Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Dövlət Universitetinin tələbələri təcrübə keçirlər.
Apr 08, 2022 | 14:30 / Təhsil
Oxunub 2561 dəfə

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya” ixtisası üzrə IV kurs tələbələrinin AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsi davam edir.
Təcrübəyə cəlb olunan tələbələr İnstitutun laboratoriyalarında son illərdə alınan cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi tədqiqat üsulları, laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olur, laboratoriya təcrübələrinin aparılmasında iştirak edirlər. Son 2 həftə ərzində tələbələr “Nanostrukturlaşdırılmış metal polimer katalizatorlar”, “Keçid metalları əsasında metal komplekslərin sintezi”, “Biomimetik sensorlar və azot-1 oksidlə oksidləşmə”, “Monooksigenaz reaksiyalarının modelləşdirilməsi”, “Ekoloji kataliz”, “Analitik kimya“ və digər laboratoriyalarda təcrübədə olublar. Tələbələr qeyd olunan laboratoriyalarda təcrübədə olduqları müddətdə poli-N-vinilpirrolidonun N,N – metilen –bis-akrilamidlə sintez olunmuş nümunələrin şişmə dərəcələrinin təyini, yeni hidrazin liqandı əsasında metal komplekslərin sintezi, biomimetik sensorun (TPhPFe3+/Al2O3/Pb) peroksidaz aktivliyinin potensiometrik metodla təyini, metanolun oksidləşmə prosesləri üçün katalizatorların sintezi və onların aktivliklərinin öyrənilməsi, biomimetik katalizator (TPhPFe3+ OH/Al2O3) üzərində metanın hidrogen peroksidlə oksidləşməsi, kompleks birləşmələrin alınması və s. tədqiqat işlərinin aparılmasında, alınan nəticələrin müzakirəsi prosesində yaxından iştirak ediblər.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə əldə etdiyi razılaşmaya uyğun olaraq kimya fakültəsinin tələbələri hissə-hissə cari ilin may ayının 25-dək İnstitutda təcrübə keçəcəklər.

JURNALLAR
Faydalı linklər