Xəbərlər
Foto
AMEA Azad Həmkarlar İttifaqı və Qadınlar Şurası Xocalı soyqırımı ilə bağlı tədbir keçirib
Fev 22, 2023 | 18:00 / Konfranslar, iclaslar
Oxunub 1359 dəfə

AMEA-nın Azad Həmkarlar İttifaqı (AHİ) və Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov bildirib ki, xalqımız tarixən çox ağrı-acılı, qanlı-qadalı faciəvi günlər yaşayıb. Bunlardan ən dəhşətlilərindən biri məhz Xocalı soyqırımıdır. 31 il öncə Xocalıda yaşanan bu faciə yalnız bir xalqa qarşı deyil, ümumən insanlığın əleyhinə yönəlmiş bəşəri cinayət idi. Bu gün dünyanın bir sıra dövlətləri Xocalı faciəsini soyqırım faktı kimi rəsmən tanıyıblar. Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması istiqamətində aparılan düzgün və məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bu dövlətlərin siyahısı ilbəil artmaqdadır. Xocalı soyqırımı kimi faciələrin bir daha yaşanmaması üçün hər birimiz bir vətəndaş olaraq dövlətimizin, dövlətçiliyimizin yanında olmalı, onun artan  gücünə öz əməli töhfələrimizi verməliyik.

Daha sonra Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d., professor Cəbi Bəhramov, Tarix İnstitutunun Həmkarlar Təşkilatının sədri Hacı Həsənov, Tarix İnstitutunun Qadınlar Şurasının sədri tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı, Dilçilik İnstitutunun Qadınlar Şurasının sədri Şəbnəm Qəribli-Həsənli, Genetik Ehtiyatlar İnstitutunun Həmkarlar Təşkilatının sədri Hamlet Sadıqov çıxış edərək bildiriblər ki, bu faciə özünü tarixən guya əzilən, yazıq, məzlum bir xalq kimi göstərməyə çalışan ermənilərin əsil milli kimliyini ortaya qoydu. Eyni zamanda ermənilərin son yüz ildə bizə qarşı törətdiyi alçaq cinayətləri bağışlayan, hətta bəzən unudan xalqımız üçün ciddi bir siqnal oldu. Biz kin saxlayan bir millət olmasaq da, faciələrimizi də unutmamalıyıq. Bu faciədə əliyalın insanların qanına bulaşanların cəzalandırılması üçün bütün istiqamətlərdə iş aparılmalıdır. Burada vətəndaş cəmiyyətinin, xüsusən ziyalıların geniş imkanları var. Bu baxımdan beynəlxalq arenada dövlətimiz tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kampaniyası mühüm bir platformadır.  Əlbəttə, o gecə qətl edilən yüzlərlə insanın hələ də ürəyimizi sızladan faciəsi heç zaman yaddaşlardan silinməyəcəkdir. Lakin, təskinliyimiz odur ki, işğal olunmuş torpaqlarımız artıq azaddır. Və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: ”Biz Xocalının qisasını döyüş meydanında aldıq!” 

JURNALLAR
Faydalı linklər