Xəbərlər
İkinci Azərbaycan Elm Festivalının Şəki mərhələsi çərçivəsində elmi-populyar məruzələr dinlənilib
Noy 04, 2016 | 12:00 / Mühüm hadisələr
Oxunub 3475 dəfə

AMEA-nın təşəbbüsü ilə keçirilən və respublikamızın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan İkinci Azərbaycan Elm Festivalı noyabrın 4-də işini festivallar şəhəri kimi tanınan qədim Şəkidə davam etdirib.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında təşkil olunan tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizdə ikinci dəfə keçirilən Elm Festivalının respublikamız üçün böyük əhəmiyyət daşıdığını söyləyib, festivalın işinə uğurlar arzulayıb. 

Şəkinin Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını, tarixən bu şəhərin elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan E.Usubov Elm Festivalının növbəti mərhələsinin Şəkidə keçirilməsinin şəhərin elmi-ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib. Qeyd edilib ki, bu gün Şəkidə fəaliyyət göstərən AMEA-nın Şəki Regional Elmi Mərkəzi Şəki-Zaqatala iqtisadi zonasının elmi əsaslarla araşdırılmasında mühüm rol oynayır.

Şəkinin, həm də festivallar şəhəri kimi tanındığını vurğulayan şəhər icra hakimiyyətinin başçısı, hər il bu şəhərdə keçirilən müxtəlif festivalların xalqımıza xas zəngin tarixi-mədəni irsin təbliğində mühüm rol oynadığını diqqətə çatdırıb. 

AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, Elm Festivalı Prezident İlham Əliyevin “Azərbaycanı regionda aparıcı elm mərkəzinə çevirməliyik” çağırışına cavab olaraq cəmiyyətdə elmə marağın artırılması, elmin populyarlaşdırılması, yeni texnologiyaların nümayişi, elmin sənaye sektorları ilə təmasının gücləndirilməsi məqsədilə keçirilir. 

F.Qədirov qeyd edib ki, Elm Festivalının ilk dəfə regionlarda, o cümlədən Şəki şəhərində keçirilməsi də olduqca əlamətdardır. Çünki böyük keçmişi olan qədim Şəki şəhərinin Azərbaycan mədəniyyəti və elminin formalaşmasında xüsusi yeri var. Bu şəhər demək olar ki, tarixi inkişafının hər bir məqamında nəinki Azərbaycanın, həm də dünyanın mədəni və elmi sivilizasiyasına böyük töhfələr verib.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov İkinci Azərbaycan Elm Festivalının keçirildiyi məkanlardan biri olaraq məhz Azərbaycanın dövlətçilik tarixində mühüm rolu olan qədim Şəkinin seçilməsinə görə AMEA-nın rəhbərliyinə Şəki ictimaiyyəti, elm adamları adından minnətdarlığını bildirib.

AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzə fəlsəfə doktoru Yusif Şükürlü Elm Festivalının Şəkidə keçirilməsini bu diyarın elm və mədəniyyətinə olan yüksək ehtiram kimi qiymətləndirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Rafiq Rasulov qeyd edib ki, Azərbaycanda Elm Festivalının keçirilməsi elm adamlarına və elmin inkişafına dövlətin göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Festivalın respublikamızın bir sıra iri şəhərləri ilə yanaşı, ölkənin tarix və mədəniyyət mərkəzlərindən olan Şəkidə keçirilməsi şəkililər üçün fərəh və qürur doğuran hadisədir.

Sonra Azərbaycan elminin qazandığı uğurlardan bəhs edən sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində Şəkinin musiqi kollektivləri və ABŞ-ın “Acidic Band” musiqi qrupu festival iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında elmi-populyar mühazirələr dinlənilib.

Tədbir çərçivəsində, həmçinin muzeylərə, elmi laboratoriyalara, emalatxanalara ekskursiyalar da təşkil olunub.

JURNALLAR
Faydalı linklər