Xəbərlər
Sərhəd tanımayan məhsul.
Okt 05, 2022 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1321 dəfə

Südün mayalanması ilə əldə edilən, yüksəkkalorili qida olan pendir müxtəlif vitaminlərlə zəngindir. Tərkibi zülal, yağ və mineral maddələrdən ibarət olan bu məhsulda ekstraktlar dəmirin həzminə və yaxşı iştahanın yaranmasına şərait yaradır. Hazırlanmasında istifadə edilən südün tərkibinə, istehsal prosesinə, bakteriyalara, kiflərə, yetişmə vaxtına və dadına görə pendirlər müxtəlif cürdür. 

Pendir istehsalının 7 min il əvvəldən başladığı təxmin edilir. Onun Avropada, Mərkəzi Asiya və ya Orta Şərqdə yaranması ilə bağlı mülahizələr dolaşsa da, dəqiq məkanı yoxdur.

Ümumiyyətlə, İtaliya pendirləri ilə məşhurdur. İtaliyanın milli mətbəxinin məhsulu olan, kiçikdən böyüyə hər kəsin sevdiyi pizzanın hazırlanmasında da bir çox pendir növlərindən istifadə olunur.

Limburqer pendiri isə əsasən Almaniya, Hollandiya və Belçikada istehsal olunur. Pendir inək südündən hazırlanır və yarıyumşaqdır.

Çeçil pendiri isə saçaqlı və ya tel pendiri kimi də tanınır. Əsasən Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstanda hazırlanır. Pendir Azərbaycanda saçaqlı, Türkiyədə isə çeçil adı ilə tanınır.

Edam pendiri isə Hollandiyada istehsal olunan sarı rəngdə, yarıbərk şəkildə olur. Adı Şimali Hollandiyanın Edam şəhərinin şərəfinə adlandırılıb. 

Süd məhsulu olan kəsmiyin tarixi qədim Romaya gedib çıxsa da, ən çox istifadə edilən ölkə Rusiya olub. Uzun illər Rusiyada kəsmik "pendir" adlandırılıb. Hətta bərk pendir növləri yarandıqdan sonra belə kəsmik pendir hesab olunub. Kəsmikdən əsasən rusların istifadə etdiyi düşünülsə də, bu məhsul Avropa, Amerika və Asiyada da geniş yayılıb. Asiya və Amerikada qədim pendir adı ilə istifadə olunur.

Çində isə soyalı kəsmikdən istifadə olunur. Onun tarixi 2 min ildən artıqdır. Bu kəsmiyi soyadan hazırlayırlar. Çində  kəsmiyi gözəl dadına və ətrinə görə alırlar. Çox ucuz olduğuna görə hər təbəqədən olan insanlar ondan istifadə edə bilir. Kəsmiyi sərhədsiz və qaydasız məhsul hesab edirlər, çünki ağla gələn bütün qidalarda istifadə oluna bilir. 

Qədim zamanlarda kəsmiyi suyunu süzdükdən sonra qoyduqları qabın üzərinə ərinmiş yağ tökərək saxlayıblar. Kəsmik vegetarianlar və ət məhsullarından az istifadə edənlər üçün yaxşı qida hesab olunur. Çünki onun tərkibindəki 14-29 faiz protein mədə divarlarını qıcıqlandırmır, turşuluğu artırmır və yaxşı həzm olunur. Yağ əridici təsirinə görə maddələr mübadiləsini sürətləndirir və aclıq hissini aradan qaldırır. Kəsmikdə vitaminlər çox deyil, buna baxmayaraq sinir, ürək-damar sistemi üçün lazım olan B, dəri üçün əvəzolunmaz A, D, E vitaminləri mövcuddur. Tərkibindəki fol turşusu (B9 vitamini) və kalsium sümük üçün faydalı məhsul hesab olunur. Kəsmiyi əsasən günorta yeməyindən əvvəl yemək məsləhətdir. Gecə saatlarında və ya yatmamışdan əvvəl isə yağsız növündən istifadə etmək olar. Bu halda 150 qramdan çox istifadə etmək olmaz, çünki orqanizm proteini gec həzm edir. Yağlı kəsmik yağsızdan daha xeyirli hesab olunur, çünki vitamin və mikroelementlərlə zəngindir. Ən əsası, yağlı kəsmikdə olan kalsium daha yaxşı  mənimsənilir. Kəsmiyi soyuducuda 3 sutkadan artıq saxlamaq məsləhət görülmür.

Süd məhsulu olan şor isə kəsmiyin bir qədər quru növüdür. O, bir növ ovxalanan pendirdir. Şoru duzsuz halda saxlamaq olar. Duzsuz şorun müalicəvi əhəmiyyəti var. Ondan qan azlığında istifadə olunur. Duzlu şor hazırlamaq üçün təzə süzülmüş şorun içərisinə ovulmuş pendir qatılır. Azərbaycanda əsasən Şamaxı və Qobustan rayonları öz şorları ilə məşhurdur. Şor süfrəyə yağla, xama ilə qarışdırılıb və ya ayrıca qəlyanaltı kimi verilir. Şora göyərti əlavə edib məzə də hazırlanır. 

 

JURNALLAR
Faydalı linklər