Xəbərlər
Foto
Bütün bəşəriyyət xanımlara borcludur.
Mart 05, 2022 | 14:11 / Konfranslar, iclaslar
Oxunub 3681 dəfə

Martın 5-də AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru,  AMEA-nın  vitse-prezidenti akademik Dilqəm Tağıyev öncə bütün xanım əməkdaşları təbrik etdi, şəxsi həyat və karyeralarında müvəffəqiyyət arzu etdi. Sonra qeyd etdi ki, baharın ilk ayı olan mart ayı ümumiyyətlə bayramlar ayıdır. Belə ki, 8 mart Beynəlxalq Qadınlar günü, Novruz bayramı və elm sahəsində çalışanların peşə bayramı olan 27 Mart Elm günü da mart ayına təsadüf edir.  

Akademik qeyd etdi ki, bütün bəşəriyyət xanımlara borcludur. Belə ki, Azərbaycan xanımı həm ailəsinin qayğısını çəkir, həm xalqımızın gələcəyi olan övladlar  yetişdirir, həmçinin, cəmiyyətin bütün sahələrində olduğu kimi elm sahəsində də mühüm nailiyyətlər əldə etməyi bacarır.  M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya institunda çalışan əməkdaşların 75 faizi qadınlardır. Onlar həm rəhbər vəzifələrdə, həm də sıravi elmi işçilər kimi təmsil olunurlar. Son hesabatda biz növbəti dəfə onların yüksək elmi potensialına şahid olduq. Lakin, biz arzu edərdik ki, əməkdaşlarımız elmi fəallıqlarını daha da artırsınlar və elm sahəsində daha böyük nailiyyətlər əldə etsinlər, böyük elmi uğurlara imza atsınlar. Əlavə edim ki, gənc alimlərin fəal olması təqdirəlayiq haldır. Onlar həm ölkə daxilində, həm də xarici dövlətlərdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edirlər. Son dövrlərdə əməkdaşlarımızın sırasına daxil olan magistrant və doktorantların hesabına kollektiv gəncləşməkdə davam edir. İnstitutumuzda çalışan gənc alimlərə lazımi dəstəyi göstərir və göstərməyə davam edəcəyik.

Akademik Dilqəm Tağıyev çıxışını yekunlaşdıraraq 8 mart Qadınlar günündə xanım əməkdaşları həvəsləndirmək məqsədi ilə, AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya  İnstitutun rəhbərliyi, Həmkarlar Təşkilatı, Qadınlar Şurası və Gənc Alimlər Şurasının təşkilatçılığı ilə institutun 12 əməkdaşına şəxsi işlərinə yazılmaq şərti ilə təşəkkür elan edildiyini zalda əyləşən xanımların diqqətinə çatdırdı.

Sonra Həmkarlar Təşkilatının sədri Arif Əfəndi bütün qadınları təbrik etdi, çətin pandemiya dövrü və sərt karantin rejimindən sonra xanımlara möhkəm can sağlığı arzu etdi. Büro üzvü Elza Salahova elm tariximizdə iz qoymuş ziyalı alim xanımlardan söz açdı, Zərifə Əliyeva, İzzət Orucova, Aidə İmanquluyeva kimi qadın akademiklərin  adlarını çəkdi və əlavə etdi ki, bu gün də elmdə qadınların xüsusi çəkisi çoxdur, İnstitutumuzda gənc alim xanımlar üçün bütün şərait yaradılır ki, onlar da gələcəyin korifey alimlərinə çevrilə bilsinlər.

İnstitutun Qadınlar şurasının sədri Esmira Quluzadə sədrlik etdiyi şura və bütün qadınların adından akademik Dilqəm Tağıyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdi və son dövrlərdə İnstitutumuzda baş verən müsbət dəyişikliklərin, kollektivin gəncləşməsinin məhz onun sayəsində baş verdiyini vurğuladı.

Sonda təşəkkür elan edilmiş əməkdaşlar çıxış etdilər və İnstitutun rəhbərliyinə, xüsusilə də akademik Dilqəm Tağıyevə yaratdığı şərait və verdyi dəyər üçün təşəkkür etdilər.

Şən və bayram əhval ruhiyyəsində keçən tədbirin sonunda Həmkarlar təşkilatı tərəfindən xanım əməkdaşlara 8 mart hədiyyələri təqdim edildi.

JURNALLAR
Faydalı linklər