Xəbərlər
Kataliz və Qeyri-üzvü Kimya İnstitutunun həmtəsisçi olduğu “Kimya Problemləri” (Chemical Problems) jurnalının işıq üzü görməsindən 20 il keçir.
Sen 16, 2022 | 11:12 /
Oxunub 1206 dəfə

19 sentyabr 2022-ci il tarixində “Kimya Problemləri” (Chemical Problems) jurnalının Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinin 20 ili tamam olur.

Chemical Problems (Kimya Problemləri) – 2002-ci ildə kimya elmləri doktoru, professor Akif Şıxan oğlu Əliyev tərəfindən təsis edilərək, 2003-cü ildən Azərbaycanda nəşr olunur. 2004-cü ildən “Turan” kiçik müəssisəsi, 2008-ci ildən Kimya Problemləri İnstitutu (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) və R.Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutu (Gürcüstan, fəxri) həmtəsisçilər sırasına daxil edilmişdir.

Jurnalda kimya elminin müxtəlif sahələrinə dair aparılan tədqiqatların nəticələri dərc olunur: neft kimyası və neft emalı, elektrokimya, polimer kimyası, kimyəvi kinetika və kataliz, kristallokimya, nanokimya, üzvi və qeyri-üzvi kimya, alternativ enerji mənbələrınin tədqiqi, ekoloji kimya, materialşünaslıq və s. Jurnal Ali Attestasiya Komissiyası rəyasət heyətinin 09.07.2004-cü il tarixli (protokol № 13–Р) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir.

Chemical Problems Jurnalı dövri nəşrlərin Beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib və 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alaraq, bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilmişdir: 2009-cu ildən Chemical Abstract (CAS), 2015-ci ildən e.Library.ru (https://www.elibrary.ru/contents.asp?id=34537402), 2015-ci ildənCYBERLENİNKA (https://cyberleninka.ru/journal/n/kimya-problemleri?i=1106244), 2006-cı ildən VİNİTİ, 2019-cu ildən EuroPub (https://europub.co.uk/journals/chemical-problems-J-16925), 2016-cı ildən ULRICHSWEB, EBSCO, 2017-ci ildən CrossRef., 2021-ci ildən Scopus (https://www.scopus.com/sourceid/21101065070). Jurnalın www.chemprob.org rəsmi web səhifəsi fəaliyyət göstərir. Jurnal 2016-2019-cu illərdə Web of Science (Emerging Sources Citation Index)bazasına (Chemical Problems adı ilə) daxil  olmuşdur.

Jurnalın ildə 4 sayı işıq üzü görür və redaksiya şurasına kimyanın müxtəlif sahələrində çalışan qabaqcıl Azərbaycan alimləri daxildir: akademik V.M. Fərzəliyev - baş redaktor, akademik A.M. Əliyev - baş redaktorun müavini, akademik  D.B. Tağıyev, akademik V.M. Abbasov, akademik Ə.Ə. Məcidov, akademik T.M. Nağıyev,  akademik A.M. Məhərrəmov, AMEA-nın müxbir üzvü M.B. Babanlı, professor A.Ş. Əliyev,  AMEA-nın müxbir üzvü  B.Ə. Məmmədov,  AMEA-nın müxbir üzvü Y.N. Litvişkov, akademik A.Ə. Qəribov, AMEA-nın müxbir üzvü İ.İ. Müstafayev, professor Y.Ə. Yusibov, professor E.H. İsmayılov, professor N.A. Zeynalov, professor A.Z. Zalov.

Redaksiya şurasına öz sahələrində tanınmış xarici alimlər də daxildir: Beynəlxalq Hidrogen Energetikası Assosiasiyasının prezidenti, prof. N.Vəziroğlu (ABŞ), İstanbul Texniki Universitetinin professoru, Rusiya Elmi Mərkəzi “Kurçatov İnstitutu” bölmə müdiri, professor V.N.Fateyev (Rusiya), R.Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutunun direktoru G.Tatishvili, həmin institutun professoru T.A.Marsaqişvili, (Tbilisi) professor A.R. Farouk (Misir), professor Tayfur Öztürk (Türkiyə), professorlar G.Ya.Kolbasov və S.A.Solovyov (Ukrayna), professor M.P.Yunusov (Özbəkistan), professor E.Slavçeva (Bolqarıstan), professor T.N. Vorobyeva (Belarusiya), professor V. Miskovic-Stankovic (Serbiya), professor B.A.Trofimov (Rusiya, İrkutsk), professor P. Taslimi (Türkiyə), professor K. Bouzek (Çexiya).

20 il ərzində “Chemical Problems” jurnalında Azərbaycan, rus və ingilis dillərində 2000-dən artıq məqalə işıq üzü görüb. Kimyanın müxtəlif istiqamətlərində Azərbaycanlı alimlərin apardıqları tədqiqatların nəticələri dərc olunan “Kimya Problemləri” (Chemical Problems) jurnalının xarıcdə yayılması, daha çox oxucu kütləsi qazanması üçün jurnalın redaksiya heyəti bu istiqamətdə davamlı işlər aparıb və fəaliyyətinin nəticəsi olaraq, jurnal nüfuzlu indeksləşmə bazalarına daxil edilib. 2017-ci ildə Rəqəmsal İdentifikasiya Sistemi olan Crossref-də qeydiyyatdan keçərək DOİ alıb: 10.32737/2221-8688.

“Kimya Problemləri” (“Chemical Problems”) jurnalı 2015-ci ildən “РИНЦ”RSCI Rusi

ya indeksləşmə bazalarına daxildir. Qeyd etmək lazımdır ki, RSCI – Web of Science platformasında eLibrary və Clarivate Analytics bazaları arasında bağlanmış müqaviləyə əsasən yaradılmışdır.

Hal-hazırda dünya elmi ictimayyəti tərəfindən iki nüfuzlu beynəlxalq elmimetrik baza qəbul olunmuşdur - Web of Science (Clarivate Analytics) və Scopus. 2016-2019-cu illərdə Kimya Problemləri jurnalı Web of Science bazasına daxil edilmişdir (ESCI). Jurnalda çap olunmuş 211 elmi məqalə Web of Science bazasının web-saytında yerləşdirilib və bu günədək onlara 158 istinad verilmişdir.

2021-ci ilin sentyabr ayından “Chemical Problems” jurnalı Scopus beynəlxalq indeksləşmə bazasına daxil edilmişdir. Bu bazaya jurnalda dərc edilən 62 məqalə daxil olunmuşdur.

 “Chemical Problems” jurnalında məqalələr üç dildə çap olunurdu – azərbaycan, rus və ingilis. Son üç ildə jurnalda ingilis dilində dərc olunan məqalələrin sayı artaraq 40%-ə çatdırılıb. 2021-ci ildən isə jurnalda dərc edilən elmi məqalələrin hamısı ingilis dilində nəşr olunur. Jurnalda Rusiya, Gürcüstan, Türkiyə, İran, Misir, Macarıstan, Bolqarıstan, Özbəkistan, Ukrayna, Almaniya, Tayvan, Cənubi Afrika Respublikası və b. ölkələrin alimlərinin, eləcə də Azərbaycan alimlərinin və onların xarici həmkarları ilə birgə tədqiqatlarının nəticələrinə dair olan məqalələr dərc edilmişdir.

20 illik yubiley münasibətilə  jurnalın təsisçisi kimya elmləri doktoru, professor Akif Şıxan oğlu Əliyev baş redaktoru və redaksiya heyətinin bütün üzvlərini ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı və jurnalın daha böyük nailiyyətlər qazanmağı yolunda  uğurlar arzu edir.

JURNALLAR
Faydalı linklər