Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2023-cü ilin yarım il ərzində dərc olunan 77 məqalədən 53-ü Web Of Science və Scopus bazalarında olan nüfuzlu jurnallardadır.
İyn 21, 2023 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 2458 dəfə

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının institutun 2023-ci ilin 6 ayı ərzində elmi və elmi - təşkilati hesabatına həsr olunmuş xüsusi iclası keçirilmişdir. İclası açan İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, cari ilin 6 ayı ərzində  institutun  elmi və elmi-təşkilati fəaliyyəti uğurlu olub. Belə ki, yarım il ərzində bir sıra elmi nəticələr əldə olunub, həmin nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun  beynəlxalq elmi əməkdaşlıq əlaqələri davam edib, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb.

Akademik bildirdi ki, yarım il ərzində aparılmış tədqiqatların nəticələri 77 elmi  məqalədə öz əksini tapmışdır. Onlardan 53Web of Science Scopus bazalarında olan nüfuzlu jurnallardadır. Bu müddət ərzində əməkdaşlarımız 18 konfransda 2 məqalə və 92 tezislərlə çıxış etmişlər ki, bunların da 68-i Beynəlxalq Konfranslardadır. Bu konfransların 5-i Respublikada, 13-ü isə xaricdə keçirilmişdir.

Həmçinin yarım il ərzində institut əməkdaşları tərəfindən 2 dərslik, 1 monoqrafiya çap edilmişdir. Eyni zamanda Rumıniyanın Petroşani şəhərində “Key trends of integrated innovation-driven scientific and technological development of mining regions” adlı kollektiv monoqrafiyada  “Anthropogenic impact of mining solid waste on environmental pollution and ways to restore the ecological balance” adlı fəsil və Kanadada “Advanced Polimer Structures: Apple Academic Press Chemistry for Engineering Applications” adlı kollektiv monoqrafiyada “Synthesis of N-Substituted Dichlormaleinimides and Their Testing as Potential Non-Metallic Oxidation Catalysts” adlı fəsil institutumuzun əməkdaşları tərəfindən yazılmışdır.

Cari ildə patent almaq üçün 6 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim olunmuş, onlardan ikisinə  ilkin ekspertizanın müsbət rəyi alınmışdır. Eyni zamanda 1 patent alınmış 3 patent isə alınma ərəfəsindədir. Yarım il ərzində İnstitutda 1 Beynəlxalq qrant üzrə işlər davam etdirilmiş, 2 layihə Elm Fondu qrant müsabiqəsinin qalibi olmuşdur.

İnstitutda nəşr olunan və “Scopus beynəlxalq bazasında indeksləşən 2 jurnal: Azerbaijan Chemical JournalChemical Problems jurnallarının hər birinin 2023-cü ilin 6 ayı ərzində 2 nömrəsi işıq üzü görmüşdür.

Akademik bildirdi ki, beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşr olunan elmi məqalələrə görə institutun fəaliyyəti uğurlu olmuşdur. Belə ki, “National H-index Ranking” tərəfindən 2023-cü ilin ikinci rübünün nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanın 83 elmi təşkilatının və universitetinin sırasında İnstitutumuz ilk onluqda qərarlaşıb.

Sonra akademik qeyd edib ki, məlum olduğu kimi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barəsində Cənab Prezidentin sərəncamına uyğun olaraq il ərzində görüləcək ilşərin tədbirlər planı hazırlanmışdır.  Bununla əlaqədar institutda yarım il ərzində bir sıra tədbirlər, o cümlədən 2 konfrans keçirilmiş, institut əməkdaşlarının mətbuatda Ulu Öndər haqqında publisistik məqalələri çap olunmuş, institutda Ulu Öndərin guşəsi yaradılmışdır.  

Cari ilin 6 ayı ərzində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmlə təhsilin inteqrasiyası istiqamətində də işlər görülmüşdür. İnstutut alimləri ölkəmizin ali təhsil ocaqları ilə, o cümlədən Bakı Dövlət Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığı davam etdirmişlər. Eyni zamanda adları qeyd olunan təhsil müəssisələrinin (ATU, BDU və ADNSU-nun UFAZ) 106 bakalavr və 10 magistrantları cari ilin 6 ayı ərzində institutun bir sıra laboratoriyalarında istehsalat təcrübəsində olmuşlar. Həmçinin, institutumuzun 9 magistrantı da elmi-tədqiqat təcrübələri keçmiş və 19-20 iyun 2023-cü ildə müvəffəqiyyətlə dissertasiya müdafiə etmişlər.

İnstitutun doktorantı Aysel Məmmədova Budapeşt Texnologiya və Ekonomika Universitetində 07.03.2023-cü il tarixində dissertasiya müdafiə etmişdir. Doktorantın işi 100 balla qiymətləndirilmiş və Aysel Məmmədova fəlsəfə doktoru adına layiq görülmüşdür.

Sonda Akademik Dilqəm Tağıyev hesabat barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verdi.

 

JURNALLAR
Faydalı linklər