Xəbərlər
Kimya Elmləri Bölməsinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Noy 01, 2023 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 3216 dəfə

AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, şuranın sədri, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasda respublikada kimya sahəsində elm və ali təhsil müəssisələrində 2023-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması və vaxtında Kimya Elmləri Bölməsinə və müvafiq şöbələrə təqdim edilməsi ilə bağlı AMEA Rəyasət Heyətinin qərarı diqqətə çatdırılıb.

Sonra 2023-cü il üçün müəssisələrdə doktorantura və dissertanturaya qəbul olunanlar, onların mövzuları və elmi rəhbərləri barədə məlumatlar dinlənilib, müzakirələr aparılıb.

Daha sonra  iclasda “Heydər Əliyev İli” ilə əlaqədar institutlarda tədbirlər planının icra vəziyyəti müzakirə edilib. Qeyd olunub ki, bölmənin müəssisələrində Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş konfranslar keçirilib, institutların əməkdaşları müxtəlif tədbirlərdə iştirak ediblər. Ulu Öndər haqqında “Heydər Əliyev və Azərbaycanda kimya və neft emalı sənayesi” kitabı (müəlliflər V.Abbasov, D.Tağıyev, E.Alxazlı) çap olunub.

İclasda 2023-cü ildə elmi müəssisələrdə alınan və Elm və Təhsil Nazirliyinə təqdim edilən mühüm elmi nəticələr müzakirə olunub və bəzi təkmilləşmələrə ehtiyac olduğu nəzərə çatdırılıb.

Sonda akademik Dilqəm Tağıyev 2023-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görülənlər haqqında məlumat verib. Bildirilib ki, Kimya üzrə Nobel mükafatına Mungi Bavendi (ABŞ), Luis Bryus (ABŞ) və Aleksey Yekimov (ABŞ) “kvant nöqtələrinin kəşfi və sintezi”nə görə layiq görülüblər.

www.science.gov.az 

 

 

JURNALLAR
Faydalı linklər