Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib.
Sen 27, 2021 | 12:11 / Konfranslar, iclaslar
Oxunub 2935 dəfə

Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Ölkə başçısı  İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bu sözləri AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev Anım Günü ilə bağlı keçirilən tədbirdə səsləndirdi. Akademik bildirdi ki, Azərbaycan xalqı bu gün şərəf dolu bir tarixin Anım Gününü qeyd edir. Əsrlər boyu xalqımızın taleyində çoxsaylı faciələr yaşanıb, zəngin qəhrəmanlıq səhifələri bir-birini əvəzləyib. 2020-ci ilin  27 sentyabrı isə müasir Azərbaycanın tarixində qürurla anılacaq bir gündür. Həmin gün Azərbaycanın igid övladları qanları, canları bahasına 30 illik işğalda olan Qarabağı azad etdi və xalqımızın tapdanan qürurunu geri qaytardı. Erməni vandallarının xalqımıza qarşı iki əsrdən çox  həyata keçirdikləri  işğalçılıq əməllərinə 44 gün ərzində son qoyuldu.

2020-ci il sentyabrın 27-də Ermənistan dövlətimizə qarşı  növbəti hərbi təcavüzünə başladı və buna cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. İşğalçı Ermənistan bu dəfə məqsədinə çata bilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq ermənilərin arzusunu ürəyində qoydu. Rəhbər, ordu və xalq birliyi Vətən müharibəsində qələbəni təmin edən ən başlıca amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi düşmənə sarsıdıcı zərbələr endirdi.

Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilməsi qələbənin müəlliflərinə olan dərin hörmət və ehtiramın nümunəsidir. Şəhidlərin hər birinin qarşısında baş əyirik, onlar sayəsində Qarabağ azad olundu və Vətənimiz bütövləşdi.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, professor Arif Əfəndi, aparıcı elmi işçilər Faiq Məmmədov, Məhiyəddin Hacıyev və başqaları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun  44 günlük müharibədə göstərdiyi şücaətdən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışdılar.

JURNALLAR
Faydalı linklər