Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əmnəkdaşlarının cari ildə 90 məqaləsi Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc olunmuşdur.
Noy 21, 2023 | 15:45 / Konfranslar, iclaslar
Oxunub 2122 dəfə

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında institutun cari il üçün yekun hesabatı dinlənilmişdir. İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev  bildirib ki, cari ildə institutun  elmi fəaliyyəti qənaətbəxş olub. Belə ki, bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə olunub, həmin nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun  beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində nəzərəçarpacaq qədər əhəmiyyətli işlər görülüb.

Sonra İnstitutun yekun hesabatını təqdim etmək üçün AMEA-nın müxbir üzvü, İnstitutun icraçı direktoru Məhəmməd Babanlıya söz verildi. O, 2023- cü il üzrə İnstitutda aparılan  elmi və elmi-təşkilati işlər barəsində ətraflı məruzə etdi. Məruzəçi  bildirdi ki, cari ildə İnstitutda 3 problem üzrə aparılan elmi-tədqiqat  işləri  nəticəsində 11 mühüm elmi nəticə əldə edilib, 3 tətbiqi iş təklif olunub.  Cari ilin  11 ayı ərzində   institut əməkdaşlarının 90  məqaləsi Web of ScienceScopus bazalarında indeksləşən jurnallarda dərc olunmuşdur. Bunlardan  Frontiers in Nutrition, Sensors and actuators: A. Physical, ACS Omega, Journal of Composite Materials. Journal Chemistry Select, Journal Phase Equilibria Diffus., Journal of Engineering Physics and thermophysics Journal of Phase Equilibria and Diffusion Q1 və Q2 kateqoriyalarına daxil olan yüksək impakt faktorlu jurnalları göstərmək olar. Həmçinin, cari ildə institut əməkdaşları tərəfindən 4 patent almış və patent almaq üçün 7 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınmışdır.  Cari ildə İnstitutda 1 Beynəlxalq qrant çərçivəsində tədqiqatlar davam etdirilmiş, 4 layihə isə qrant müsabiqəsinin qalibi olmuşdur. Alim bildirdi ki, il ərzində 2 monoqrafiya (1-i xaricdə), 1 kollektiv momoqrafiyada 1 fəsil (xaricdə) və 2 dərslik nəşr edilmişdir.

Ümumilikdə, 2023-cü ilin 11 ayı  ərzində  institutda aparılan tədqiqatların nəticəsi olaraq 5 kitab, 141 məqalə  (69 Respublika, 72 xarici jurnallarda, 28 - Web of Science, 62- SCOPUS, 14 - digər bazalara daxil olan impakt faktorlu jurnallarda), 176 tezis (onlardan 86 xarici ölkələrdə) çap olunmuş, 4 patent alınmış, 7 patentə müsbət rəy verilmişdir, institut əməkdaşlarının elmi əsərlərinə 1843-dən artıq istinad qeyd olunmuşdur.

Kadr hazırlığı məsələsinə toxunan alim qeyd etdi ki, İnstitutun doktorantura və dissertanturasında 47 nəfər təhsil alır, o cümlədən doktoranturada elmlər doktoru elmi dərəcəsi almaq üçün 8 nəfər (qiyabi), fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 17 nəfər (əyani) təhsil alır. İnstitutun dissertanturasında elmlər doktoru elmi dərəcəsi almaq üçün 15 nəfər, fəlsəfə doktoru  elmi dərəcəsi almaq üçün 7 nəfər dissertasiya işləri üzərində çalışırlar.

Elm və təhsiliin inteqrasiya məsələlərindən danışan natiq bildirdi ki, İnstitutda Bakı Dövlət Universitetinin Ümumi və Qeyri-üzvi kimya və Fiziki və Kolloid Kimya kafedralarının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya və qeyri-üzvi maddələrin texnologiyası  kafedrasının filialları fəaliyyət göstərir.Həmçinin il ərzində bir sıra ali təhsil müəssisələrinin bakalavr və maristrləri institutda təcrübə keçmişlər.

Sonra məruzə ətrafında müzakirələr olub, suallar cavablandırılıb, təkliflər söylənilib.

İclasa yekun vuran  akademik Dilqəm Tağıyev hesabat barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini  verdi. Alim qeyd etdi ki, prioritet istiqamətlər üzrə  innovativ tədqiqatlara üstünlük verilməli, fundamental tədqiqatlar davam etdirilməli, eyni zamanda ali təhsi müəssisələri ilə birgə elmi- tədqiqat işləri genişləndirilməlidir.

JURNALLAR
Faydalı linklər