Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının həmmüəllif olduqları məqalə nüfuzlu elmi jurnalda çap olunmuşdur.
Fev 14, 2022 | 13:00 / Nəşrlər
Oxunub 1729 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvi, prof. Məhəmməd Babanlı, kiçik elmi işçi Elnur Oruclu və Azərbaycan Neft və Sənaye Universitetinin dosenti, k.ü.f.d. Ziya Əliyevin müəllifləri olduğu elmi məqalə nüfuzlu "Elsevier" nəşriyyatının Q1 kateqoriyalı CALPHAD (Computer Coupling of Phase Diagrams and Thermochemistry) jurnalında çap olunmuşdur.

Məqalə son illərin ən innovativ funksional materialları olan maqnetik topoloji izolyatorların alınması və tədqiqinə həsr olunmuşdur. Bu məqsədlə müəlliflər SnTe-MnTe-Sb2Te3 kvaziüçlü sistemini müasir fiziki metodlarla tədqiq etmiş və faza tarazlıqlarının etibarlı mənzərəsini almışlar. Sistemdə fasiləsiz Mn1-xSnxSb2Te4 və Mn1-xSnxSb4Te7 (x = 0 ÷ 1) bərk məhlul sıraları aşkar edilmiş, onların məqsədyönlü sintezinin elmi əsasları yaradılmışdır.

Qeyd edək ki, məqalədə təqdim olunan yeni fazalar tərkib və xassələri tənzimlənə bilən maqnetik topoloji izolator materialları kimi böyük elmi və tətbiqi əhəmiyyət kəsb edirlər.

Elnur N. Orujlu, Ziya S. Aliev, Mahammad B. Babanly, The phase diagram of the MnTe–SnTe–Sb2Te3 ternary system and synthesis of the iso- and aliovalent cation-substituted solid solutions, Calphad, Volume 76, 2022, 102398, ISSN 0364-5916,

https://doi.org/10.1016/j.calphad.2022.102398. (https://www.sciencedirect.com/science/article/pii/S0364591622000098)

JURNALLAR
Faydalı linklər