Xəbərlər
2020/2021-ci tədris ilində məzun olan AMEA-nın magistrantları yüksək nəticə göstəriblər
İyl 28, 2021 | 18:53 / Təhsil
Oxunub 1600 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) fəaliyyətə başladığı ilk dövrlərdən etibarən fundamental elmi tədqiqatların aparıldığı əsas mərkəz olmuş, yüksəkixtisaslı elmi kadrların, o cümlədən gənc alimlərin hazırlanmasında və nüfuzlu elmi məktəblərin formalaşmasında mühüm rol oynamışdır. 

Son illər AMEA-da elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə ciddi islahatlar aparılır. Təhsil sistemini müasir səviyyədə inkişaf etdirmək Akademiyada aparılan islahatların başlıca hədəflərindəndir.

2015-ci ildə ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsinin yaradılması elm və təhsilin inteqrasiyası istiqamətində atılan mütərəqqi addımlardan biri olmaqla yanaşı, elmə marağı olan gənclər tərəfindən də böyük rəğbətlə qarşılandı. Məhz bunun nəticəsidir ki, hər il AMEA-nın magistraturasına sənəd verənlərin sayı artmaqdadır.

Bu gün Akademiyada təhsil alan magistrantlar üçün informasiya mühiti formalaşıb və dərslər müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya və dərs otaqlarında keçirilir. Tədris olunan fənlər AMEA-nın həqiqi və müxbir üzvləri, eləcə də digər nüfuzlu professor-müəllim heyəti tərəfindən aparılır. Bəzi fənlərin tədrisi üçün Akademiyaya xaricdən təcrübəli, peşəkar müəllimlər də dəvət olunurlar.

Magistrantlar AMEA-da həm təhsil alır, həm də laboratoriyalarda işləyərək təcrübə qazanırlar. Bundan əlavə, onlar AMEA-nın Mərkəzi Elmi Kitabxanasında istənilən yerli və xarici ədəbiyyatlardan istifadə edə bilirlər. AMEA rəhbərliyi magistrantlara öz təhsillərini xaricdə davam etdirmələri, müxtəlif beynəlxalq proqramlarda, qrant layihələrində iştirak etmələri üçün də şərait yaradır.

Akademiyanın magistraturasını uğurla bitirən məzunlar dünyanın bir çox nüfuzlu elmi və ali təhsil müəssisələrində doktorantura təhsillərini davam etdirərək ölkəmizi layiqincə təmsil edirlər.

Hər il Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistraturaya qəbul imtahanlarında ölkənin yüksək intellektli, savadlı, bilikli gəncləri yeni, müasir ixtisaslar üzrə – antropologiya, molekulyar biologiya, informasiya mühafizəsi və təhlükəsizliyi və s. kimi prioritet istiqamətlər üzrə yüksək ballarla AMEA-nın magistraturasına qəbul olunurlar.

Akademiyanın dünya elminin tələblərinə cavab verən, multidissiplinar tədqiqatlarla məşğul olan magistrantları 2020/2021-ci tədris ilində də uğurlu nəticələr əldə ediblər. Belə ki, cari ildə ümumilikdə 119 nəfər AMEA-nın magistraturasından məzun olub. Məzunlardan 74-ü magistraturanı fərqlənmə diplomu ilə bitirib.

2020/2021-ci tədris ilində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun magistrantları Tünzalə İsmayılova və Xəyal Əsgərli, həmçinin akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı Emin Əliyev magistraturanı ən yüksək göstərici ilə – 99 balla bitirmişlər.

AMEA-nın magistratura pilləsini uğurla başa vuran gənc tədqiqatçıları ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

JURNALLAR
Faydalı linklər