Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitunun Elmi Şurasının iclası keçirilmişdir.
Sen 22, 2022 | 09:19 / Konfranslar, iclaslar
Oxunub 1767 dəfə

21 sentyabr  2022-ci il tarixində Kataliz və Qeyri – üzvi Kimya Institutunda Elmi Şuranın növbəti iclası  keçirilmişdir. İclasın gündəliyinə  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanı ilə əlaqədar kollektiv qarşısında duran vəzifələr, 2022-ci ildə elmlər və fəlsəfə doktoru hazırlığı üzrə  doktorantura və  dissertanturaya qəbul II  kurs  magistrantların  20.09.2022-ci il tarixində keçirilmiş atestasiyasının nəticələrinin təsdiqi haqqında və s. məsələlər daxil edilmişdir.

İclası açıq elan edən İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı fərmanla bağlı qeyd etdi ki, fərman  elm və təhsilin vəhdət olaraq  inkişafında, xüsusilə hər iki sahənin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsində, eyni zamanda Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesinin sürətlənməsində mühüm rol oynayacaq. Bu da, intellektual potensialın yüksəlməsinə, müstəqil Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevrilməsinə öz müsbət təsirini göstərəcəkdir. Bu fərman Elm və Təhsil Nazirliyində çalışan bütün əməkdaşların, o cümlədən institutumuzun əməkdaşlarının,  fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün səyləri birləşdirməyi tələb edir. Sənəddə   elm və təhsil sahəsində  idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə mühüm struktur dəyişiklikləri də  yer alıb. Fərmanla elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər  Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Nazirliyin nəzdində  Elm və Ali Təhsil,   Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentlikləri yaradılmışdır. Elm və Təhsil Nazirliyinin yaradılması   elm və təhsilin inteqrasiyası baxımından atılmış islahat yönümlü çox mühüm bir addımdır.  Ali təhsillə elmin birgə inteqrasiyası, bunun real zəmin əsasında olması, Azərbaycan elminin və ali təhsilin inkişafına xidmət göstərəcəkdir. Elm və təhsilin inteqrasiyası zamanın tələbidir. Belə ki, təhsilin və intellektual resursların ölkə həyatında müstəsna rolu, insan potensialının formalaşması, onun gələcəyi dövlətin rəqabətə davamlılığını şərtləndirən mühüm amillərdən biridir. Dövlətlər təkcə xidmət sahələri və istehsal etdiyi məhsullarla deyil, eyni zamanda elm və təhsil sistemləri ilə də rəqabət aparırlar. Hazırda dünyada rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında dövlətlər təbii sərvətlərindən çox, intellektual potensiallarına güvənirlər. Dünya miqyasındakı dəyişikliklərin sürətlə getdiyi hazırkı dövrdə hər bir ölkənin, cəmiyyətin yüksək təhsilli, innovasion təfəkkürlü mütəxəssislərə, elmi işçilərə daha böyük ehtiyacı var.  Akademik bildirdi ki, 2022-2026 –cı illərdə sosial- iqtisadi inkişaf Strategiyası  dövlət proqramında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivədəki prioritetlərə çatmaq üçün  elmi müəssisələr və universitetlər birgə olaraq həm tədqiqat işləri aparmalı, həm də müasir dövrün tələblərinə cavab verən vacib istiqamətlər üzrə kadrlar yetişdirməlidirlər. Həmin proqramda həmçinin beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayının artırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi də nəzərdə tutulmuşdur. Qeyd etmək yerinə düşər ki, bu məsələdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Elmlər Akademiyası və Təhsil müəssisələri arasında yaxşı pillələrdədir.

Eyni zamanda adı çəkilən dövlət proqramında “Yaşıl enerji” məkanının yaradılması əsas hədəflərdən biridir. Burada əsas məqsəd elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır.Bunun həyata keçirilməsində kimyaçıların üzərinə böyük iş düşür. Buna görə də, İnstitutun 2023-2025-ci illər üçün elmi-tədqiqat işləri planlaşdırılarkən aşağıdakı prioritet istiqamətlər nəzərə alınmalıdır: yaşıllaşma və karbonsuzlaşma (“aşağı karbonlu inkişaf”); bərpa olunan enerji; hidrogen istehsalı və akkumliyasiyası; kimya məhsullarının idxalının  yerli istehsalla əvəzlənməsi; yeni innovasiyalar və ixrac.

Akademik şöbə və laboratoriya rəhbərlərinə tapşırıq verərək bildirdi  ki, 2023-cü ilin elmi –tədqiqat planları qeyd olunan prioritetlər nəzərə alınmaqla 1 ay ərzində Elmi Şuraya təqdim olunmalıdır.

Sonra akademik doktorantura və dissertanturaya  qəbul olunanlar  haqqında məlumat verərək bildirdi ki, bu il  institutun doktorantura və dissertanturasına elmlər doktoru pilləsi üzrə 4, fəlsəfə doktorluğu pilləsi üzrə isə 9 nəfər qəbul olunub. Qəbul olunan doktorantların elmi rəhbərləri və dissertasiya işlərinin mövzuları müzakirələrdən sonra təsdiq olundu.

Sonra söz İnstitutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlıya verildi. O,  II  kurs  magistrantların  20.09.2022-ci il tarixində keçirilmiş attestasiyasının nəticələri barəsində Şura üzvlərini məlumatlandırdı. Müzakirələrdən sonra magistrlərin attestasiyasının nəticələri təsdiq olundu.

JURNALLAR
Faydalı linklər