Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan –Fransa Universitetinin magistrantları elmi təcrübə keçirlər.
Apr 25, 2022 | 15:46 / Konfranslar, iclaslar
Oxunub 2584 dəfə

25.04.2022 tarixindən AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan –Fransa Universitetinin(UFAZ) 8 magistrantı elmi təcrübə proqramının həyata keçirilməsinə başlayıblar.
Təcrübənin ilk günü İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev magistrantları qəbul edib. Görüşdə akademik bildirib ki, aprelin 21-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Strasburq Universiteti (UNISTRA) arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişə görə tərəflər bir sıra elm sahələri, o cümlədən, kimya və kimya mühəndisliyi, materialşünaslıq və s. sahələrdə təhsilə, elmi-texniki inkişafa, tədqiqat işlərinə dəstək vermək, birgə konfranslar və seminarlar təşkil etmək, gənc tədqiqatçıların-bakalavrların, magistrantların, doktorantların birgə elmi layihələrdə iştirakını dəstəkləmək, eyni zamanda AMEA, ADNSU və UFAZ-ın elmi kadrlarının və tələbələrinin qarşılıqlı təcrübə keçməsi üçün birgə proqramların hazırlamnası, cihaz və avadanlıqlardan birgə tədqiqatların aparılması üçün istifadə etmələrinə şərait yaratmaq və s. barədə razılığa gəliblər. Akademik qeyd edib ki, sözügedən sənəd birgə elmi işlərin aparılmasında, təcrübə mübadiləsinin keçirilməsində, birgə elm-tədqiqatların aparılmasında mühüm rol oynayacaq. Dilqəm Tağıyev bildirib ki, təcrübədə olduqları müddətdə təhkim olunduqları laboratoriyalarda tədqiqat işlərini aparmaq üçün onlara hər cür şərait yaradılacaq və bu şəraitdən maksimum yararlanmağı magistrantlara tövsiyə etdi.
Qeyd edək ki, təcrübə proqramı İnstitutun “Monooksigenaz reaksiyalarının modelləşdirilməsi”, “Kimyəvi- texnoloji proseslərin modelləşdirilməsi”, “Katalizatorların hazırlanması”, “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları”, “Nano elektrokimya və elektrokataliz”, “Ekoloji kataliz“ və “Seolit katalizi” laboratoriyalarında çalışan ixtisaslı mütəxəssislərin iştirakı ilə həyata keçiriləcəkdir.
Proqramda UFAZ-ın “Fiziki kimya” və “Kimya mühəndisliyi” ixtisasları üzrə magistratura pilləsində təhsil alan 8 magistrant iştirak edəcəkdir. Magistrantlar 5 həftə ərzində təhkim olunduqları şöbələrdə əvvəlcədən təsdiq olunmuş mövzular üzrə elmi-tədqiqat işləri aparacaq və sonda apardıqları işlərin yekunu olaraq referat hazırlayıb universitetə təqdim edəcəklər.

JURNALLAR
Faydalı linklər