Xəbərlər
Ulu öndər daim ürəklərdə yaşayacaq
Dek 12, 2021 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 1769 dəfə

Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin fiziki yoxluğundan illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, onu daim ehtiramla xatırlayır.

Tanınmış şəxslər söhbətlərində belə bir görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta keçmiş ittifaq miqyasın­da o qədər də tanınmayıb. Halbuki respublikamız keçmiş SSRİ-də zəngin yerüstü, yeraltı sərvətləri ilə fərqlənib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilib. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın sürətli inkişaf dövrü başlanıb.

Xalqımızın xilaskar oğlu Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə gəlişi isə müstəqilliyimizin çox çətin və mürəkkəb bir dövrünə təsadüf edib. Eyni zamanda, ötən əsrin 90-cı illəri Azərbaycanın tarixində ağır faciələrin yaşandığı bir dövr kimi xatırlanır.

Həmin vaxt sovetlər birliyi süqut edəndə ittifaq respublikaları arasın­da Azərbaycan yeganə ölkə idi ki, ərazisinin 20 faizi işğal edilmişdi, 20 mindən çox şəhidimiz vardı, 1 milyon­dan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Sovet rejiminin qəddarlığı nəticəsində respublikada baş verən 20 Yanvar faciəsindən sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyar işğaldan qorundu, əhali müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də birinci sessiyası keçirilən gün Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə ola­raq üçrəngli bayrağımız parlament binasının üzərində dalğalandı. Məhz müstəqillik uğrunda mübarizə tarixi­mizin bu ən parlaq səhifəsi ilə milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən dahi şəxsiyyət fiziki varlığını təhlükə qarşısında qoyaraq, öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağa­dan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdirlər.

Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq dahi öndərə müraciət etdi. Heydər Əliyev milyonlar­la insanın təkidli istəyini qəbul edərək, 1993-cü ildə Bakıya gəldi və beləliklə, ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.

Bu illər elə mürəkkəb bir dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordu­sunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də.

İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və ətrafında həmrəylik nümayiş etdirdi. Heydər Əliyev Azərbaycan gəncliyinə üz tutdu, Vətənimizin təhlükədə oldu­ğunu vurğulayaraq, millətin, dövlətin gənclərə də güvəndiyini bildirdi. Bu çağırışdan ruhlanan yüzlərlə, minlərlə gəncimiz silaha sarılıb müharibəyə yola düşdü. Artıq hər kəs bilirdi ki, dövlətə rəhbərlik etibarlı əllərdədir və ordu müdrik sərkərdənin komandanlığı ilə idarə olunur.

Həmin illərdə hərbi məhkəmə sistemində çalışan təcrübəli hakimlərdən biri deyirdi ki, Heydər Əliyevin ordu quruculuğunda qısa zamanda həyata keçirdiyi islahatlar kütləvi cinayət hallarının, xüsusən də fərarilik kimi qatı cinayətin qarşısını aldı. Məhz dövlət başçısının təşəbbüsü ilə Milli Məclis bir neçə dəfə amnis­tiya aktı qəbul etdi və minlərlə gənc həbsxanadan azadlığa qovuşdu. Sonradan onların bir çoxu öz günah­larını qanları ilə yudu, Vətənimizin düşməndən qorunması uğrunda döyüşlərdə fədakarlıq göstərdi.

Bəli, bax, budur xalqa rəhbərlik nümunəsi, humanizm dəyərlərinə sədaqət, bağışlamaq və etibar etmək təcrübəsi.

Ulu öndərin müstəqillik dövründə həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işləri də qeyd etmək vacibdir. 1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz dahi şəxsiyyətdir. Cəbhə xəttindəki hərbi hissələrə, təlim mey­danlarına gedən Ali Baş Komandan əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə – gənc müstəqil Azərbaycanın ərazi bütövlü­yünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev məktəbinin – C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bu təhsil ocağının ildö­nümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara xitabən dahi rəhbər təsadüfi demirdi:

“Sizə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir”.

Xatırladım ki, 2016-cı ilin ap­rel döyüşlərində qazanılan tarixi qələbəmiz ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu dava­mı kimi qiymətləndirilir. Məsələn, elə götürək Cocuq Mərcanlı kəndini. İyirmi dörd ildən sonra insanların bu yurda qayıdışı məhz ümummilli liderimizin siyasi kursunun təntənəsi idi, çünki bu yaşayış məntəqəsi hələ 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş ilk uğurlu hərbi əməliyyat zamanı işğaldan azad edilmişdi. Amma qarşıda bir neçə yüksəkliyə erməni hərbi birləşmələrinin nəzarət etməsinə görə burada yaşamaq təhlükəli idi. Nəhayət, ötən il aprelin əvvəllərində bir neçə günlük döyüş nəticəsində həmin mövqelər də ordumuzun nəzarətinə keçdi. İndi burada yaşayan hər kəs Prezident İlham Əliyevin timsalında ulu öndərin layiqli davamçısını görür və onun siyasətini qətiyyətlə dəstəkləyir.

Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində dövlətimizin başçısı İlham Əliyevi nəzərdə tutaraq demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müzəffər Ordusu 30 illik işğala son qoydu. Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, darmada­ğın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı.

Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Məhyəddin HACIYEV,

AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri

JURNALLAR
Faydalı linklər