Xəbərlər
Perseverance aparatı Marsdakı qədim çay deltasında çoxlu sayda orqanik birləşmə aşkar edib
Sen 20, 2022 | 10:01 / Maraqlı məlumatlar
Oxunub 100 dəfə

Perseverance aparatı Jezero kraterindəki qədim çay deltasında dağ süxuru nümunələrini yığaraq Mars səthindəki fəaliyyətini davam etdirirNASA mütəxəssislərinin verdikləri məlumata əsasən Perseverance tərəfindən yığılmış nümunələrdə çoxlu sayda orqanik molekullar aşkar edilib və həmin molekullar özlərində karbonu birləşdirirlər. Bu isə onu göstərir ki, 3.5 milyard il bundan öncə Jezero krateri potensial həyat növü üçün əlverişli münbit şəraitə sahib olmuş ola bilər.

“Jezero kraterindəki qədim çay deltasından əldə edilmiş dağ süxurlarının analizləri onu göstərib ki, həmin nümunələr çoxlu sayda orqanik maddəni özlərində birləşdirirlər. Bu, Perseverance missiyası çərçivəsində aşkar edilmiş ən böyük orqanik maddə konsentrasiyasıdır” - deyə Perseverance layihəsinin elmi əməkdaşı Ken Farley qeyd edib.

18 ay bundan öncə Mars səthinə eniş etmiş Perseverance aparatının əsas missiyası planetin səthində qədim mikrob həyat növünün tapılmasıdır. Bunun üçün aparat potensial orqanik maddələri özlərində birləşdirən dağ süxuru nümunələrini yığır. 7 iyul tarixindən Perseverance 4 ədəd bu cür nümunə tapıb. Ümumilikdə isə aparat 12 ədəd dağ süxuru nümunəsini əldə edib. Qədim çay deltasında olan çöküntü süxurlar özlərində mürəkkəb orqanik molekulları birləşdirirlər.

Bundan əlavə olaraq dağ süxurlarının tərkiblərində gil və sulfat minerallar var. Bunlar isə suyun dağ süxurları ilə qarşılıqlı əlaqəsi zamanı yaranan birləşmələrdir. “Əsas olan odur ki, bu süxurlar özlərində sulfat ilə gili birləşdirirlər. Bu o deməkdir ki, sözügedən süxurlar bioloji izlərin qorunub saxlanması məsələsində yüksək potensiala sahibdirlər” - deyə mütəxəssislərdən biri qeyd edib. Təbii ki, indidən dəqiq bir şey demək olmaz. Belə ki, dəqiq cavablar dağ süxuru nümunələrinin Yer kürəsində laboratoriya şəraitində analizləri zamanı ortaya çıxacaq.

JURNALLAR
Faydalı linklər