Xəbərlər
MDU-nun Bakı filialının Kimya fakültəsinin məzunu biotexnologiyalar sahəsində mühüm nailiyyətlər əldə edib.
Apr 01, 2022 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1486 dəfə

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialını 2016-cı ildə əla qiymətlərlə bitirmiş Aysel Gülxan qızı Aslanlı hazırda M.V.Lomonosov adına MDU-nun Kimya fakültəsinin Kimya enzimologiyası kafedrasında işləyir və bu sahədə perspektiv tədqiqatların fəal iştirakçısı, nüfuzlu beynəlxalq nəşrlərdə bir sıra yazıların müəllifidir və müxtəlif mükafatlara layiq görülüb.

Aysel Aslanlı 2020-ci ildə M.V.Lomonosov adına MDU-nun Kimya fakültəsinin Kimya enzimologiyası kafedrasında biotexnologiya (o cümlədən bionanotexnologiyalar) ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Fosfor üzvi birləşmələrin və asilhomoserinlaktonların hidrolizi üçün His6-OPH əsaslı polifunksional preparatlar” mövzusunda dissertasiyanı uğurla müdafiə edib.

Dissertasiya işinin icrası zamanı Aysel biotexnologiyalar sahəsində, o cümlədən bionanotexnologiya, bioinformatika, fermentativ kinetika, zülal dizaynı, molekulyar biologiya, biotəbabət və toksikologiya sahələrində çoxsaylı tədqiqatlar aparıb.

“Bu işin icrası çərçivəsində mən fermentlərin, mikrob əleyhinə agentlərin, toksinlərin müxtəlif eksperimental tədqiqat metodlarını, habelə kompüter modelləşdirilməsi və onlardan molekullararası qarşılıqlı təsirlərin tədqiqi üçün istifadə edilməsi metodlarını mənimsədim. Həmçinin unikal əməliyyat xarakteristikasına malik, dünyaca məşhur analoqlarını üstələyən, özündə müxtəlif funksional aktivliyi birləşdirdiyi üçün praktikada geniş və çoxməqsədli tətbiq edilə bilən yeni fermentlərin preparatlarının xüsusiyyətlərini təhlil etdim. Eksperimentlərin planlaşdırılmasında, tədqiqatların aparılmasında, əldə edilmiş tədqiqat nəticələrinin emalında və interpretasiyasında, publikasiyaların hazırlanmasında fəal iştirak etdim. Elmi tədqiqat fəaliyyətimin nəticələri 45 publikasiyada əksini tapıb. Bu sıraya “Web of Science”, “Scopus” və RSCI (o cümlədən Q1 kateqoriyalı 3 jurnalda) dərc edilmiş 16 məqalə, monoqrafiyada yer almış 1 məqalə, Rusiya Federasiyasında 2 patent, müxtəlif elmi beynəlxalq forumlarda təqdim edilmiş 26 məruzə tezisləri daxildir”, - deyə Aysel Aslanlı qeyd edib.

Dissertasiya işinin yerinə yetirilməsi zamanı əldə edilmiş nailiyyətlərə görə gənc alimə Rusiya Federasiyası Prezidentinin təqaüdü (2019-2020), habelə M.V.Lomonosov adına MDU-nun aspirantlar və gənc alimlər üçün təqaüdü (2019-2020) verilib. Onun dissertasiyasının nəticələri Ekobiokataliz laboratoriyasında tədqiqatların bir hissəsinə çevrilib, “Arximed” Moskva beynəlxalq ixtira və innovasiya texnologiyaları salonlarının gümüş (2017) və bürünc (2020) medalları ilə təltif edilib. Aysel, həmçinin “Arximed-2019” Beynəlxalq salonunun “Gənclərin innovasiya potensialı - 2019” kateqoriyası üzrə laureatıdır, 2018-ci ildə N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində keçirilmiş və V.Q.Şuxovun anadan olmasını 165 illiyinə həsr edilmiş Ümumrusiya Mühəndislik və Humanitar Elmlər Sahəsində Elmi-Tədqiqat İşləri Müsabiqəsinin I dərəcəli diplomunu alıb.

Öz sahəsinin peşəkarı olan A.Aslanlı MDU-nun Bakı filialında təhsil illərini ən xoş sözlərlə xatırlayır: “Mən gözəl təhsil almaq və həyata keçirdiyim elmi fəaliyyət istiqamətini seçmək imkanı yaradıldığına görə rektor Nərgiz xanım Paşayeva başda olmaqla MDU-nun Bakı filialına minnətdarlığımı bildirmək istərdim. Məhsuldar tədris və zəngin tələbə həyatı üçün şərait yaradıldığı üçün, hər tələbəyə diqqət və hörmət göstərildiyi üçün Filialın bütün kollektivinə və professor-müəllim heyətinə çox təşəkkür edirəm. Sizin səyləriniz nəticəsində dünənin abituriyentləri ildən-ilə özünə əmin olan, insanlara fayda gətirən peşəkarlara çevrilir!”

JURNALLAR
Faydalı linklər