Xəbərlər
Kimya Elmləri Bölməsi 2021-ci ildəki fəaliyyətinə dair hesabat verib
Apr 27, 2022 | 14:25 / Konfranslar, iclaslar
Oxunub 1765 dəfə

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Kimya Elmləri Bölməsinin (KEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev bildirib ki, ötən il “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı inkişafı Dövlət Proqramının Tədbirlər Planı” və AMEA-nın Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı”ndan irəli gələrək müvafiq tapşırıqlar yerinə yetirilib.

Akademik diqqətə çatdırıb ki, 2021-ci ildə bölmənin institutlarında 12 problemi əhatə edən 42 mövzu və 118 iş üzrə tədqiqatlar aparılıb, 18 mühüm elmi nəticə əldə edilib.

O vurğulayıb ki, hesabat ilində vakuum qazoylunun hidrokrekinqi üçün modifikasiya olunmuş təbii alümosilikat katalizatorunun üstünlükləri göstərilib, kimya mühəndisliyi sahəsində qeyri-nyuton neftlərinin məsaməli mühitlərdə hidravlik diffuziya əmsallarının qiymətləndirilməsi üçün yeni ifadələr və filtrasiya tənlikləri alınıb, gələcəkdə potensial dərman maddəsi ola biləcək yeni üzvi birləşmələr sintez edilib, həmçinin mikroelektronika üçün yüksək litoqrafik xüsusiyyətlərə, fotohəssaslığa, optiki şəffaflığa malik tsiklopropan tərkibli polimerlər sintez olunub.

Bölmə institutları tərəfindən tətbiq üçün 2021-ci ildə 4 yeni nəticənin alındığını, 8 işin tətbiqinin davam etdirildiyini deyən natiq “Qarabağ-4” bitki boy stimullaşdırıcısının, “Baku Steel Company” QSC-də valların işlək hissəsinin davamlılığını artırmaq üçün yeni tərkibli ağ çuğunun, yerli xammal əsasında hazırlanmış üzvi-mineral gübrənin tətbiq olunduğunu, Təcrübə Sənaye Zavodunda 500 ton məhsul, o cümlədən 240 ton plastik sürtkülərin, eləcə də INKOR MMC-də 1700 ton “Kaspi” və “Kaspi X” ingibitorlarının, Xəzər deemulqatorunun, Bakı ərphəlledicisinin, “AzofosK” gübrəsinin, “V-2” qatqısının, Aşqar EİB-də 3000 ton depressatorun istehsal edilərək sifarişçilərə verildiyini söyləyib.

Bölmə alimlərinin elmi göstəricilərini təqdim edən akademik 2021-ci ildə 22 monoqrafiya, kitab və dərsliyin (2-si xaricdə), 841 məqalə və tezisin (474-ü xaricdə) çap olunduğunu, 259 məqalənin “Web of Science” bazalarında indeksləşən jurnallarda, o cümlədən 65 məqalənin “Clarivate Analytics” bazasının ən nüfuzlu Q1-Q4 qruplarına daxil olan jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb. Həmçinin 40 patentin (2-si xarici olmaqla) alındığını, 32 iddia sənədinin AR Əqli Mülkiyyət Agentliyinə təqdim edildiyini vurğulayıb.

Bundan əlavə, kadr hazırlığı, qrantlar, beynəlxalq əlaqələr, bölmədə işıq üzü görən jurnallar, maddi-texniki təchizat və maliyyələşmə haqqında məlumatı Ümumi yığıncaq iştirakçılarına təqdim edib.

Akademik Dilqəm Tağıyev bir sıra təkliflərini də səsləndirib. Bildirib ki, dövlətin elm siyasətini icra edən ali dövlət qurumu kimi AMEA-nın statusu yüksəldilməlidir. Onun sözlərinə görə, real təsirə və maliyyə imkanına malik, bilavasitə dövlət başçısının tabeliyində yaradılması məqsədəuyğun olan Ali Elm Şurası islahatlara rəhbərliyi, nəzarəti  və məqsədli maliyyə dəstəyini təmin edə bilər.

“Elmə münasibət inkişaf etmiş ölkələrdə olduğu kimi praqmatik olmalıdır. Elmin gəlir gətirməsi üçün ona dövlət sifarişləri, elm-istehsalat simbiozları və xüsusi fondlar vasitəsilə sərmayə qoyulmalıdır. Laboratoriya nəticələri avtomatik olaraq inqilabi texnologiyalara çevrilmir. Bunun üçün maliyyə, səbr və vaxt tələb olunur. Elmi nəticələrin maliyyələşməsinə və tətbiqinə isə özəl sektor və biznes maraq göstərmir, hərçənd ki, ÜDM-un 80%-dən çoxu onların payına düşür. Müasir istiqamətlər üzrə gənc və perspektivli fəlsəfə doktorlarında stimul yaratmaq üçün AMEA-da adlı tədqiqat  təqaüdləri proqramının təsis edilməsinə ehtiyac var. Elmlər doktoru dərəcəsinin nüfuzlu jurnallardakı məqalə və əsərlər külliyatına görə müdafiə prosedurunu keçmədən (xüsusən, təbiət elmləri və texnologiyalar sahəsində) verilməsi cavan fəlsəfə doktorlarının tədqiqatları davam etdirməsinə marağı və həvəsi artırar. AMEA əməkdaşlarının əmək pensiyalarının artırılması və optimal yaş həddinin tətbiq edilməsilə gənc elmi kadrların sayının artırılmasına köməklik edər”, - deyə akademik Dilqəm Tağıyev diqqətə çatdırıb.

Natiq çıxışının sonunda bildirib ki, elm insan fəaliyyətinin xüsusi formasıdır və buna görə də elmə və elm adamlarına münasibət də xüsusi olmalıdır.

Məruzə dinlənildikdən sonra hesabat ətrafında çıxışlar olub, AMEA-nın Ümumi yığıncağının qərarı ilə bölmənin elmi müəssisə və təşkilatlarına müvafiq tapşırıqlar verilib.

JURNALLAR
Faydalı linklər