Xəbərlər
FotoVideo
Kimya Elmləri Bölməsinin Ümumi yığıncağında İnstitutların illik hesabatları müzakirə edilib
Dek 28, 2021 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 3025 dəfə

Dekabrın 28-də Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA-nın Kimya Elmləri Bölməsinin Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin həqiqi və müxbir üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, elmi informasiya, ictimaiyyətlə əlaqələr, təhsil və beynəlxalq əlaqələr şöbələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri akademik Dilqəm Tağıyev iclasın Bölməyə daxil olan İnstitutların 2021-ci ildə apardıqları elmi tədqiqat işlərinin yekunlarına həsr olunduğunu qeyd etdi.

Sonra akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun icraçı direktoru, texnika elmləri doktoru Nizami Mürsəlov təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər barədə məlumat verdi. Alim bildirdi ki, cari ildə elmi müəssisədə 6 problem üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 5 mühüm elmi nəticə əldə edilib. İnstitut əməkdaşları tərəfindən “Kaspi-X” inhibitoru və “Xəzər”deemulqatorunun istehsal texnologiyası təkmilləşdirilmiş və müvafiq müqavilələr əsasında istehsal edilmişdir. Bu il əməkdaşlar tərəfindən alınmış Qarabağ-4 boy stimullaşdırıcısı Tərtər rayonunda sınaqdan keçirilmiş və yaxşı nəticələr əldə edilmişdir. Cari ildə İnstitut əməkdaşları tərəfindən əldə edilən nəticələr 60-ı xaricdə ( 26-sı impakt faktorlu jurnallarda) olmaqla 111 elmi məqalədə, 162 tezisdə (60-ı xaricdə), 5 patentdə (2 Avrasiya patenti) öz əksini tapmış, tətbiq üçün 3 iş tövsiyə edilmişdir. Həmçinin cari ildə 4 kitab və 5 monoqrafiya, 2 dərslik çap edilmişdir. 2021-ci ildə institut əməkdaşlarının məqalələrinə 1100-ə yaxın istinad edilmişdir. İnstitutda Elmin İnki-şafı Fondunun 1 qrant layihəsi (30.000 manat) çərçivəsində tədqiqatlar aparılmışdır. İnstitutun bağladığı təsərrüfat müqavilələri nəticəsində 132.650 manat büdcədən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olmuşdur.

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı təmsil etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Alim bildirdi ki, cari ildə İnstitutda 3 problem üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 7 mühüm elmi nəticə əldə edilib. İnstitut əməkdaşları 2021-ci ildə “Baku Steel Company” MMC, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Saatlı rayonunun pambıqçılıqla məşğul olan fermer təsərrüfatları ilə müqavilələr əsasında tətbiq yönümlü birgə işlər aparmış və uğurlu nəticələr əldə etmişlər. Aparılmış

tədqiqatların nəticələri 161 məqalə və 149 tezis şəklində çap olunmuşdur. Cari il ərzində 99 məqalə Web of Science (Clarivate Analytics və Scopus) və 26 məqalə di-gər beynəlxalq bazalara daxil olan impakt faktorlu jurnallarda dərc olunmuşdur. Clarivate Analytics bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrdən 6-ı Q1, 3-ü Q2, 26-ı Q3, 7-i isə Q4 qrupuna daxildir. 2021-ci ildə İnstitut əməkdaşlarının məqalələrinə 1300-dən yuxarı istinadlar edilmişdir. Həmçinin cari ildə institut əməkdaşları tərəfindən 5 monoqrafiya çap edilmiş, 9 patent almış və patent almaq üçün 5 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınmışdır. Çap olunan monoqrafiyalardan biri “Generis Publişinq” nəşriyyatında (Moldova) çap edilmiş, “İntech Open” nəşriyyatında (Böyük Britaniya) çap olunan “Nano- və mikrokapsulyasiya, Metodlar və tədbiqlər” adlı 9 fəsildən ibarət kitabın 7-ci fəsli İnstitutun alimləri tərəfindən yazılmışdır. Cari ildə İnstitutda 3 Beynəlxalq qrant, həmçinin Socar və Elmin İnkişafı Fondunun 7 qrantı çərçivəsində tədqiqatlar davam etdirilmiş, 2 layihə isə Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsinin qalibi olmuşlar. Cari ildə İnstitutun bağladığı təsərrüfat müqavilələri nəticəsində 115 000,00 manat büdcədən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olmuşdur ki, onun da 11 500,00 manatı AMEA-nın İnnovasiya Fonduna köçürülmüşdür.

Sonra akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev təmsil etdiyi müəssisənin cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim etdi. Akademik bildirib ki, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2021-ci ildə 4 mühüm elmi nəticə əldə olunmuşdur. Eyni zamanda cari ildə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış xüsusi təyinatlı itiyerişli nəqliyyatın yeni nəsil gücləndirilmiş dizel mühərriki üçün М-16ИХП-3у motor yağının Ukraynanın Xarkov şəhərində yerləşən “V.O.Malışev adına Zavod”da sınaqdan keçirilmiş və təqdim olunan motor yağının xeyli üstünlüyə malik olduğu müəyyən olunmuşdur. Həmçinin İnstitutda yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də davam olunaraq yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Sanqaçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunmaq üçün ARDNŞ-ə təqdim olunur. İstehsal olunan “Depressator-AKİ” aşqarı institut tərəfindən vaxtaşırı müəllif nəzarətindən keçirilir. İl ərzində 43 elmi məqalə, o cümlədən onlardan 15-i respublikada, 28-i xaricdə (16 məqalə Web of Science və Scopus bazalarında, 12 məqalə isə digər beynəlxalq bazalara daxil olan jurnallarda) çap olunmuşdur. Cari ildə 17 patent alınmışdır. İnstitut alimlərinin məqalələrinə 250-yə yaxın istinad edilmişdir. Cari ildə İnstitutda Elmin İnki-

şafı Fondunun 4 qrantı çərçivəsində tədqiqatlar aparılmışdır. 2021-ci ildə İnstitutun bağladığı təsərrüfat müqavilələri nəticəsində 59569 manat büdcədən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olmuşdur.

Daha sonra Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov təmsil etdiyi elmi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr haqqında məlumat verdi. Alim bildirdi ki, AMEA-nın Polimer Materialları İnstitutu cari ildə aparılan elmi-tədqiqat işləri 3 mühüm elmi nəticə ilə yekunlaşıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, 65 çap olunmuş məqalədə öz əksini tapmışdır. Məqalələrdən 13-ü pespublikada, 52-si xaricdə, o cümlədən 20 məqalə Web of Science və Scopus bazalarında referatlaşan jurnallarda çap olunmuşdur. Cari ildə 2 iş tətbiq üçün tövsiyə olunmuşdur.

Aparılan müzakirələrdə akademik Adil Qəribov, akademik Abel Məhərrəmov və başqaları iştirak edərək fikir və təkliflərini səsləndiriblər.

Sonra çıxış edən akademik Dilqəm Tağıyev AMEA-nın 2020-2025-ci illər üçün qəbul edilmiş konsepsiyasında nəzərdə tutulmuş prioritet istiqamətlər üzrə tədqiqat işlərinin davam etdirilməsinin, eyni zamanda respublika iqtisadiyyatına tövhə verə bilən elmi-tədqiqat işləri ilə bağlı aparılan araşdırmaların daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Akademik qeyd edib ki, ölkəyə idxal olunan məhsulların yerli məhsullarla əvəz edilməsi sahəsində görülən işlərə diqqət artırılmalıdır.

Sonda Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası və Polimer Materialları institutlarının 2021-ci ildə apardıqları elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsini yekdilliklə dəstəkləyiblər.

JURNALLAR
Faydalı linklər