfüqarov 3 dekabr 1913-cü ildə Şəki şəhərində doğulmuşdur. Onun uşaqlığı, məktəb illəri və gəncliyi də Şəkidə keçmişdir.

1931-ci ildə Şəki təcrübə nümunə məktəbini bitirdikdən sonra Z.H.Zülfüqarov Azərbaycan Sənaye İnstitutuna qəbul edilmişdir. İnstitutu 1936-cı ildə diplom işini əla qiymətlə müdafiə edərək bitirmiş, təyinatla Bakı neftayırıcı zavoduna işə göndərilmişdir. Zavodda  yüksək əmək göstəriciləri qazanaraq, ölkədə yeni doğulmaqda olan Staxanov hərəkatına qoşulmuş və “Staxanovçu” adını qazanmışdır. 1939-cu ildə istehsalatdan ayrılmamaqla SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində fiziki-kimya  ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.

1941-ci il 8 iyulda Z.H.Zülfüqarov “Gillərin fəallaşdırılması prosesində fiziki-kimyəvi hadisələrin və gillərin ağardıcı xassələrinin tədqiqi” mövzusuna həsr edilmiş dissertasiya işini Azərbaycan Dövlət  Universitetinin Elmi Şurasında müvəffəqiyyətlə müdafiə edir. Kimya elmləri namizədi elmi dərəcəsi ona Azərbaycan Dövlət Universitetinin  Elmi Şurasının qərarına əsasən verilir və Böyük Vətən müharibəsi qurtardıqdan sonra SSRİ-nin Ali Attestasiya Komissiyasının qərarı ilə təsdiq edilir.

Vətən müharibəsinin başlanması ilə Z.H.Zülfüqarov Sovet Ordusu sıralarına leytenant rütbəsində səfərbər olunur və orduda 1943-cü ildən batalyon kimyəvi qulluq rəisi vəzifəsində işləyir, ştab nəzdində partiya təşkilatının katibi seçilir.

Z.H.Zülfüqarov 1945-ci ilin oktyabr ayında ordudan qayıtdıqdan sonra  Azərbaycan EA-nın Kimya İnstitutunda işə başlamış, müharibə səbəbindən dayandırılmış elmi fəaliyyətini davam etdirmişdir. 1950-ci ilin mayında  Azərbaycan EA-nın Kimya İnstitutunun fiziki-kimya laboratoriyasının elmi rəhbəri seçilmişdir. O, təbii və sintetik silikatların sintez əsaslarını, fiziki kimyəvi, adsorbsiya və katalitik xassələrini və Azərbaycanın yerli bentonit gillərinin, seolitlərin xassələrinin karbohidrogenlərin müxtəlif kimyəvi çevrilmə reaksiyalarında tədqiqat işlərini davam etdirmişdir. Əldə edilmiş elmi nailiyyətləri və onların praktik əhəmiyyətini elmi cəhətdən əsaslandırmış, onları qiymətli və perspektiv katalizatorlar və adsorbentlər kimi tanıtmış, elmi və praktiki tövsiyələr işləmişdir. Bu sahələrdə  alimin əldə etdiyi nəticələrin neft emalı və neft-kimya sənayesində və başqa sahələrdə böyük praktik əhəmiyyətinin olması Azərbaycanın EA-nın Kimya İnstitutunun Elmi Şurasının qərarı ilə təsdiq edilmişdir.

1950-ci ildə ona böyük elmi işçi elmi adı  verilmişdir. Həmin ildə Z.H.Zülfüqarov SSRİ EA-nın doktoranturasına qəbul edilmiş, 1957-ci ildə eksperiment işlərini başa vuraraq “Neft məhsullarının təmizlənməsi və krekinqində tətbiq edilən təbii və sintetik metalsilikat kontaktların fiziki-kimyəvi tədqiqi” mövzusuna həsr etmiş olduğu  kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini yazmış və həmin ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun Elmi Şurasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. 1959-cu ildə ona professor elmi adı verilmişdir.

Z.H.Zülfüqarov özünü həssas və işdə yorulmaz eksperimentator, mürəkkəb oksid katalizatorların səthində gedən kimyəvi hadisələri öyrənən istedadlı, işgüzar və zəhmətsevər alim olduğunu təsdiq etmiş, əldə etdiyi nəzəri və təcrübi nəticələrini ümumiləşdirərək, onları sanballı monoqrafiya və məqalələrində çap etmişdir. Alimin əsərləri ölkəmizdə və onun xaricində görkəmli kimyaçı alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Məşhur kimyaçı alim Azərbaycan EA-nın prezidenti akademik Y.H.Məmmədəliyev Z.H.Zülfüqarovun elmi nailiyyətlərini şəxsən yüksək qiymətləndirərək, Azərbaycan EA-nın nəşriyyatında çapdan çıxmış monoqrafiyanın Amerika Birləşmiş Ştatlarının elmi kitabxanalarına göndərilməsi haqqında göstəriş vermişdir. Bununla o, Azərbaycan kimya elminin müasir dünya elminin yüksək inkişafı səviyyəsində ləyaqətlə əks etdirən azərbaycanlı alimin elmi nailiyyətlərini geniş tanıtmağı və ona şöhrət qazandırmağı layiq görmüşdür.

 Z.H.Zülfüqarov əsərlərinin ilk sistematik nəşrinə müharibədən qayıtdıqdan sonra, 1946-cı ildə başlamışdır ki, bu da onun ölkə və respublikanın aparıcı alimləri sıralarında geniş tanınmasına və nüfuz qazanmasına səbəb olmuşdur. Sonrakı fəaliyyətində də Z.H.Zülfüqarov aktual əhəmiyyəti olan tədqiqat işlərinin aparılmasını, təşkilini və onların icrasını yüksək səviyyədə təmin etmək üçün xüsusi diqqət yetirirdi. O, həmçinin elmi tədqiqat işlərinin müasir, yüksək səviyyədə aparılması üçün laboratoriyanın texniki təchizatına, müasir qurğular və avadanlıqla təmin edilməsinə, qurğuları idarə edən kadrların texniki və elmi səviyyəsinin yüksək olmasına böyük əhəmiyyət verirdi.

1957-ci ildə çap edilmiş “Azərbaycan SSR bentonit gillərinin və qumbrinin fiziki-kimyəvi xassələrinin və ağardıcı qabiliyyətinin tədqiqi” adlı monoqrafiyasında müəllifin 1939-cu ildə başlamış tədqiqat işləri cəmlənmiş, alimin şəxsi müşahidə və mülahizələrinin nəticələri, fəallaşdırılmış gil nümunələrinin zavod – turşu yağlarının təmizlənmə prosesində ağardıcı qabiliyyəti və rəhbərlik etdiyi fiziki-kimya laboratoriyasının əməkdaşları ilə əldə etdiyi nəticələrin elmi-nəzəri müzakirəsi və toplanmış eksperimental tədqiqatın nəticələri əks etdirilmişdir.

O, Azərbaycanın Xanlar, Şamxor və digər gil yataqlarının, Gürcüstanın Qumbrin yatağı gillərinin modifikasiyalarının kimyəvi tərkibini öyrənərək bu gillərin montmorillonit nüvə quruluşunu göstərmiş, kimyəvi fəallaşdırma prosesində tərkibində olan montmorillonit nüvə quruluşunun açılmasının səbəbini göstərmiş və gilabi gillərinin fəallığının səbəbini fəal mərkəzlərin varlığı ilə, təbii komplekslərin kimyəvi və termiki destruksiyası nəticəsində silisium və alüminiumun ətrafında olan hidrogen ionunun turşuluğu ilə izah etmişdir.

Z.H.Zülfüqarov neft mənşəli yağların təmizlənməsində müşahidə olunan mürəkkəb kompleks proseslərin sadəcə olaraq, onların boyayıcı maddələrdən təmizlənməsi kimi fiziki adsorbsiya hadisələri ilə izahını tənqid etmiş və “ağardıcı xassələr” anlayışını eksperimental yolla gillərin spesifik xüsusiyyətləri kimi əsaslandırmış, bunu gillərin daxilində bir-birinə bağlı olan xassələr kimi izah etmişdir. Bununla yanaşı o, əvvəlcə gillərin quruluşunun, səthdə olan fəal mərkəzlərin kimyəvi xassələrinin və fəal səthlərin hərtərəfli qiymətləndirilməsinin vacibliyini göstərmişdir.  Bu deyilənləri Z.H.Zülfüqarov təcrübələrlə əsaslandıraraq, gillərin katalitik və adsorbsiya xassələrinin təsirinin nəzərə çarpacaq qədər olmadığını göstərmiş, gillərin ağardıcı qabiliyyətinin tənzim edilmə yollarını dəqiqləşdirmişdir. Həmin monoqrafiyada o, respublikanın gil yataqlarının kimyəvi tərkibini, yataqların qalınlığını, dərinliyini və fiziki-kimyəvi xassələrini geniş öyrənərək, bu faktorlardan asılı olaraq, eləcə də gillərin təbii halda və turşularla işlənib fəallaşdırıldıqdan sonra onların ağardıcı xassələrini tədqiq etmiş, bu haqda olan məlumatları toplayıb ümumiləşdirərək kitabda əks etdirmişdir.

Monoqrafiyada respublika gil yataqlarının, onların kimyəvi tərkibinə təsir edən amilləri əks etdirən məlumatlara diqqəti cəlb edərək, fəallaşdırılmış gilin təbii gildən yüksək termostabilliyi və stabil fəallığı ilə seçildiyini göstərmişdir. Fəallaşdırılmış gili alim “xanlarit” adlandırmış, ondan sənaye miqyasında neft yataqlarından təmiz, yüksək keyfiyyətli yağlar istehsal etmək üçün reagent olaraq işlənməsini təklif etmişdir.

Sonrakı tədqiqatlarda Z.H.Zülfüqarov bu sahədə axtarışlarını davam etdirmiş, diqqətini müasir kompleks metodlardan istifadə edərək, mineralların xassələrinin yeni kimyəvi və fiziki kimyəvi üsullarla öyrənilməsinə, müxtəlif mənşəli bentonit tipli gillərin tətbiqi əhəmiyyətinin aşkar edilməsinə və bu sahədə axtarışların təşkil edilməsinə yönəltmişdir.

Z.H.Zülfüqarovun katalizatorların fiziki-kimyəvi xassələrinin onların alınma üsulundan asılılığı və qanunauyğunluqların axtarışı sahəsində əldə etmiş olduğu nəzəri və eksperimental materiallar, bir çox məqalələrdə, “Sintez şəraitinin krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə təsiri” adlı sanballı monoqrafiyada ümumiləşdirilmişdir.

  Katalizatorların zol-hidrogellərin hazırlanma şəraitindən və kimyəvi tərkibindən asılı olaraq fiziki və kimyəvi xassələrinə təsiri öyrənilmiş, səth quruluşu optimal olan katalizatorların hazırlanması və fəal katalizatorların alınma şəraiti işlənmiş, katalizatorların sintezi sahəsində əldə edilən nəticələr ümumi yeni nəzəri əsasların işlənib hazırlanması və yaranması üçün aktual olan amillər müəyyən edilmişdir. Fəal katalizatorların işlənməsinin nəzəri əsasları fundamental elmi bazanın yaranması üçün böyük əhəmiyyətə malikdir. Bu sahədə axtarışlar  alimin sonrakı işlərində də davam etdirilmişdir. Katalizatorların  alümomaqneziumsilikat,  maqneziumsilikat və digər silikat tipli daşıyıcıların müxtəlif üsullardan – birlikdə çökdürmə, modifikasiya üsulunu tətbiq edərək, katalizatorların alınması, onların fəallığının müxtəlif reaksiyalarda yoxlanması və müxtəlif müasir fiziki və kimyəvi üsullardan istifadə edərək xassələrini spektroskopiya, rentgen, qravitermoqrafiya, xromatoqrafiya, BET və başqa üsullarla öyrənmişdir.

Z.H.Zülfüqarov 1971-1983-cü illərdə Azərbaycan SSR EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna rəhbərlik etdiyi dövrdə tədqiqatların elmi istiqamətini müəyyənləşdirmiş və bir çox yeni elmi mövzular təklif etmiş, 65-dən artıq müəlliflik şəhadətnaməsinin müəllifi olmuş, 50-ə yaxın kimya elmləri namizədi və doktoru yetişdirmiş,  əməkdaşlara elmi məsləhətlərlə kömək etmişdir.

Uzun illər Z.Zülfüqarovun fəaliyyətində mühüm yeri, onun redaksiya və nəşriyyat sahəsindəki əməyi tutmuşdur. O, Azərbaycan EA-da nəşr edilən “Azərbaycan kimya jurnalı”nın uzun illər redaksiya heyətinin üzvü və Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda bir neçə çapdan çıxmış məcmuənin  baş redaktoru olmuşdur.

Z.H.Zülfüqarovun fəaliyyəti dəfələrlə dövlət mükafatlarına və tərifnamələrə layiq görülmüşdür. 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. Alimin Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru vəzifəsində işlədiyi müddətdə iki dəfə, 1978 və 1980-ci illərdə, burada aparılmış tədqiqatlar Dövlət mükafatına layiq görülmüş, İnstitutun alimləri medal və laureat diplomlarını qazanmışlar. Bu işlərdən “Kombinə edilmiş mikroelementləşdirilmiş bor superfosfatın sənaye istehsalı texnologiyasının işlənib hazırlanması və onun respublikanın kənd təsərrüfatında tətbiq edilməsi” (kollektiv, rəhbər prof. P.F.Rzazadə), işinin müəlliflərindən biri olan Z.H.Zülfüqarov Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 1976-cı ildə alim ümumittifaq xalq təsərrüfatı sərgisinin Komitəsi tərəfindən “sərgi iştirakçısı” kimi təsdiq edilmiş, 1978-ci ildə isə Ümumittifaq Xalq Təssərüfatı Sərgisinin Baş Komitəsi tərəfindən Z.H.Zülfüqarov əldə etdiyi nailiyyətlərə görə gümüş medal ilə təltif edilmişdir.

Z.H.Zülfüqarov uzun müddət İnstitutun Elmi Şurasının və Problem Elmi Şurasının sədri, Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda Dissertasiya Şurasının üzvü, Azərbaycan EA-nın Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının kimya bölməsinin üzvü və sədri olmuşdur. 1980-ci ildə SSRİ Elmlər Akademiyasının Qeyri-üzvi Kimya üzrə Elmi Şurasının fiziki-kimya bölməsinin üzvü seçilmişdir.

Alimin əmək fəaliyyəti Dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, hərbi nailiyyətlərinə görə ikinci dərəcəli Vətən müharibəsi Ordeni və 16 medalla – bunlardan 9-u yubiley medalıdır – təltif edilmişdir. O, əmək, partiya və Böyük Vətən müharibəsi veteranıdır.

Onun adı həyatı boyu sevdiyi vətəni – ŞƏKİ şəhərində yeni salınmış küçəyə verilmiş, əbədiləşdirilmişdir.

Z.H.Zülfüqarov həyatının son günlərinə qədər fədakarlıqla işləyərək yeni məqsədyönlü aktual elmi ideyalar ətrafında fikirlərini söyləyirdi.

Z.H.Zülfüqarov 31 iyul 1992-ci ildə vəfat etmiş, Bakı şəhərində dəfn edilmişdir. Onun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. 

 

AR Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev

JURNALLAR
Faydalı linklər