Xəbərlər
Foto
Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.
Sen 29, 2023 | 16:26 / Konfranslar, iclaslar
Oxunub 2432 dəfə

28 sentyabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri – üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. 

İclası açıq elan edən İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev öncə şəhidlərin əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan etdi. Qeyd etdi ki, iclasın gündəliyinə 2023-cü ildə aparılmış elmi-tədqiqat işlərinin hesabatına hazırlıq və əldə edilmiş mühüm nəticələr, 2024-cü ildə İnstitutda “Enerjinin toplanması və çevrilməsi üçün materiallar” mövzusunda VIII Beynəlxalq simpoziumun keçirilməsi haqqında, 2023-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri barədə və s. məsələlər daxil edilmişdir.

Sonra Akademik 2023-cü ildə aparılan elmi –tədqiqat işlərinin hesabatının oktyabırının 24- dən başlayacağını şöbə və laboratoriya rəhbərlərinin nəzərinə çatdıraraq qeyd etdi ki, hesabatlara ciddi hazırlaşmalı, əldə olunan mühüm nəticələrin təqdimatı daha diqqət və məsuliyyətlə hazırlanmalıdır. Aparılan elmi-tədqiqat işləri haqqında ümumi məlumat verən Dilqəm Tağıyev elmi işçilərin maddi rifahının yaxşılaşdırılması üçün onların yerli və Beynəlxalq qrant layihələrində  çox iştirak etmələrini tövsiyə etdi.

İclası davam etdirən akademik, 2015-ci ildən başlayaraq, hər il dünya səviyyəli “International Symposium on Materials for Energy Storage & Conversion” adlı beynəlxalq tədbirin bir il Türkiyədə, digər ildə isə dünyanın müxtəlif ölkələrində keçirildiyini qeyd etdi. Hidrogen enerjisinin saxlanması və çevrilməsi üçün materiallar sahəsində dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin dəvət olunacağı “8th International Symposium on Materials for Energy Storage and Conversion” adlı simpoziumun növbəti dəfə 9-12 sentyabr 2024-cü il tarixində Bakıda keçiriləcəyinin nəzərdə tutulduğunu qeyd edən alim bildirdi ki, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi mühüm hadisədir və qloballaşan dünyada Azərbaycan elminin dünya elminə inteqrasiyası, həmçinin elmimizin dünya elmi ictimaiyyətində nüfuzunun artması istiqamətində  əhəmiyyətli təkan olacaq. Akademik qeyd etdi ki, bu nüfuzlu tədbirin təşkilatçısı akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu olacaq, simpoziumun “Rəhbər Komitə”ndə (Steering Committee) Azərbaycanlı alimlər

( akademik Dilqəm Tağıyev və professor Akif Əliyev) təmsil olunacaq.

Sonra Elektrokimya laboratoriyasının müdiri, k.e.d. professor Akif Əliyev simpoziumun  əhəmiyyəti haqqında geniş məlumat verdi.

D.Tağıyev 2023- cü ilin qəbul planına əsasən institutun fəlsəfə doktorluğu hazırlığı üzrə keçirirlmiş imtahanlardan yüksək bal toplamış 8 nəfərdən 6-sı doktoranturaya, 2-si dissertanturaya qəbul olunduğunu söyləyərək, qəbul olunan doktorant və dissertantların dissertasiya işlərinin mövzuları və rəhbərləri haqqında məlumat verdi. Akademik sözügedən müəssisədə təhsilini doktoranturada davam etdirmək istəyən gənclər üçün hər cür şərait yaradılacağını vurğulayıb, onlara  dünya elminə inteqrasiya etmək, müasir dövrdə elmi biliklərə yiyələnmək üçün xarici dilləri yaxşı mənimsəməyi, müxtəlif yerli və beynəlxalq qrant müsabiqələrində aktiv iştirak etməyi  tövsiyə etdi.

Sonra akademik qeyd edib ki, məlum olduğu kimi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barəsində cənab prezidentin sərəncamı vardır. Bununla əlaqədar İnstitutda bir sıra tədbirlər, o cümlədən 2 konfrans keçirilmiş, institut əməkdaşlarının mətbuatda Ulu Öndər haqqında publistik məqalələri çap olunmuşdur. Bu tədbirlərin davamı kimi gənc alim və mütəxəssislər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan müsabiqənin keçirilməsi üçün artıq müsabiqə şərtləri elan olunmuşdur. Akademik gəncləri bu müsabiqədə fəal iştirak etməyə çağırdı.

Daha sonra akademik institutun əməkdaşı b.e.i. Fərəcov Hüseyni 80 illik yubileyi münasibəti ilə bütün  kollektiv adından təbrik edib ona can sağlığı və uzun ömür arzuladı. 

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi.  

JURNALLAR
Faydalı linklər