Xəbərlər
ŞƏHİDLƏR UNUDULMUR !
Sen 27, 2021 | 15:00 / Mühüm hadisələr
Oxunub 1717 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Bəhmənli Manaf Bəhmən oğlu 2 yanvar 1998-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Doğulandan az sonra ailəsi ilə birlikdə Moskva şəhərinə köçmüşdur. Manafın uşaqlığı orada keçmişdir. Sonra yenidən Yevlax şəhərinə qayıdaraq Manaf M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin 2-ci sinfinin rus bölməsinə qəbul olunmuşdur. 6-cı sinifdə oxuyarkən o, Özəl Turk Litseyinə imtahan verərək qəbul olunmuş, lakin maddi imkanı olmadığına görə oxuya bilməmişdir. 8-ci sinifdə oxuyanda Cəmşid Naxçıvanski adına hərbi litseyə girmək istəsə də, atasi Bəhmənin ölümü onu bu fikirdən daşındırmışdır. O, maddi çətinlik səbəbindən 9-cu sinifdən yay tətillərində işləyib ailəsinə kömək etməli olmuşdur. 2015-ci ildə məktəbi müvəffəqiyyətlə bitirərək BDU-nun Mexanika-Riyaziyyat fakultəsinin Riyaziyyat ixtisasina qəbul olunmuşdur. Həmçinin, 2016-cı ilin mart ayından Kataliz və Qeyri Üzvi Kimiya İnstitutunda işə başlamışdır. Manaf Universitetdə oxuduğu müddətdə tərbiyəsi, gülərüzlülüyü, yardımsevərliyi ilə tələbə yoldaşlarından seçilirdi.

Yeni Azərbaycan Partiyasının üzvü olan Manaf dövlətçiliyə, vətənə bağlı idi. 2017-ci ildə İslam oyunlarında könullü olaraq iştrak etmişdir.

Universiteti bitirdikdən sonra 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Xidməti əvvəlcə Gəncədə, sonra isə Daşkəsəndə davam etdirən Manaf Bəhmənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə döyüşçü kimi qoşulmuşdur. Murov dağ istiqamətində gedən döyüşlərdə fəal iştirak etmiş, sentyabrın 28-də şəhidlik zirvəsinə yüksəlmişdir. 

Ölümündən sonra Vətən uğrunda və Hərbi Xidmətə görə medalları ilə təltif olunmuşdur.

Manafın xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Ruhun şad olsun Şəhidim.  

YAP Yasamal Təşkilatının akad. M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun ərazi təşkilatının sədri Məhyəddin Hacıyev

JURNALLAR
Faydalı linklər