Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında cari il üzrə hesabatların dinlənilməsi davam edir
Noy 23, 2021 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 318 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında institutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd etdi ki, bu gün “Koordinasiya birləşmələri” və “Nano- və elektrokataliz” şöbəsinin hesabatları dinləniləcək. Qeyd olunan şöbələr üzrə 4 laboratoriyanın 2021- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcədə baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı.

Qeyd etmək lazımdır ki, cari ildə indiyə qədər və bu gün hesabat verən iki şöbənin apardıqları elmi-tədqiqat işləri nəticəsində mühüm elmi və praktiki nəticələr əldə olunmuşdur. Belə ki, “Oksidləşdirici heterogen kataliz” şöbəsində alınmış təcrübi nəticələr əsasında modifikasiya olunmuş təbii klinoptilolit seoliti üzərində metanın 1,4-butandiola oksidləşdirici çevrilməsi reaksiyasının ehtimal olunan mərhələli mexanizmi təklif olunmuş və prosesin nəzəri əsaslandırılmış kinetik modeli tərtib olunmuşdur. Prosesin kinetik modeli riyazi modelin yaradılmasında və iri miqyaslı reaktorların optimal layihələndirilməsində istifadə oluna bilər. Eyni zamanda şöbədə nəzəri əsaslandırılmış kinetik model əsasında xlorkarbohidrogenlərin katalitik oksidləşmə prosesi üçün optimal reaktor tipi seçilmişdir. Müəyyən edilmişdir ki, xloretilenlərin selektiv oksidləşməsi prosesini “qaynar” katalizator laylı reaktorlarda, dərin oksidləşmə proseslərini isə “tərpənməz” laylı reaktorlarda ideal sıxışdırma modeli tərtib etməklə həyata keçirmək məqsədə uyğundur.

“Koherent-sinxronlaşdırılmış oksidləşmə reaksiyalari” şöbəsi üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq laboratoriya şəraitində smart biomimetik material və Ag əsasında biomimetik sensor işlənib hazırlanmışdır. Bu sensorlar uzunmüddətli stabilliyi, yüksək həssaslığı, oksidləşdiriciyə qarşı davamlı, təkrar istifadəsi kimi xüsusiyyətləri iə mövcud sensorlardan üstündür və H2O2-in çox aşağı qatılığını (10-8 küt.%) su məhlulunda təyin etməyə imkan verir. Şöbə əməkdaşları tərəfindən eyni zamanda aerob oksidləşmə proseslərində yüksək selektivliyə və seçiciliyə malik dəmir saxlayan çoxlaylı karbon nanoboruları işlənib hazırlanmışdır Fe@(ÇLKNB= CVD-4 – Fe-9,8% və CVD-5

Fe= 22,8% ). Göstərilmişdir ki, bu katalizatorlar universaldır və hər bir homoloji sıradan olan karbohidrogenin oksidləşmə prosesində yüksək effektivlik nümayiş etdirir

“Nano- və elektrokataliz” şöbəsində g-C3N4 / Х (Х= KOH və ya NaOH) tərkibli üzvi mənşəli heterogen kompozit katalizatorlar sintez olunmuşdur. Bu katalizatorların iştirakı ilə asetilenin hidrogenləşməsi reaksiyası çox yumşaq şəraitdə (20-50°C), hətta çox aşağı temperaturda (-5 ÷ -20°C) baş verir. Hidrogenləşmə prosesində asetilenin konversiyası 81-91%, etilenə görə selektivlik 83-90% və etanın çıxımı 10-15% təşkil edir. Nəticədə mezopor morfologiyalı polimer karbon nitrid katalizatoru asetilenin etilenə selektiv hidrogenləşmə prosesini daha sadə və effektiv texnologiya üzrə otaq temperaturunda reallaşmasını təmin edir.

“Koordinasiya birləşmələri” şöbəsində cari ildə aparılan tədqiqat işlərinin nəticəsi olaraq sintez olunmuş Me-nitratların (Mn, Fe, Co, Bi, La) hidrotermal reduksiyası ilə müxtəlif mühitlərdə (etilenqlikol, qarışqa turşusu) və müxtəlif mol nisbətlərində kompozit materialların element və faza tərkibinin, maqnit, optik və termiki xassələri tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, 3 komponentli sistemin histoqramında müşahidə olunan ultradispers zərrəciklərin orta ölçüsü ikili sistemlə müqayisədə təqribən iki dəfə böyükdür. Sintez olunmuş kompozit materialların istifadə olunma sahələri müəyyən edilmişdir. Eyni zamanda şöbədə üzvi həlledici mühitində istifadə oluna bilən yeni elektrodun işlənib hazırlanması məqsədilə heksa-, okta- və dekametilferrosen, həmçinin onların müvafiq kationlarından ibarət MenFс/MenFс+ (n = 6,8,10) redoks sistemlərinin elektrokimyəvi dönərliyi tsiklik voltampermetriya üsulu ilə sübut edilmişdir. Yarımdalğa potensialına müxtəlif həlledicilərin təbiətinin təsiri araşdırılaraq müəyyən edilmişdir ki, MenFc/MenFc+ (n=6,8,10) redoks-sistemləri müqayisə elektrodlarına qoyulan 7 tələbata tam cavab verir, məhlulda daha davamlıdır və hazırda qismən tətbiq edilən Fс/Fс+ elektrodu əvəzinə tətbiq edilməsi təklif olunur.

Sonra akademik Dilqəm Tağıyev bildirdi ki, növbəti ildə görüləcək işlər ayın sonuna qədər müəyyənləşdirilməli və Rəyasət Heyətinə təqdim olunmalıdır. Alim şöbə və laboratoriya rəhbərlərinə müraciət edərək qeyd etdi ki, növbəti ildə prioritet istiqamətlər üzrə innovativ işlərə üstünlük verilməli, eyni zamanda fundamental işlər davam etdirilməlidir. Sonda qeyd olunan şöbələrin hesabatlarının qəbul olunması haqqında qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər