Xəbərlər
James Webb tarixdə ilk dəfə protoplanet diskində su kəşf edib
İyl 26, 2023 | 10:44 / Maraqlı məlumatlar
Oxunub 793 dəfə

Su bioloji həyat növünün formalaşması üçün vacib olan faktorlardan biridir. Lakin bunun üçün su ən ideal halda maye şəklində olmalıdır. James Webb kosmik teleskpu isə Yer kürəsindən 370 işıq ili uzaqlığında yerləşən cavan ulduz sistemində suyu kəşf edib. Bu kəşfin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, su tarixdə ilk dəfə Yer kürəsi tərzində olan planetlərin formalaşdıqları yaşayış zonasında (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) aşkar edilib. Kosmik teleskop suyu PDS 70 adlı ulduz sistemində aşkar edib. Bu ulduz sisteminin yaşayış zonasında daha öncə artıq ekzoplanetlər kəşf edilmişdi. Onlardan ikisi hətta bir orbitdə yerləşir. Sözügedən sistemin ulduzu K sinifinə daxil olan ulduzlara aiddir. Yəni o, bizim Günəşdən soyuqdur. Hesablamalara əsasən onun yaşı 5.7 milyon il təşkil edir.

Faktiki olaraq ulduzlar bu yaşda artıq protoplanet diskinə (ulduz ətrafında kosmik toz ilə qazdan ibarət disk) sahib olmasalar da sözügedən cavan ulduz sisteminin ulduzu protoplanet diskinə sahibdir. Bununla belə ulduzun protoplanet diski iki hissəyə bölünüb və hissələr arasında 8 milyard km məsafəli aralıq mövcuddur. Bu aralıq daxilində isə iki ədəd nəhəng ekzoplanet yerləşir. Müvafiq olaraq gələcəkdə həmin protoplanet diskində yeni planetlər formalaşacaq. Formalaşacaq planetlərdən ulduza yaxın olacaqlar isə yaşayış zonasında yerləşəcəklər. Başqa sözlə desək, yaşayış zonasında yerləşəcək gələcək planetlərin səthlərində su maye şəklində mövcud ola biləcək. James Webb tərəfindən aparılmış müşahidələrə əsasən gələcək planetlər böyük ehtimal ilə sərt səthə sahib Yer kürəsi tipli planetlər olacaqlar.

technote.az

JURNALLAR
Faydalı linklər