Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Rusiyalı alimin iştirakı ilə “Hidrogenin energetikası- perspektivlər və problemlər” adlı Elmi seminar keçirilmişdir.
İyn 24, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2417 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu,  Radiasiya  Problemləri İnstitutu, Fizika İnstitutu və Rusiya  “Kurçatov institutu” elmi-tədqiqat mərkəzinin alimlərinin iştirakı ilə iyunun 24-də Kataliz və Qeyri-üzvi Kimya İnstitutnda “Hidrogenin  energetikası- perspektivlər və problemlər” adlı  Elmi seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq, Rusiya “Kurçatov İnstitutu”  elmi-tədqiqat mərkəzinin “Elektrokimyəvi və hidrogen texnologiyası” şöbəsinin rəhbəri, k.e.d., professor Vladimir Nikolayeviç Fateyevi salamladı və Bakıda görməyindən məmnunluğunu bildirdi. Akademik qeyd etdi ki, hazırda “yaşıl” enerjidən istifadə dunyanın aktual problemlərindən biridir. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı inkişaf strategiyasında da “yaşıl energetika”, tullantısız texnologiyaların istifadəsi, təmiz ətraf mühit problemi 2 fevral 2021-ci ildə elan edilmiş milli prioritetlərin tərkib hissəsinə daxil edilmişdir. Akademik hidrogen energetikasına diqqətin son illərdə artmasının iqlimin qorunması üçün 12 dekabr 2015-ci ildə qəbul edilmiş Paris razılaşmasının tələblərini reallaşdırmaq və qlobal temperatur artımını 2%-dən aşağı salmaq, karbonsuz enerji daşıyıcılarına, ilk növbədə hidrogen enerjisinə  keçidi təmin etmək məqsədi daşıdığını söylədi. Alternativ və bərpa olunan enerji mənbələrinə Günəş və külək enerjisi, geotermal enerji və hidro enerji, biokütlə və hidrogen aid edilir. Hazırda mütəxəssislərin fikrincə neft, qaz və kömürü əvəz edə biləcək və onlarla rəqabət aparmaqda ən perspektivli enerji mənbəyi hidrogendir. Bu baxımdan bugünkü seminarda aparılacaq müzakirələr xüsusilə əhəmiyyətlidir.

Sonra professor Vladimir Nikolayeviç Fateyevin «Hidrogen energetikası- bu gun və sabah» adlı məruzəsi dinlənildi.  Məruzədə V.N. Fateyev vurğuladı ki, hidrogen "yaşıl" və ən təmiz enerji mənbəyidir. Bu baxımdan hidrogen energetikası - hidrogenin enerji daşıyıcısı kimi yəni, enerjinin toplanması, nəqli, istehsalı və istehlakı vasitəsi kimi istifadəsinə əsaslanan enerji sahəsidir. Professor məruzəsində hidrogenin alınması, saxlanılması və daşınması məsələlərinə toxunaraq hər bir mərhələdə olan problemlərdən danışdı. V.N.Fateyev bildirdi ki, hidrogenin alınma üsulları içərisində ən ucuz başa gələni suyun fotoelektrokimyəvi elektrolizidir. Bundan başqa, o, hidrogen energetikasının dünyanın müxtəlif ölkələrində inkişaf strategiyalarından danışdı. Almaniya, Rusiya, ABŞ və s. ölkələrin bu istiqamətdə müqayisəli təhlilini verdi.

Məruzədən sonra qonağa dinlənilən məruzə ətrafında müxtəlif suallar verildi. Akademik Adil Qəribov,  AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı məruzə haqqında çıxış edərək auditoriya ilə fikirlərini bölüşdülər  və qonağa belə maraqlı məruzə üçün minnətdarlıqlarını bildirdilər.

Sonda akademik Dilqəm Tağıyev Azərbaycanda da hidrogen energetikasının inkişaf etdirilməsi və bu sahədə hazırlanan proqram haqqında, institutda bu sahədə aparılan tədqiqat işləri barədə  məlumat verdi. Akademik qeyd etdi ki,  “Kurçatov İnstitutun”  elmi-tədqiqat mərkəzinin “Elektrokimyəvi və hidrogen texnologiyası” şöbəsi ilə birgə iş birliyimizi gələcəkdə də davam etdirmək hər iki tərəf üçün perspektivli olar və  Vladimir Nikolayeviç Fateyevə dolğun məruzəyə görə öz təşəkkürünü bildirdi.  

JURNALLAR
Faydalı linklər