Xəbərlər
Foto
“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransında əməkdaşımız fəxri diplomla təltif olundu
İyn 23, 2023 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 2421 dəfə

İyunun 22-də AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransının açılışı baş tutub.

4 gün davam edəcək konfrans Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Gəncə Bölməsi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan gəncliyinə xüsusi diqqət yetirdiyini, onların ali təhsilli, vətənpərvər ruhda, milli kimliklərinin və şəxsiyyətlərinin azərbaycançılıq ideyası işığında formalaşmasına önəm verdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin zəngin həyatının, çoxcəhətli fəaliyyətinin, ideallarının mərkəzində Azərbaycanın dövlətin müstəqilliyinin əbədi qorunub saxlanması, inkişaf etdirilməsi dayanırdı və bu siyasətin içərisində daim gənclərə xüsusi önəm verirdi.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin konseptual əsasları və hədəfləri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, müasir dövrdə gənc nəslin potensial imkanlarının açılması, təzahür etməsi, ictimai önəminin ifadəsi və ümumiyyətlə gənclərin bir şəxsiyyət kimi formalaşmasında elmin və təhsilin yeri böyükdür. Onun sözlərinə görə, Azərbaycan gəncliyinin rifah dolu gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkarlanması və tətbiqi sahələrinin genişləndirilməsi, onların bir fərd kimi, bir şəxsiyyət kimi formalaşması üçün lazım olan şəraitin yaradılması Heydər Əliyevin idarəçilik siyasətinin prioritet istiqaməti idi. 

Daha sonra bir sıra institutların Gənc Alim və Mütəxəssislər şuralarının sədrlərinə mükafatlar təqdim olunub. Eyni zamanda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim ve Mütəxəssislər Şurasının üzvü, elmi işçisi Günel Əzimova “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin dövlətçilik idealları və milli dəyərlərimizin təbliği istiqamətində göstərdiyi aktiv fəaliyyətinə görə fəxri diplom ilə təltif edildi. 

Sonda çıxış edən İsa Həbibbəyli Heydər Əliyevin zəngin ideyalarının bu gün də yaşadığını, ölkə başçısının gənc nəslin ali təhsilli, ixtisaslı, vətənpərvər ruhda yetişməsi istiqamətində siyasətini uğurla davam etdirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elm, təhsil, mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi tədbirlər Azərbaycan gəncliyinin inkişafına dövlət səviyyəsində dəstəyin ifadəsinin parlaq təzahürüdür.

Qeyd edək ki, konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

JURNALLAR
Faydalı linklər