Xəbərlər
Foto
AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda iki dissertasiya işinin müdafiəsi keçirilib
Mart 10, 2022 | 16:54 / Konfranslar, iclaslar
Oxunub 3362 dəfə

10 mart 2022-ci il tarixində AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasında Bakı Dövlət Universitetinin “Ümumi və qeyri-üzvi kimya” kafedrasının dissertantı Mənsimova Şəbnəm Hamlet qızının 2303.01 – “Qeyri-üzvi kimya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ag2X-PbX-Sb2X3 (X-Se,Te) kvaziüçlü sistemlərində faza tarazlıqları və aralıq fazaların xassələri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. İclası giriş sözü ilə açan Dissertasiya Şurasının sədri, AMEA-nın vitse-prezidenti, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, iclasda Dissertasiya şurasının 14 nəfər üzvündən 13-ü iştirak edir. Dissertasiya işi AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiri, AMEA müxbir-üzvü Məhəmməd Babanlının və BDU-nun əməkdaşı, k.e.d., professor Teymur İlyaslının rəhbərlikləri altında yerinə yetirilib. Elmi-tədqiqat işinin rəsmi opponentləri k.e.d., professor İmir Əliyev, k.e.d., professor Tofiq Əliyev, k.ü.f.d. Mətanət Mahmudova təyin ediliblər.

Dissertasiya şurasının elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Məmmədova iddiaçı Şəbnəm Mənsimovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi və çıxış etmək üçün sözü iddiaçıya verdi.

Şəbnəm Mənsimova mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında ətraflı məlumat verdi, dissertasiya işinin əsas müddəalarını şərh edərək bildirdi ki, Ag2X-PbX-Sb2X3 sistemlərində faza tarazlıqlarına və termodinamik xassələrə aid alınmış yeni nəticələr kompleksi çoxkomponentli metal xalkogenidlərin kimyasına və termodinamikasına ciddi töhfədir. Bu nəticələr həmin sistemlərdə aşkar edilən dəyişən tərkibli

çoxkomponentli fazaların istiqamətli sintezinin və monokristal halında alınmasının metodikalarının işlənməsi və texnoloji şəraitlərinin seçilməsi üçün əsasdır və bu məqsədlə istifadə edilə bilər. Tədqiq edilən sistemlərin faza diaqramları, həmçinin yeni aralıq fazaların termodinamik, kristalloqrafik və digər xassələri maddələrin fundamental fiziki-kimyəvi göstəriciləri olub, müvafiq elektron-informasiya banklarına və məlumat sorğusu kitablarına salına bilər.

Sonra dissertasiya ətrafında geniş müzakirələr aparıldı, iddiaçı şura üzvlərinin suallarını cavablandırdı, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirdi. Opponentlər və digər çıxış edənlər iddiaçı və aparılmış tədqiqat işi barəsində müsbət fikirlərini söylədilər. Şəbnəm Mənsimovanın yekun sözlərini dinlədikdən sonra gizli elektron səsvermə keçirildi. Səsvermənin nəticələrinə əsasən Şəbnəm Mənsimovaya kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi.

Daha sonra ikinci iddiaçı ADNSU–nun doktorantı Fidan Daxil qızı Qüdrətovanın 2303.01 – “Qeyri-üzvi kimya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Reniumun O- və N- donor liqandlı kompleks birləşmələrinin sintezi və xassələri” adlı tədqiqat işinin müdafiəsi oldu. Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev qeyd etdi ki, tədqiqat işi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının laboratoriyasında, kimya üzrə elmlər doktoru, professor Minirə Ağahüseynovanın rəhbərliyi altında həyata keçirilib. Elmi-tədqiqat işinin rəsmi opponentləri akademik Adil Qəribov, k.e.d., professor Akif Əliyev, k.e.d., professor Özbək Əliyev təyin ediliblər.

Dissertasiya şurasının elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Məmmədova iddiaçı Fidan Qüdrətovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış edərək iddiaçı F.Qüdrətovaya söz verdi. İddiaçı mövzunun

aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında ətraflı məlumat verdi. O bildirdi ki, reniumun bir sıra N- və O- saxlayan donor üzvi liqandlarla (fenantrolin, nikotinamid, imidazol, benzimidazol, ftalosianin) kompleks birləşmələrinin sintez üsulları işlənib hazırlanmış, ayrılan 19 birləşmədən 11-i ilk dəfə alınmışdır. Sintez edilmiş birləşmələrin tərkibi, quruluşu, kimyəvi rabitənin təbiəti və koordinasiya növü müəyyən olunmuşdur. Sintez olunmuş Re(V) komplekslərin benzilfenilsulfidin və tsikloheksenin oksidləşməsi reaksiyalarında katalitik aktivliyi tədqiq olunmuş, konduktometriya üsulu ilə müxtəlif üzvi həlledici mühitində elektroliz tipi müəyyən edilmişdir.

Sonra tədqiqat işinin mövzusu üzrə geniş müzakirələr aparılmış, iddiaçı verilən sualları cavablandırmış, rəsmi opponentlərin tövsiyə və iradlarına münasibətini bildirmişdir. Opponentlər və çıxış edənlər ikinci iddiaçı və onun tədqiqat işi barədə də müsbət fikirlərini səsləndirdilər. Sonda gizli elektron səsvermə keçirildi. Səsvermənin nəticələrinə əsasən, Fidan Qüdrətovaya kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər