Xəbərlər
Professor Asif Məmmədovu 75 illik yubileyi münasibətilə təbrik edirik!
Apr 25, 2022 | 16:21 / Yubileylər
Oxunub 2058 dəfə

Bu günlərdə tanınmış kimyaçı alim, Azərbaycan kimyəvi termodinamika elmi məktəbinin görkəmli nümayəndəsi Asif Məmmədovun 75 yaşı tamam olur.
Asif Nəsib oğlu Məmmədov 1947-ci il may ayının 2-də Azərbaycanın  Ağdam şəhərində anadan olmuşdur. 1965-ci ildə Ağdam şəhər 5 №- li orta məktəbi qızıl medalla, 1970 ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini  fərqlənmə diplomu ilə bitirmişdir. 1974-cü ildə fiziki-kimya ixtisası üzrə kimya elmləri namizədi, 1990-cı ildə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsi, 2007-cı ildə professor elmi adı almışdır. 1971-ci ildən Elmlər Akademiyası sistemində işləyir. Hal hazırda AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Mineral  xammalın kompleks emalı” şöbəsinin və həmin şöbənin nəzdindəki "Dəmir və titan tərkibli filiz xammalının emalı" laboratoriyasının müdiri vəzifəlrində çalışır. O, eyni zamanda Azərbaycan Texniki Universitetinin “Kimya, texnologiya, təkrar emal və ekologiya” kafedrasının professorudur.
Prof. A.Məmmədovun elmi maraqları mineral xammal konsentratlarının emalının fiziki-kimyəvi əsaslarının işlənməsi, metal xəlitələrinin, intermetallid və yarımkeçirici birləşməli sistemlərin fiziki-kimyəvi və termodinamiki xassələrinin proqnozlaşdırılması, tədqiqi və modelləşdirilməsi kimi mühüm məsələləri əhatə edir. 2015 –ci ildən o, həmçinin faza diaqramlarının 3D analitik modelləşdirilməsi və qeyri-səlis məntiq nəzəriyyəsi əsasında analizi sahəsində uğurlu elmi fəaliyyət göstərir.
Prof. A.Məmmədov 300-dən artıq elmi və elmi-pedaqoji əsərin, o cümlədən 200 məqalənin, 5 patentin, 20 kitabının (5 monoqrafiya, 1 məlumat kitabı, 4 dərslik, 10 dərs vəsaiti) həmmüəllifidir. Məqalələrinin 80-ə qədəri Clarivate Analytics beynəlxalq bazasına daxil olan elmi jurnallarda çap olunmuşdur. Onun akademik Dilqəm Tağıyevlə birgə yazdığı seriya kitablar, o cümlədən, Gələcəyin kimyası (2019), Kimyada informasiya texnologiyalarının tətbiqi (2018), Tək atomdan supramolekulyar kimyaya (2015) elmi ictimayyət tərəfindən yüksək qiymətləndirilmişdir, AMEA-da və respublika universitetlərində magistraturada tədqis olunan ixtisas kurslarında geniş istifadə olunur.
Asif Məmmədov yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində də uğurla çalışır. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 6 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlamışdır. O, müxtəlif illərdə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının “Yeni materiallar” üzrə Problem Şurasının elmi katibi, “Tətbiqi riyaziyyat” üzrə Problem Şurasının, Bakı Dövlət Universitetinin, Azrbaycan Dövlət Neft və Sənaye Universitetinin, AMEA-nın Kataliz Və Qeyri-Üzvi Kimya Institutunda Dissertasiya Şüralarının üzvü olmuşdir. Hal – hazırda Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının “Kimya” üzrə Problem Şurasının və Azərbaycan Respublikasının Przidenti yanında Ali Attestasiya Komissiyasının kimya üzrə Ekspert Şurasının üzvüdür. 1996-2016-cı illərdə TQDK (indiki Dövlət İmtahan Mərkəzi) kimya üzrə ekspert şurasının üzvü kimi səmərəli fəalliyyət göstərmişdir. Onun 4 nümunəvi dərsi 2010-cu ildən Dövlət İmtahan Mərkəzi tərəfindən YouTube kanalında yerləşdirilmişdir.
Prof. Asif Məmmədov 60 illik yubileyi münasibəti ilə AMEA-nın fəxri fərmanı (2007) ilə təltif olunmuşdur.
Hörmətli Asif müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq. İnanırıq ki, Asif hələ uzun illər Azərbaycan kimya elminin inkişafına öz dəyərli töhfələrini verəcəkdir. Doğum gününüz mübarək!

JURNALLAR
Faydalı linklər