Xəbərlər
Akademik İsa Həbibbəyli: “Azərbaycan elmi ölkəmizin sosial iqtisadi inkişafı proseslərində daha çox və daha yaxından iştirak etməlidir”
Mart 17, 2023 | 09:00 / Mühüm hadisələr
Oxunub 539 dəfə

Bu gün Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “Heydər Əliyev İli”ndə ölkəmizin ictimaiyyəti qarşısında hesabat verir. Əslində Akademiyanın bugünkü həqiqi və müxbir üzvlərinin mütləq əksəriyyəti Heydər Əliyev epoxasında böyük elmi mühitə vəsiqə almış elm adamlarından ibarətdir. 1945-ci ildə yaradılmış Milli Elmlər Akademiyası da Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi mərhələlərdə özünün həqiqi inkişafına nail ola bilmişdir. Müstəqillik dövründə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan elmini cəmiyyətdə baş vermiş böhrandan xilas etmiş və bu elm ocağına Milli Elmlər Akademiyası statusu vermişdir.

Bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın 2022-ci ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda çıxışı zamanı deyib.

Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumiyyətlə elmimizin və o cümlədən Akademiyanın inkişaf etdirilməsi üçün mühüm qərarlar qəbul etmiş, əhəmiyyətli addımlar atmışdır. Akademik vurğulayıb ki, cənab Prezidentimizin Akademiyanın yubileylərində iştirak etməsi və dərin məzmunlu nitqlə çıxış etməsi elm məbədimizin tarixinin unudulmaz səhifələrinə çevrilmişdir.

“Hazırda cənab Prezidentin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən Milli Elmlər Akademiyası yeni yaradılmış Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi tədqiqat institutları və ölkəmizin digər elmi qurumları ilə qarşılıqlı əlaqə və birgə əməkdaşlıq şəraitində öz işini davam etdirməkdədir”, - deyə AMEA rəhbəri bildirib.

Diqqətə çatdırıb ki, Elmlər Akademiyasında həm elm sahəsində, həm də struktur islahatları və kadr dəyişikliyi istiqamətlərində islahatların aparılması davam etdirilir.

AMEA-nın tabeliyində olan institutlarda və Rəyasət Heyətində struktur islahatlarının davam etdirildiyini deyən akademik İsa Həbibbəyli Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət, Tarix, eləcə də Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarındakı oxşar qurumların ləğv edildiyini, cəmiyyətin inkişafından doğan yeni şöbələrin yaradıldığını vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, ölkə başçısının Qərbi Azərbaycan icması ilə görüşü zamanı səsləndirdiyi çağırışları həyata keçirmək məqsədilə Tarix, Folklor və Dilçilik institutlarında müvafiq elmi tədqiqat şöbələri yaradılmış, Rəyasət Heyəti səviyyəsində əlaqələndirmə şurası təsis edilmiş və şuranın ilk iclası keçirilmişdir. Həmçinin Akademiyanın Rəyasət Heyətinin aparatında yaradılmış “Elektron Akademiya” şöbəsinin təsis olunmuş yeni idarəetmə qurumlarından olduğunu bildirib və struktur islahatları istiqamətində müzakirələrin davam etdirildiyini ictimaiyyətin diqqətinə çatdırıb.

“Məlum olduğu kimi, Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasında bütün sahələrin milli prioritetlər əsasında inkişaf etdirilməsi strategiyasını müəyyən etmişdir. Buna uyğun olaraq Azərbaycan elminin müstəqil ölkəmizin daha da inkişaf etdirilməsinə doğru istiqamətləndirilməsi sahəsində düşünülmüş addımlar atılmışdır. Akademiyanın tarixində ilk dəfə olaraq Nizamnaməyə elmi fəaliyyətin Prezident İlham Əliyevin müəyyən etdiyi ölkəmizin milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə qurulmasına dair ayrıca maddə daxil edilmişdir. Bu, sovet hakimiyyəti illərində SSRİ-nin hərbi sənaye kompleksinin inkişaf etdirilməsinə və sovet ideologiyasının təbliğ olunmasına doğru istiqamətləndirilmiş elmimizin xalqımızın milli maraqlarına və müstəqil dövlətçilik mənafeyinə uyğun şəkildə inkişaf etdirilməsinə hüquqi təminat verəcəkdir. AMEA-nın tabeliyində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzində aparılmasına start verilmiş islahatlar burada seysmologiya üzrə yeni elmi nəslin hazırlanması məqsədilə doktorantura təhsilinin təsis edilməsinə doğru addımların atılmasına zərurət yaratmışdır. Bundan başqa, ölkəmizdə humanitar və ictimai elmlər sahəsində nəzəri problemlərin araşdırılıb davam etdirilməsi ilə bərabər, ədəbi-tarixi şəxsiyyətlərin, xalq qəhrəmanlarının, böyük hökmdarların və sərkərdələrin həyatı və fəaliyyətinin, xidmətlərinin tədqiq edilməsi sahəsində uzun illərdən bəri yaranmış boşluğu aradan qaldırmaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərarlar qəbul olunmuşdur. Bu cəhətdən artıq “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması üçün ilk addımlar atılmışdır”, - AMEA-nın prezidenti giriş nitqində bildirib.

Azərbaycan elminin dünya elminin ümumi üzvi tərkib hissəsi olduğunu və buna görə də beynəlxalq elmi təşkilatlarla əlaqələr yaratmaq istiqamətində təşəbbüslərin göstərildiyini vurğulayan akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, artıq AMEA Beynəlxalq Dünya Elmlər Akademiyasının, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının, Avrasiya Universitetlər Birliyinin səsvermə hüququna malik olan üzvü seçilib. Natiq onu da qeyd edib ki, son aylarda Türkiyə Elmlər Akademiyası, Türkiyə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Pakistanın və Özbəkistanın elm və ali təhsil qurumları ilə imzalanmış müqavilələr Milli Elmlər Akademiyasının dünya elminə inteqrasiyasına doğru atılmış yeni addımlardır.

Akademiyada yeni elmi nəslin formalaşdırılması üçün tədbirlərin həyata keçirildiyini deyən AMEA rəhbəri gənc alimlərin elmi fəaliyyətlə daha səmərəli şəkildə məşğul olmalarını təmin etmək məqsədilə Akademiya üzrə Gənclər mükafatının təsis edildiyini, “Gənc tədqiqatçı” jurnalının il ərzində 4 dəfə nəşr olunması və jurnalın 1 sayının ingilis dilində çıxması üçün tədbirlərin müəyyənləşdirildiyini vurğulayıb, 40 yaşına qədər elmlər doktorlarının hazırlanmasının təşviq edilməsinin də günümüzün əsas mövzularından olduğunu söyləyib.

AMEA prezidenti bildirib ki, təqdim edilən hesabat 2022-ci ildə Akademiyada, ali məktəblərdə və sahə elmində həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əsas mənzərəsini əks etdirir:

“Hesabat ilində Akademiya iştirak etdiyi bütün Dövlət proqramlarında üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm sahəsinə dair fərmanları və sərəncamlarından irəli gələn vəzifələr də tam olaraq icra olunmuşdur. Azərbaycan alimləri 2022-ci ildə IV Sənaye inqilabının əsas çağırışlarından olan süni intellektə dair tədqiqatların miqyasını bir qədər də genişləndirmişdir. Əlamətdar cəhətlərdən biri də bundan ibarətdir ki, təbiət və dəqiq elmlərlə yanaşı, humanitar və ictimai elmlər sahəsində də süni intellektə həsr edilmiş tədqiqatlar aparılmışdır. 2022-ci ildə rəqəmsal inkişaf, topoloji izolyatorlar, yüksək enerjilər fizikası, kompüter dilçiliyi, riyazi modelləşdirmə, innovativ idarəçilik texnologiyası, antropologiya, Zəngəzur folkloru, post konflikt ərazilərdə iqtisadiyyatın bərpa edilməsi problemlərinin, yeni dünya nizamında qlobal transformasiyaların araşdırılması və təkliflərin hazırlanması əhəmiyyətli addımlardır. “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın, “Azərbaycan Respublikasının tarixi” adlı üçcildliyinin və “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin 7 cildinin nəşr olunması mühüm nəticələrdəndir”.

Azərbaycanda yüksək impakt faktorlu elmi jurnalların çap edilməsinin önəmini vurğulayan AMEA rəhbəri Elm və Təhsil Nazirliyinin Bakı Dövlət Universitetində, Mexanika və Riyaziyyat İnstitutunda ən yüksək impakt faktora malik jurnalların nəşr edilməsinin elmimizin əlamətdar hadisəsi olduğunu deyib, həmçinin Xəzər Universitetində humanitar yönümlü impakt faktorlu jurnalın çap edilməsini yüksək qiymətləndirib.

Son illərdə Akademiya üzrə Əlyazmalar İnstitutunda, Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət institutlarında işıq üzü görən elmi jurnalların “Kopernikus” indeksi qazandığını söyləyib və ölkəmizdə yüksək indeksli jurnalların çap edilməsi şəbəkəsinin genişləndirilməsinə diqqətin artırılmasının önəmini vurğulayıb.

“İstinad göstəricilərinə görə də Azərbaycan elminin nüfuzu artmışdır. Lakin bu sahəyə də diqqətin artırılması vacibdir. Xüsusən, humanitar və ictimai elmlər sahəsində istinad göstəricilərinin müəyyən edilməsi sahəsində sistemli iş aparılmasına ciddi ehtiyac vardır. Eyni zamanda mühüm elmi nəticə hesab etdiyimiz ciddi elmi əsərlərin xarici dillərdə və nüfuzlu dünya nəşriyyatlarında çap olunması elmimizin beynəlxalq nüfuzunu artıra bilər. Azərbaycan elmi ölkəmizin sosial iqtisadi inkişafı proseslərində daha çox və daha yaxından iştirak etməlidir. Qarabağa və Qərbi Azərbaycana Böyük Qayıdış hərəkatlarına elmimiz daha çox töhfələr verməyə səfərbər olmalıdır. Elmimiz dünya elminə daha çox inteqrasiya etməli, bəşəri problemlərin araşdırılıb tədqiq olunmasına daha fəal şəkildə qoşulmalıdır. Beynəlxalq qrantlar və patentlər sahəsində də dönüşə nail olmalıyıq. Biz Azərbaycan alimləri Nobel mükafatına gedən yolun dərslərini təhlil və müzakirə etməklə Azərbaycan elminin diqqətini dünya elminin prioritetlərinə doğru daha geniş şəkildə istiqamətləndirməyi planlaşdırırıq”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Akademik çıxışının sonunda qeyd edib ki, AMEA-nın Ümumi yığıncağı ilk növbədə Azərbaycan elminin aktual problemlərini müzakirə edərək nəticələr çıxaracaq, elm sahəsində yaxın və uzaq gələcəyin vəzifələrini müəyyən edəcəkdir.

JURNALLAR
Faydalı linklər