Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda vebinar keçirilib.
Noy 26, 2021 | 10:30 / Konfranslar, iclaslar
Oxunub 2666 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda vebinar keçirilib.

AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan Kimya İnstitutlarının və dünyanın müxtəlif ölkələrinin (Amerika, Kanada, Almaniya, Portuqaliya və b.) elm-təhsil ocaqlarından gənc alim, tədqiqatçı və tələbə həmvətənlərimiz iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dəstəyi ilə baş tutmuşdur.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevin moderatorluğu ilə keçirilən vebinar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb. Elmir Babayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı böyük Qələbənin birinci ildönümü münasibətilə xalqımızı və vebinar iştirakçılarını təbrik edib.

Sonra ABŞ-da yaşayan, Emori Universiteti “Emerson adına Elmi Hesablamalar Mərkəzi”nin direktoru professor Camal Musayev “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda təqdimatla çıxış edib. Alim çıxışının əvvəlində döyüş meydanında qazanılan zəfərdən elmi zəfərə gedən yolda gənc alimlərin rolu barədə məruzə edib. Daha sonra alim, şəxsi təşəbbüsü ilə yaradılmış elmi mərkəz və orada həyata keçirilən müxtəlif istiqamətli tədqiqatlar barədə məruzəsini auditoriyanın nəzərinə çatdırdı. Alim tədqiqat mərkəzinin nəzəri və kompyuter kimyası, C-H rabitəsinin fəza funksionallaşdırılması, alternativ enerji, suyun katalitik çevrilməsi, fotokataliz sahəsində alınan nəticələrini auditoriyanın nəzərinə çatdırdı.

Qeyd edək ki, professor Musayevin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri hərbi sanayedə, farmakologiyada, alternativ və yenilənəbilən enerji sahələrində geniş şəkildə tətbiq olunmaqdadır. Sonda həmyerlimiz birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşmüş, ünvanlanan sualları cavablandırmışdır.

JURNALLAR
Faydalı linklər