Xəbərlər
GÖRKƏMLİ ALİM HEYDƏR ƏFƏNDİYEV XƏLİL OĞLU
Avg 28, 2021 | 09:00 /
Oxunub 1596 dəfə

Azərbaycan geokimya elminin banilərindən biri, Elmlər Akademiyasının müxbir üzvü, görkəmli pedaqoq və ictimai xadim Heydər Əfəndiyev 1907-ci ildə Şəki şəhərində anadan olmuşdur. Heydər Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət–riyaziyyat fakültəsinə daxil olub, oranı bitirdikdən sonra Şəkidə fəhlə fakültəsinin tədris hissə müdiri vəzifəsində çalışmaqla yanaşı həm də kimya fənnindən dərs demişdir. 1933-cü ildə Bakıya qayıdaraq SSRİ EA Azərbaycan filialının Geologiya bölməsindəki geokimya laboratoriyasında baş laborant kimi elmi fəaliyyətə başlayıb böyük elmi işçi səviyyəsinə kimi yüksəlmiş və bütün şüurlu ömrünü elmin bu sahəsinə həsr etmişdir. 1941-ci ildə yerli mineral xammalların tədqiqinin və onların hərbi müdafiə məqsədi üçün istifadə olunmasının vacibliyini nəzərə alaraq Heydər Əfəndiyev Kimya İnstitutunda qeyri-üzvi kimya laboratoriyasına rəhbər təyin olunur. 1949-cu ildə isə Geokimya və radiokimya laboratoriyasına rəhbərlik etməklə yanaşı həmin institutun direktoru vəzifəsinə irəli çəkilir. Onun rəhbərliyi dövründə institutun elmi-tədqiqat dairəsi daha da genişlənir, kristallokimya, nadir elementlər kimyası, analitik kimya və s. istiqamətlərdə bu gün də fəaliyyət göstərən laboratoriyalar təşkil edilir. Heydər Əfəndiyevin çoxşaxəli elmi yaradıcılığında ona böyük şöhrət qazandıran geokimyəvi tədqiqatlar olmuşdur. Bu elm sahəsi sonradan daha da inkişaf etdirilərək mineral suların geokimyası, endogen əmələgəlmələrin geokimyası, neft yataqları lay sularının radioaktivliyi və geokimyası, mineral maddələrin texnologiyası və s. kimi müxtəlif istiqamətlər almışdır. O, elmi fəaliyyətinin ilk günlərindən Azərbaycanın müxtəlif regionlarının mineral sularının radiokimyəvi tədqiqi ilə çox ciddi məşğul olmuşdur. Nəticədə uzunmüddətli gərgin əməyin bəhrəsi olan böyük praktiki əhəmiyyətli Azərbaycan mineral sularının radioaktivliyi (1953) monoqrafiyasını dərc etdirmişdir. Heydər Əfəndiyevin elmi yaradıcılığının əsas istiqamətini maqmatik süxurlarda kimyəvi elementlərin paylanma qanunauyğunluqlarının və filiz yataqlarında nadir elementlərin geokimyasının tədqiqi təşkil edir. 1940-cı ildə bu mövzuda dissertasiya işini mudafiə edərək, geokimya ixtisası üzrə Azərbaycanda ilk elmlər namizədi olmuşdur. Həmin iş kobalt və mis elementləri haqqında məlumatlar da əlavə olunmaqla ayrıca kitab kimi dərc edilmişdir (1945). Heydər Əfəndiyevin elmi yaradıcılığında müxtəlif tip formasiyalara məxsus filiz yataqlarında baş, nadir və səpələnmiş elementlərin paylanma qanunauyğunluqlarının araşdırılması mühüm yer tutur. Bu elmi işlər əsasında o, doktorluq dissertasiyası müdafiə etmiş və Kiçik Qafqazın şimal-şərq hissəsinin hidrotermal filiz kompleksi (1957) kimi bu gün də aktual olan çox qiymətli monoqrafiyasını hazırlamışdır. Sonralar bu istiqamətdə tədqiqatlarını davam etdirəcək kolçedan, polimetal, mismolibden, dəmirfilizi və Kiçik Qafqazın digər tip yataqlarında nadir elementlərin geokimyasına dair zəngin material əldə edərək, onları Nadir elementlərin geokimyası (1966) məqalələr məcmuəsində cəmləmişdir. Neft-lay sularının geokimyası da Heydər Əfəndiyevin elmi marağının ayrılmaz hissəsi HEYDƏR ƏFƏNDİYEV – 110 AЗЕРБАЙДЖАНСКИЙ ХИМИЧЕСКИЙ ЖУРНАЛ № 1 2017 90 olmuşdur. Neft-lay suları-çökmə süxurlar sistemində radioaktiv elementlərin geokimyasına dair apardığı elmi-tədqiqatlar əsaslı yenilik hesab edilir. Geokimyəvi tədqiqatların istehsalatda tətbiqi Heydər Əfəndiyevin ümdə arzularından biri olmuşdur. Kiçik Qafqazın şimal-şərq hissəsi üçün geokimyəvi dəlillər əsasında hazırladığı proqnoz xəritəsini Azərbaycan Respublikası üçün ilkin hesab etmək olar. Burada əsasən regionun məlum filiz yataqlarında baş elementlərin və səciyyəvi nadir elementlərin konsentrasiyaları əks etdirilmişdir. Heydər Əfəndiyev elmi əsərlərində nəzəri problemlərlə yanaşı, bir sıra praktiki təkliflər də irəli sürmüşdür. Ayrı-ayrı filiz yataqları üçün nadir elementlilik potensialı müəyyən edilərək filizlərin işlənilməsi prosesində baş metalları müşayiət edən konkret nadir elementlərin çıxarılması tövsiyə edilmişdir. Heydər Əfəndiyevin Azərbaycan Elmlər Akademiyasının 10 illiyinə həsr edilmiş elmi sessiyada Mineral xammal ehtiyatları, onların öyrənilməsi və xalq təsərrüfatında istifadəsinə dair vəzifələr haqqinda mövzusunda geniş məruzəsi mühüm elmi və praktiki əhəmiyyət daşıyırdı. Geokimyaçı alimin irəli sürdüyü bir sıra müddəalar bu gündə öz aktuallığını saxlamışdır. O, eyni zamanda geniş yayılmış mineral sulardan müalicə məqsədi ilə istifadə olunması üçün xeyli tədqiqat işi aparmışdır. Bir kimyaçı-texnoloq kimi Heydər Əfəndiyev elmi fəaliyyətinin mühüm hissəsi respublikamızın zəngin mineral sərvətlərinin (serpentinitlər, sulfidlər, gillər, dolomit, duz və s.) kimyəvi tərkibinin öyrənilməsinə və sənayedə istifadə üçün onlardan bir sıra qiymətli maddələrin kompleks çıxarılmasına həsr olunmuşdur. Bu tədqiqatlarla bağlı Serpentinitlərdən istifadə yolları məqalələr məcmuəsi hazırlanmışdır. Heydər Əfəndiyev filiz yataqlarının mineralogiyası və geokimyası sahəsində yüksək ixtisaslı kadrların yetişməsində böyük işlər görmüşdür. Sənye İnstitutunda və Azərbaican Dövlət Universitetində geokimya və mineralogiyanın fiziki-kimyəvi əsasları fənlərindən sadə və anlaşıqlı dildə oxuduğu mühazirələr tələbələrin yaddaşında uzun illər saxlanırdı. O, yalnız mühazirə oxumaqla kifayətlənməyərək bir sıra tədris-metodik əsərlər də yazmışdır ki, onlardan indi də ali məktəb müəllimləri məmnuniyyətlə istifadə edirlər. Bununla yanaşı Heydər Əfəndiyev o zaman üçün çox vacib olan tələbə elmi cəmiyyətlərinin yaranmasında və istedadlı gəncləri buraya toplayıb elmin əlifbasını onlara öyrətməkdə böyük işlər görmüşdür. Ana dilimizdə dərsliklərin kifayət qədər olmamasını nəzərə alaraq o, geologiya və kimya terminləri lüğətlərinin tərtib olunmasında fəal iştirak etmişdir. Onun rəhbərliyi altında geologiya və kimya sahəsində yetişən onlarla elmlər doktoru və namizədi hazırda müxtəlif elm və təhsil ocaqlarında fəaliyyət göstərməkdədir. Böyük ürəyə, ağıla malik, sadə və həssas, tələbkar elmi rəhbər, gözəl natiq və inzibati işçi, alim-təşkilatçı olan Heydər Əfəndiyev onu tanıyanların yaddaşında həmişə belə qalacaqdır.

JURNALLAR
Faydalı linklər