Xəbərlər
AMEA-da “Müstəqillik yollarında: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib
May 06, 2021 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 52 dəfə

Mayın 6-da AMEA-nın Rəyasət Heyətində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Müstəqillik yollarında: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 35 il Azərbaycana uğurla rəhbərlik etdiyini, bu illər ərzində ölkəmizin iqtisadi-siyasi, elmi-mədəni, təhsil və digər sahələrdə qazandığı bütün uğurların dahi liderin adı ilə bağlı olduğunu söyləyib.

Heydər Əliyevin beynəlxalq miqyasda görkəmli şəxsiyyət və siyasi xadim kimi qəbul olunduğunu, onun gördüyü işlərin dövlət başçıları, dünya alimləri və politoloqlar tərəfindən yüksək qiymətləndirildiyini deyən akademik Ramiz Mehdiyev ulu öndərin hər zaman vətəninə bağlı olduğunu, Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən belə mütəmadi Azərbaycanla maraqlandığını, məzuniyyətini burada keçirdiyini vurğulayıb.

Akademik Ramiz Mehdiyev Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün Azərbaycan torpaqlarının düşmən işğalından azad olunduğu tarixi şəraitdə qeyd edildiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış qələbə ilə dahi liderin Qarabağla bağlı vəsiyyətinin yerinə yetirildiyini söyləyib.

Akademik Ramiz Mehdiyev diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə hərtərəfli inkişafa nail olunub, respublikamız inkişaf etmiş dövlətlərdən birinə çevrilib. AMEA-nın, bütövlükdə Azərbaycan elminin də inkişaf etməkdə olduğunu deyən Akademiya rəhbəri bu sahədə əldə olunmuş uğurlu nəticələrin Prezident İlham Əliyevin apardığı islahatların nəticəsi olduğunu söyləyib.

Akademiya rəhbəri sonda YAP AMEA ərazi təşkilatının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün qeyd edilməsinin vacibliyini bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Heydər Əliyevin dövlətçilik ideyaları və müasir dövr” mövzusunda məruzəsi dinlənilib. Akademik bütün sabit, ardıcıl, dinamik inkişaf etmiş ölkələrdəki inkişafın təməlində siyasi varisliyin və vahid siyasətin dayandığını, bu amillərin keçid dövrünü yaşayan dövlətlər üçün vacib faktor olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın bugünkü inkişafının təməlində məhz ölkəmizdə siyasi varisliyin təmin olunması və vahid siyasətin həyata keçirilməsi dayanır.

Ümummilli lider Heydər Əliyevin Sovet Azərbaycanını böhran vəziyyətindən çıxartdığını və onu SSRİ-nin ən güclü respublikalarından birinə çevirdiyini deyən akademik İsa Həbibbəyli dahi liderin millətlərarası münasibətlərin tənzimlənməsi üzrə mahir dövlət və siyasi xadim olduğunu söyləyib. Diqqətə çatdırıb ki, ulu öndərin millətlərarası münasibətlər üzrə ideyalarını Prezident İlham Əliyev multikulturalizm və mədəniyyətlərarası dialoq harmoniyası şəklində inkişaf etdirərək beynəlxalq müstəviyə çıxardıb: “Heydər Əliyev daim ana dilinə də qayğı ilə yanaşıb, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş tədbirdə cəsarətlə Azərbaycan dilində nitq söyləyib. Həmçinin həmin illərdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin qayğısına qalıb, Nizami Gəncəvinin, Nəsiminin yubileylərinin keçirilməsinə nail olub. Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan neftini dünya bazarlarına çıxarıb, Prezident İlham Əliyev isə Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP layihələrini həyata keçirməklə Azərbaycanı Avropanın enerji təhlükəsizliyində aparıcı dövlətlərdən birinə çevirib. Dahi lider Azərbaycanı daxili parçalanmadan xilas edib, Prezident İlham Əliyev isə Vətən müharibəsindəki parlaq qələbə ilə ölkəmizin ərazi bütövlüyünü bərpa edib, xalqımızı yumruq kimi birləşdirib, düşmənlərimizə isə dəmir yumruğun gücünü göstərib”.

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru dosent Famin Salmanov bildirib ki, bir çox sahələrdə olduğu kimi, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını məhz ümummilli lider qoyub. Qeyd edib ki, 1995-ci ildən etibarən Azərbaycan gənclərinin respublika forumunun keçirilməsi artıq ənənə halını alıb, o cümlədən ulu öndərin müvafiq Sərəncamı ilə ölkəmizdə Gənclər Günü təsis olunub. Famin Salmanov Heydər Əliyevin gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu istiqamətdə bir çox Fərman və sərəncamların imzalandığını, Dövlət proqramlarının qəbul edildiyini söyləyib. Onun sözlərinə görə, bu gün AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası da ölkəmizdə gənclərin elmi-ictimai fəaliyyətinin artırılması, onların milli ruhda tərbiyələndirilməsi, Azərbaycanın mədəni irsi və tarixinin mənimsənilməsi, təbliği istiqamətində ardıcıl işlər həyata keçirir.

YAP AMEA ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova “Azərbaycanı müstəqilliyə qovuşduran Ümummilli lider” adlı məruzəsində qeyd edib ki, həlledici məqamlarda düzgün yol seçmək bacarığı, öndərlərə xas olan xalqını arxasınca aparmaq qabiliyyəti, fərqli tarixi şəraitlərdə qətiyyəti, rəhbərliyinin hər iki mərhələsində dövlətimizin maraqlarını inadla qoruması Heydər Əliyev şəxsiyyətini başlıca fərqləndirən xüsusiyyətlərdir: “Onun 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişini tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Əgər Heydər Əliyevin rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində yurdumuzun sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən zəruri işlər olmasaydı, bu gün Azərbaycanın suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik. Ümummilli lider Heydər Əliyevin xalqın istəyi və iradəsi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlişi isə doğma Azərbaycanı, xalqımızı məhv olmaq təhlükəsindən xilas etdi”.

Ulu öndərin ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdiyini deyən Ulduzə Qurbanova ümummilli liderin Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdiyini, düşünülmüş xarici siyasət kursu ilə investisiya imkanları yaratdığını söyləyib. Vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesini Prezident İlham Əliyevin yüksək dinamizm və əzmkarlıqla davam etdirməsi xalqımızın sabaha inamının qaynağıdır.

Ədəbiyyat İnstitutunun şöbə müdiri, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova isə “Ulu öndər yolunun möhtəşəm davamı və sabahı” adlı məruzəsində dahi rəhbərin daim elmimizə, ədəbiyyatımıza qayğı ilə yanaşdığını, hələ SSRİ illərində görkəmli ədiblərimizin yubileylərinin qeyd edilməsinə, onların adlarının əbədiləşdirilməsinə nail olduğunu deyib. Bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə Nizaminin, Nəsiminin yubileyləri qeyd olunub, eləcə də Hüseyn Cavidin nəşi ölkəmizə gətirilərək ona məqbərə ucaldılıb. O, həmçinin Heydər Əliyevin müvafiq Fərmanı ilə “Kitabi - Dədə Qorqud” dastanının 1300 illiyinin təntənəli qeyd edilməsini, dastanın Azərbaycançılıq mövqeyindən yenidən tədqiq olunmasını dahi liderin xalqımızın keçmişinə göstərdiyi ehtiram kimi qiymətləndirib. Bundan əlavə, Prezident İlham Əliyevin “Kitabi - Dədə Qorqud” dastanını xalqımızın milli sərvəti adlandırdığını, Bakıda Dədə Qorqud Parkının açıldığını söyləyib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova “Ulu öndər Heydər Əliyev dühası və Azərbaycan mədəniyyətinin inkişafı” adlı məruzəsində ümummilli liderin xalqımızın milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşdığını söyləyib. Vurğulayıb ki, hələ SSRİ dövründə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının, Bülbülün, Fikrət Əmirovun və digərlərinin ittifaq miqyasında yubileyləri keçirilib. Prezident İlham Əliyevin də ölkəmizdə mədəniyyətin inkişafına daim qayğı ilə yanaşdığını deyən alim Azərbaycanın elm məbədi sayılan AMEA-nın tərkibindəki müxtəlif muzeylərin bərpa, təmir və müasir avadanlıqla təchiz edilməsinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

“Bu gün Qafqazda sülhün və sabitliyin təmin olunması üçün irəli sürülən region və subregion ölkələrinin iştirakı ilə əməkdaşlıq platformasının ideya əsasları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib”, - bu sözlər isə AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin “Ümummilli lider Heydər Əliyev – Qafqazda davamlı sülh və əməkdaşlığın inkişaf ideyalarının müəllifi” adlı məruzəsində yer alıb. O qeyd edib ki, ulu öndərin Dağlıq Qarabağ münaqişəsi ilə paralel olaraq Qafqazda mövcud olan digər konfliktləri də gündəmə gətirməsi bu böyük dövlət adamının təkcə ölkəmizin deyil, ümumilikdə regionun taleyini düşündüyünü göstərirdi: “Heydər Əliyevə yaxşı məlum idi ki, Azərbaycanın təhlükəsizliyi Qafqazın regional təhlükəsizliyinin tərkib hissəsidir və yalnız regional sabitlik tam milli sabitliyə və təhlükəsizliyə imkan verə bilər. Əminliklə demək olar ki, ulu öndər tərəfindən Qafqaza davamlı sülhün gəlməsi və regionda dövlətlərarası əməkdaşlığın inkişafı üçün müəyyənləşdirilən ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmaqdadır”.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Nərgiz Bayramova “Heydər Əliyev – elm və təhsilin himayədarı” adlı məruzəsində bildirib ki, 1970-1980-ci illərdə minlərlə istedadlı gəncin ali təhsil almaq, kamil mütəxəssis və tədqiqatçı kimi yetişmək üçün keçmiş ittifaqın ən nüfuzlu təhsil və elm mərkəzlərinə göndərilməsi ulu öndərin Azərbaycan xalqı və tarixi qarşısında ən böyük xidmətlərindəndir. Ümummilli liderin AMEA-ya da daima diqqət və qayğı ilə yanaşdığını deyən N.Bayramova diqqətə çatdırıb ki, dahi liderin göstərişləri və təşkilatçılığı ilə Akademiyanın kadr potensialı xeyli gücləndirilib, maddi-texniki bazası möhkəmləndirilib: “Hələ 1970-ci illərdə bilavasitə dahi insanın himayəsi altında ölkəmizdə elmin ən perspektivli sahələri dəstəklənməyə və inkişaf etməyə başlamışdı. Heydər Əliyevin təşəbbüsü ilə neft-kimya, astronomiya, kosmik tədqiqatlar sahələrində ən qabaqcıl texnologiyalar tətbiq olunub. Biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya, bioinformatika və sairə bu kimi müasir elm sahələrinin Azərbaycanda təşəkkülü və inkişafı da məhz ulu öndərin diqqət və qayğısı sayəsində mümkün olub”.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Müstəqillik yollarında: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda keçirilmiş elmi konfransın materiallarının “Elm” qəzetinin əlavəsi kimi xüsusi buraxılış şəklində çap olunması ilə əlaqədar olaraq aid qurumlara müvafiq tapşırıqlar verib.

JURNALLAR
Faydalı linklər