Xəbərlər
Foto
Kataliz və Qeyri üzvi Kimya İnstitutunda 8 noyabr - Zəfər günü qeyd olunub
Noy 03, 2022 | 16:09 / Konfranslar, iclaslar
Oxunub 3031 dəfə

Kataliz və Qeyri üzvi Kimya İnstitutunun Elmi Şurasında Zəfər günü qeyd olunub. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, 8 noyabr 2020-ci il tariximizin  səhifəsinə şanlı Qələbə Günü kimi yazılıb. 2 il bundan öncə 8 noyabr tarixində  qalib ordumuzun Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri və mədəniyyət mərkəzi hesab edilən, həm hərbi-strateji baxımdan, həm də mənəvi cəhətdən böyük əhəmiyyətli olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşa 28 ildən sonra mənfur düşmən işğalından qurtuldu. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan qədim Şuşamızın gözü iyirmi səkkiz il idi yollarda qalmışdı. O, həsrətlə doğmalarına qovuşacağı, yağı düşmənin caynağından qurtulacağı anı gözləyirdi və bu baş tutdu. Həmin tarixdən 2 gün sonra  noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları  arasında  münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanatın imzalandı. Bu, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə möhtəşəm qələbəsi, Ermənistanın isə Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyərək döyüş meydanında rüsvayçı məğlubiyyəti, kapitulyasiyası idi.

Akademik bildirdi ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi qüdrəti, mükəmməl ordu quruculuğu və xalq-prezident-ordu birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi ilə nəticələndi. 2020-ci ilin  sentyabrın 27-dən başlayan və cəmi 44 gün davam edən,  işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi, xalqımızın iftixar və qürur mənbəyidir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli  Azərbaycan əsgəri düşməndən 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, dəmir yumruq kimi birləşməsi, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqləri dəf edərək, həmin dövrdə  bütün məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəldi. Azərbaycan həm döyüş, həm də diplomatiya meydanında qalib gəldi. 44 günlük Vətən müharibəsi dövründə dünyanın müxtəlif nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Ali Baş Komandan İlham Əliyev Azərbaycana qarşı  irəli sürülən bütün yalan və qərəzli informasiyaları ifşa etdi. Dövlət başçımız  öz qətiyyətli siyasəti informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir!

Akademik qeyd etdi ki, həmin dövrdə işğal altındakı torpaqların azad edilməsi naminə canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmək Azərbaycan gəncliyinin üçün amala, məqsədə çevrildi. Xalqımız bu igid övladlarının  qəhrəmanlığını heç vaxt unutmayacaq və onların adı Azərbaycanda həmişə ən yüksək səviyyədə yad ediləcək.

Akademik bildirdi ki, 30 il ərzində erməni vandalları yaşayış və ictimai binaları, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıtmış, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etmişlər. Hazırda cənab prezidentin rəhbərliyi altında Qarabağda başlanan geniş bərpa–quruculuq işləri sürətlə davam edir, müxtəlif meqa layihələr həyata keçirilir və bu ərazilər yazın zamanlarda cənnətə çevriləcək.

Sonra İnstitutun İcraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, İnstitutun Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi, laboratoriya müdiri Səadət Bənənyarlı, elmi işçi Rəna Vəkilova və başqaları 44 günlük müharibədə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan, ölkə başçısının rəhbərliyi altında Qarabağda aparılan bərpa və quruculuq işlərindən, cənab prezidentin hazırki mürəkkəb geosiyasi şəraitdə apardığı uğurlu siyasətdən  danışdılar.

Sonda İnstitutun kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul edildi:

Möhtərəm cənab Prezident, ilk növbədə Sizi, qalib Azərbaycan Ordusunu və xalqımızı milli dövlətçilik tariximizə əbədi yazılan şanlı Qələbə münasibətilə təbrik edirik. 2 il öncə sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Vətən müharibəsində Sizin müdrik rəhbərliyiniz, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqları  sayəsində işğal altında olan torpaqlarımızın  mənfur düşməndən azad olunması bütün dünya azərbaycanlılarının hədsiz sevincinə səbəb olmuşdur. Bu 44 gün ərzində hər gün Sizin müjdəli xəbərlərinizi gözlədik, işğaldan azad edilən hər kəndin, qəsəbənin, şəhərin adını eşitdikcə qürur duyduq, təsirli anlar yaşadıq. Sonda ən möhtəşəm müjdəni - qədim Şuşanın işğaldan azad olunması xəbərini noyabrın 8-də Şəhidlər xiyabanından bəyan etdiniz. İki gün sonra isə Ermənistanın kapitulyasiya etməsi, Azərbaycanımızın düşmən üzərində parlaq Qələbə çalması xəbərini də ilk olaraq Sizdən eşitdik.

Hörmətli cənab Prezident, bu parlaq Qələbəyə, qaytarılan milli qürurumuza, 30 ilə yaxın düşmən tapdağı altında inildəyən əzəli və əbədi Azərbaycan torpaqlarında üçrəngli müqəddəs bayrağımızı ucaltdığınıza görə bir daha Sizə və qəhrəman Azərbaycan Ordusuna ürəkdən təşəkkür edirik. 8 noyabr müasir Azərbaycan tarixinə tək zəfər günü kimi deyil, eyni zamanda milli qürur, dəyanət, qeyrət və qəhrəmanlıq bayramı kimi daxil olub. Bu tarix əsrlər boyu xalqımızın ən sevimli bayramı kimi qeyd ediləcək və xalqımız bu şərəfli tarixi bizlərə qanı və canı bahasına bəxş edən şəhidlərimizin ruhu qarşısında daim baş əyəcək. 

Cənab prezident, bu gün uğurlu siyasətinizin, çətin və şərəfli işinizin bəhrəsini həm də azad olunmuş ərazilərimizdə sürətlə gedən bərpa işlərində görürük. Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır, erməni vəhşiliyinin izləri artıq yavaş-yavaş silinir, tarixi abidələrimiz bərpa olunur, yeni yol-nəqliyyat infrast­rukturları bərpa olunur, hava limanları inşa edilir, “Yaşıl enerji zonası” yaradılır, yaşayış məskənləri yenidən tikilərək yurdlarından didərgin düşmüş soydaşlarımız ora köçürülür. Qaraba­ğın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatına mühüm tövhə olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.

Cənab prezident! Sizin rəhbərliyiniz altında Azərbaycan diplomatiyası Brüsseldə, Soçidə keçirilən görüşlərdə  və beynəlxalq miqyaslı tədbirlərdə postmüharibə dövründə Ermənistanla həllini gözləyən məsələlərinin tənzimlənməsi istiqamətində  milli maraqlarımızı ləyaqətlə müdafiə edir. Sizin atdığınız bu addımları ürəkdən dəstəkləyirik və sülh sazişinin tezliklə imzalanacağına, Zəngəzur dəhlizinin açılacağına inanırıq.

Möhtərəm prezident!

Sonda vurğulamaq istəyirik ki, hazırki mürəkkəb geosiyasi vəziyyətdə apardığınız siyasəti dəstəkləyir və daim Sizinləyik. Biz alimlər Sizin apardığınız geniş miqyaslı işlərə öz əməli işimizlə tövhə verməyə davam edəcəyik.

Biz Sizinlə fəxr edirik, Allah Sizi, Ordumuzu və  millətimizi qorusun!

JURNALLAR
Faydalı linklər