Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri təcrübə keçirlər
Mart 16, 2022 | 16:41 / Təhsil
Oxunub 3234 dəfə

Təcrübəyə cəlb edilən tələbələrin institutda aparılan tədqiqat işləri, istifadə olunan metodlar və cihazlar barəsində hərtərəfli məlumat əldə etmələri üçün laboratoriyalar arasında bölünüblər və hər həftə bölgü dəyişir. Bu həftə ərzində bir qrup tələbə “Molekulyar maqnetiklər” laboratoriyasında təcrübədə olublar. Qeyd edək ki, laboratoriyanın əsas istiqaməti molekulyar maqnetik və molekulyar keçirici xassəli yeni materialların alınması üçün keçid metallarının azot-, oksigen- və kükürd tərkibli liqandlarla yeni daxili kompleks birləşmələrinin sintezi və tədqiqindən ibarətdir.Tələbələr laboratoriyada təcrübədə olduqları müddətdə hidrotermal reduksiyası ilə müxtəlif mühitlərdə (etilenqlikol, qarışqa turşusu) nanostrukturlu, maqnit xassəli metal/metal oksid əsaslı maddələrin, kompozitlərin və kompleks birləşmələrin sintezində, eyni zamanda alınan birləşmələrin infraqırmızı (İQ) və ultrabənövşəyi (UB) spektroskopiya, atom qüvvə mikroskopu üsulları ilə tədqiqi barədə məlumatlandırılmış və alınan nəticələrin müzakirəsində iştirak etmişlər.

Tələbələrin digər qrupu isə “Metal- üzvi birləşmələr əsasında nanokatalizatorlar” laboratoriyasında təcrübə keçmişlər. Tələbələr laboratoriyada yerli xammal olan bentonit əsasında katalizatorların sintezi prosesində, eyni zamanda alınan katalizatorların fiziki-kimyəvi tədqiqi , o cümlədən termiki (DTA) və rentgenfaza (RFA) analizləri ilə öyrənilməsi və bu katalizatorların konkret reaksiyalar üzərində sınaqdan keçirilməsi proseslərində iştirak etmiş, sintez üsulları haqqında ətraflı məlumat almışlar.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə əldə etdiyi razılaşmaya uyğun olaraq kimya fakültəsinin tələbələri cari ilin may ayının sonuna qədər İnstitutda təcrübə keçəcəklər.

JURNALLAR
Faydalı linklər